Baş redaktor: “Oxucu sayımızın çoxluğunu hər gün kimlərinsə başına qaxmağa qarşıyam”

Modern.az saytının elektron media rəhbərlərindən müsahibələri davam edir. Bu dəfə suallarımızı “Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı cavablandırıb.

– “Musavat.com” saytının yaranmasından başlayaq. Qəzetin tirajının onsuz da yüksək olduğu bir zamanda eyniadlı saytın yaradılmasında məqsəd nə oldu, ideya necə yarandı?

– “Musavat.com” saytı lap çoxdan yaranıb. Təxminən 10 il öncədən. Sadəcə 4 il əvvələ qədər sayt onlayn fəaliyyət göstərmirdi. Gündə bir dəfə “Yeni Müsavat”da gedən yazıların hesabına yenilənirdi. Dörd il əvvəl isə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetin saytının fəaliyyətini onlayn rejimdə qurmaq istədi və mənim ona rəhbərlik etməyimi məsləhət bildi. Beləcə işə başladıq. Məqsəd o idi ki, dəyişən zamanın tələblərinə uyğun olaraq, oxucuya xəbərləri bir gün sonradan yox, anındaca çatdıraq.

– Bu zaman zərfini siz izləmisiniz? Yəni 10 il əvvəldən olanları?

– Demək olar ki, bəli. Sadəcə, 4 il öncəyə qədər hamı kimi mən də “Yeni Müsavat”ı kağız variantında oxuyurdum. Son illər oxucularımızın xeyli hissəsi kimi elektron variantı izləyirəm. Başqa qəzetləri də həmçinin.

– Qəzet jurnalistikasından birbaşa internet məkanına gəldiniz, yəni təcrübəni bilməyərək bu sahəyə atıldınız. Bu sizə çətin olmadı?

– Bu, cəmi bir gün çətin oldu. Texniki tərəfləri öyrəndim, iş bitdi. Yaradıcı adam üçün qələmlə və ya klaviatura ilə işləməyin o qədər də fərqi yoxdur. Müasir texnikanın, texnologiya və proqramların dilini öyrənmək elə də çətin deyil.

– Qəzetdə işləyərkən iş vaxtı axşamacan sürür, bəs sizdə? Yəni onlyan rejimə keçəndən sonra dəyişiklik oldu?

– Mən əvvəllər qəzetdə bir-iki saat işləyir, üç-dörd saat söhbət edir, həftədə bir dəfə redaktor olurdum. Onlayn rejimə keçəndən sonra saat 10-da gəlir, ən tez saat 19-da, gec 21-də gedirəm. Evdə də işləyirəm. İndi rejimə salmışıq, köməkçilərim də var və sayt səhər saat 8-dən başlayaraq gecə saat 2-yə qədər yenilənir. Yəni sutkanın 18 saatı ərzində oxuculara yeni xəbərlər çatdırırıq. İş günü başlayanda “Musavat.com” oxucuları saytda “Yeni Müsavat”n bir səbət dolusu xəbər, reportaj, müsahibə, köşələrini də oxumaq imkanı qazanırlar.

– Bu gün internet məkanında yaradılan xəbər portalların sayı durmadan artır, çoxunda verilən informasiyalar isə “copy-paste”dan başqa şey deyil. Ümumiyyətlə, bu cür tendensiya barədə nə deyə bilərsiniz?

– Bu, gerçəkdən də elədir, müşahidəniz dəqiqdir. Hər gün mən də xeyli yeni sayt adlarına rast gəlirəm. Artıq yeni kağız qəzet çıxaran yoxdur. Hamı elektron mediaya üz tutub. Dediyiniz “copy-paste” fəndi burada daha keçərlidir, effektlidir. Ancaq qəzetçilik fəaliyyətini təkcə bunun üzərində qurmaq və uğur qazanmaq olmaz. Mütləq eksklüziv xəbərlər, müsahibələr, reportajlar da olmalıdır. Ən əsası saytın da özünə görə kollektivi olmalıdır. Yoxsa bir adam işlətdiyi sayta “götür-qoy” edərək gün ərzində xeyli material yerləşdirə bilər. Amma uzağa gedə, populyarlaşa bilməz. Başqalarında olmayan xəbər səndə olmalıdır, bəzən isə ilk mənbə məhz sən olmalısan ki, oxucu sənin fərqini görsün, qiymətləndirsin.

– Hətta bu gün o qədər sayt yaranıb ki, onlar tez bir zamanda ətraflarına oxucu yığmaq üçün etik qaydaları pozur, açıq-saçıq materiallar yayır. Bu barədə nə deyə bilərsiniz?

– Tam damara düşdünüz. Bu, ağrılı məsələdir. Gerçəkdən də son aylarda qəribə bir təmayül var. “Zorladı” ilə bitən xəbər başlıqlarının sayı qat-qat artıb. Çılpaq qadın şəkilləri, erotik fotolar və eyni məzmunlu xəbərlər çoxalıb. Önəmli fikir adamlarıymış kimi, fahişələrdən götürülən müsahibələr, onları həyatına dair yazılan oçerklər artıb. Sovet dönəmində belə oçerklər əmək qəhrəmanları barədə yazılardı. İndi ən qədim peşənin sahibləri oçerk qəhrəmanları olublar. Və bunun tiraj yığmaq üçün olduğu heç kəsə sirr deyil, bunu heç danan da yoxdur. Amma bu necə deyərlər, neqativ yoldur. Aydın məsələdir ki, dünyanın hər yerində oxucular bu kimi mövzulara daha çox diqqət yetirirlər. Bu da insan psixologiyasının zəif məqamları ilə bağlıdır, güman ki. Ancaq bu, bir müddət sonra ikrah doğuracaq, – buna əminəm. Ciddi saytlar, qəzetlər gərək özlərini saraltmasınlar – geydirmə “sarışın”lar kimi.

– İstinad mədəniyyəti. Bu gün internet mediasının ən bəlalı yeridir. Həm də elə olur ki, hər hansı xəbəri hamıdan tez işləyib, araşdırıb qoyursan. Amma başqa sayt məlumatı səndən 4 saat gec tapıb yerləşdirir. Digərləri isə məhz həmin xəbəri sənə deyil, həmin 4 saat gec qoyan sayta istinadən verir

– Növbəti sualın bu olacağını təxmin etmişdim. Bu da müasir jurnalistikanın yaralı yeridir. Öncə qeyd edim ki, biz özümüz də tez-tez “götür-qoy” edirik, amma heç bir halda istinadsız olmur. Yalnız bu yaxınlarda “TRT Azərbaycan” saytından götürüb yaydığımız bir neçə xəbərdə istinad etməmişdik. Bu da qəsdən olmamışdı. Heç demə, bu saytda qaydadır ki, mətnin içində öz adlarını yazmırlar. Bizim ağlımız da başqa saytlarının materiallarına getdiyindən fərqinə varmamışıq. Ancaq siqnal alan kimi o yanlışlığı aradan qaldırdıq. Ramil Səfərovun ölkəyə gətirilməsi xəbəri ilk olaraq bizdə idi, amma biz bəzi texniki məsələlərdən və xəbəri dəqiqləşdirmək üçün zəng etdiyimiz şəxsin telefona gec cavab verməsi üzündən gecikdik, bir də gördük ki, “Avropa.info” saytı artıq xəbəri yayıb. Biz öz hazırladığımız xəbərdə belə “Avropa.info”-nun adını qeyd etdik ki, sonra vicdanımız sızlamasın. Düzdür, sonra hamı bizə istinadən bu xəbəri tirajladı. Daha sonra o sayt da yaddan çıxdı, bizimki də. Hamı eksklüziv xəbərlər yaymağa başladı. Bu baxımdan xəbər oğurluğuna çox pis baxıram. Bu, mənim üçün toyuq oğurluğu kimi bir şeydir. Bəzi saytlar öz adlarının xəbər oğrusu kimi çıxmasından ehtiyatlanmalıdırlar. Etibarı itirmək olmaz.
Bəzən siz dediyiniz kimi də olur. Tutaq ki, sensasiyalı xəbəri sizdə görürlər, istinadla yaymaq əvəzinə, özlərinə sığışdırmırlar, bir-iki yerə zəng edəndən, ya etməyəndən sonra öz xəbərləri kimi yayırlar. Bu da xəstəlikdir. “Xəbəri birinci mən qoydum” lovğalığı da puç şeydir. Əsas məsələ xəbəri dürüst çatdırmaqdır.

– Bəzən də olur ki, ciddi saytlar yeni yaranan sayta istinadla xəbər verir, sonra məlumat yalan olur və onu çıxardır.

– Elə də olur. Əslində yalan xəbəri vaxtında çıxarmaq müasir jurnalistikanın üstünlüyüdür. Bu, səhvi aradan qaldırmaqdır. Biri oxuyursa, yüzü oxumur, oxuyan da xəbərin, materialın çıxarıldığını görüb anlayır ki, bir az əvvəl oxuduğu xəbər mötəbər deyil. Kiçik saytların böyük xəbərlərinə gəlincə, təcrübəli jurnalist onu dərhal anlaya və bir az əziyyət çəkməklə xəbərin mötəbərliyini, səhihliyini öyrənə bilər. Əgər xəbəri xəbər edən ünsürlər (nə vaxt, harada, kim, necə suallarına cavablar) məlumatda yoxdursa, ona istinad edib yaymaq olmaz.

– Bu gün eyni zamanda sosial şəbəkələrdə kimlərinsə statuslarında yazılan məlumatlar da xəbər kimi işlənilir. Bunlar isə çox zaman yalan və ya şişirdilmiş informasiyalar olur. Bu barədə nə deyə bilərsiniz?
– Bu, normaldır. Sosial şəbəkələrdə qeyri-ciddi xəbərlərlə yanaşı, ciddi xəbərlər də, ciddi polemikalar da olur. Sadəcə seçmək lazımdır. Hamısı mötəbər sayıb yaymaq olmaz, təbii ki. Ancaq gül kimi xəbəri gözardı etmək də olmaz. Hər məsələdə olduğu kimi burada şitini-şorunu çıxarmaq olmaz, məsələyə həmişə təmkinli və yaradıcı yanaşmaq lazımdır.

– Amma nədənsə bizdə bu müşahidə edilmir. Ciddi və qeyri-ciddi yayılan informasiya bir xəbər kimi istifadə edilir. daha sonra təkziblər gedir. Təkzib demişkən, bundan istifadə edilməsini nə dərəcədə düzgün sayırsınız?

– Xəbəryayma yarışı, “birinciqoyma” marafonu getdiyi bir yerdə hər cür dezinformasiyaya, yanlışlıqlara rast gəlmək mümkündür. Bu, qaçılmazdır. Səhv buraxan onun təkzibini, düzəlişini də verməlidir. “Toyota” şirkəti ildə 100 min maşınını bazarlardan geri çağırır, şirkətin nüfuzu azalmır ki. Əksinə, bununla şirkət öz işinə nə qədər məsuliyyətli yanaşdığını sübut edir. Təkzib vermək də sayta, qəzetə minus gətirmir. Sadəcə, burada da ifrata varmaq olmaz. Təkziblərdən ibarət xüsusi buraxılış buraxmaq komik olar.

– Bu gün Azərbaycanda müxtəlif sahədə monopoliya yaradıblar. Xəbər sahəsində də bu müşahidə olunur. Hansısa dövlət qurumuna xəbərlə bağlı zəng edirsən, sənə demir, deyir “get filan agentlikdən götür”. Halbuki, sən onu iki dəqiqəyə sayta qoya bilərsən. Bu barədə necə bilərsiniz?

– Bu, monopoliyadan deyil, məmur tənbəlliyindən irəli gəlir. KİV qurumu xəbəri özü istehsal etməlidir və yaymalıdır. Məmurları danışdırmağın da yolları var. Bəzən onların gizlətdiyi xəbəri əldə edib yayanda düzəliş vermək, öz versiyalarını təqdim etmək üçün zəngi zəngə calayırlar. Yəni əsas məsələ bir yenilikdən xəbər tutmaqdır. Bundan sonra onlar bunu təsdiq etsələr də xəbər yayılacaq, etməsələr də. İkinci halda onlar özləri maraqlı olurlar ki, heç olmasa xəbərdə yanlış məqamlar çox olmasın.

– Başqa bir hal da müşahidə olunur ki, sən hansısa xəbəri hazırlamaq üçün dövlət qurumuna müraciət edirsən və sənə deyir, “bir saatdan sonra zəng et”. Bir saatdan sonra sənin xəbərini press-reliz formasında hazırlayıb bütün mediaya yayırlar və artıq bu sənin eksküliziv xəbərin deyil, həmin qurumun fəaliyyəti kimi ortaya çıxır

– Təbii ki, onlar bu cür fəaliyyətləri üçün məvacib alırlar və göstərməlidirlər ki, “işləyirlər”, havayı pul almırlar.

– Qanunvericilik məsələsinə toxunmaq istəyirəm. Mətbuat, televiziya ilə bağlı qanun layihəsi var. Amma internet mediası demək olar ki, müəyyən müddətdir ki, fəaliyyət göstərir, onunla bağlı hər hansı qanun qəbul edilmir. Bu barədə nə deyə bilərsiniz?

– Mən qorxuram ki, portallara dair qanun çıxarılsa, bu, onun fəaliyyətini çərçivəyə salınmasına səbəb olacaq. İndi burada geniş manevr imkanları, müəyyən azad fəaliyyət imkanı var. Onu məhdudlaşdırmasalar, yaxşıdır.

– Onlayn jurnalistikanın yaradıcılıq imkanlarını məhdudlaşdırması barədə deyilənlərə münasibətiniz necədir?

– Əfsanə söhbətdir, heç bir əlaqəsi yoxdur. Hətta əksinə, bu yaradıcılıq imkanını genişləndirir. Məsələn, mən ötən ilin oktyabrında Kiyevdə olarkən Kreşatik küçəsi ilə getdiyimiz yerdə gördük Yuliya Timoşenkonun həbsi ilə bağlı piket gedir. Yaxınlaşdıq, söhbətləşdik. Şəkillərini çəkdik. Mehmanxanaya qayıtdıq və materialı yazıb sayta qoydum. Ancaq başqa vaxt oxucunun bu materialı görməsi üçün aradan ən azı beş gün vaxt keçməlidi idi. İndi özünüz təsəvvür edin, 50 dəqiqə hara, 5 gün hara? Onlayn jurnalistika o demək deyil ki, sən reportajı, ya araşdırmanı tezbazar sayta yerləşdirəsən. Yenə də əhatəli işləmək, ölçüb-biçmək, hazır materialı redaktə etmək mümkündür. Ancaq tutaq ki, yanğın, daşqın və sair fövqəladə hallar zamanı, nə kimi yaradıcılıq edəcəksən əsas missiya xəbəri çatdırmaqdır.

– Çap media ilə internet medianın kəskin şəkildə rəqabəti gedir. Sizcə qalib məğlub məsələsi necə olacaq?

– Yenilik qalib gələcək. Amma internet media çap mediasını yıxsa da, kəsməyəcək. Kino teatrı öldürə bilmədiyi kimi, burada da elə olacaq. Ancaq internet media dünyanı ovcuna yerləşdirmək, bir dəqiqəyə dünyaya çıxmaq deməkdir. Təsəvvür edin, burada bir xəbəri qonşu qonşuya çatdırmağa macal tapmamış sən onu Kanadadakı, Avstraliyadakı, Yaponiyadakı oxucuna çatdıra bilirsən. İnternet mediasının gələcəyi böyükdür.

– Artıq oxucu 40 qəpik verib qəzet almaqdansa, informasiyanı xəbər portallarından götürməyə üstünlük verir.

– Elədir. Burada əsas məsələ heç 40 qəpik də deyil. İnformasiyanı dərhal və ən azı 3-4 mənbədən əldə etmək imkanı var. Bildiyimə görə, İngiltərədə bəzi saytlar pullu xidmət göstərirlər, yəni oxucunun 40 qəpiyi onsuz da çıxır, əvəzində xəbəri, məlumatı daha tez alır.

– Onda gələcəkdə bizim saytların pullu xidmətə keçmək ehtimalını siz necə görürsünüz?

– Mexanizmləri və bazarı tapılsa, mümkündür. Məncə, əvvəl-axır bir sıra populyar saytlar – belə bir layihəyə qol qoyacaqlar.

– “Musavat.com” saytının fəaliyyət mexanizmi necədir?

– “Musavat.com” 18 saat ərzində dünyada, regionda, ölkədə olan xəbərlər, onlara dair şərhləri, fotoları oxucularına operativ şəkildə çatdırır. “Yeni Müsavat” qəzetində dərc olunan yazıların böyük əksəriyyətini çap edir. Sırf saytla məşğul olan beş işçimiz var, ancaq “Yeni Müsavat”ın əməkdaşları da bizim işçimiz sayılır. Gün ərzində onların “yanan” xəbər və reportajlarını da yayırıq.

– “Musavat.com” saytının ayrı fəaliyyət göstərdiyini qetd edirsiniz, amma bu sayt daha çox “Yeni Musavat” qəzetinin materiallarını yayan bir portal kimi tanınır.

– Doğrudur. Amma son vaxtlar saytda gedən xəbərlər ertəsi gün qəzetdə yer alır. Bu nisbət getdikcə artır.

– Bəs “Musavat.com” saytının özünə rəqib bildiyi saytlar varmı?

– Bütün saytlar “Musavat.com”un həm rəqibləridir, həm də tərəf-müqabilləri. Axı biz hər gün bir-birimizin yaydığı informasiyalardan bəhrələnirik. Birincilik, ikincilik məsələsinə gəlincə, şəxsən mən bu məsələdə təvazökarlıqdan yanayam. Ziyarətçi sayımızın çoxluğunu hər gün kimlərinsə başına qaxmağa qarşıyam.

– İndi yeni saytın yaradıldığı bildirilir. Bu yeni media qrupun yaradılmasından xəbər verir?

– “Yeni media qrupu” ifadəsi də sanki bir az görməmişlikdən, ədabazlıqdan doğan termindir. Söhbət daha da inkişaf etmək üçün yeni layihələri həyat keçirmək zərurətindən gedir. Süd bidonuna düşüb batmamaq üçün hey çabalayan qurbağa barədə rəvayət var, eşitmiş olarsınız, bu saat Azərbaycan mediası o gündədir. Batmamaqdan ötrü çabalamaq lazımdır. Yoxsa ortada media-maqnat olmaq cəhdi yoxdur.

– Hər şeydən danışdıq. Bəs fəaliyyətinizdə nə kimi yeniliklər gözlənilir?

– Bəli, yeniliklər var. Fikir vermisinizsə, son günlər saytın video bölümündə sırf musavat.com əməkdaşlarının kanal 13 internet televiziyası ilə birlikdə hazırladığı videosüjetlər yer alır. Biz bu istiqamətdə daha səylə çalışmaq fikrindəyik. Bunu həyata keçirmək üçün bir az maddi vəsaitə, daha çox isə vaxta, həvəsə, istedada ehtiyac var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO