Zərdabinin nəticəsi? – Buna niyə şübhə edirlər?

Modern.az ədəbiyyatşünas-tədqiqatçılar, H. Zərdabi irsinin araşdırmaçılarından məsələyə tam aydınlıq gətirəcək açıqlamalar gözləyir

Modern.az-da Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetindəki keçmiş müəllimi Rəbiyyə Zərdabi ilə bağlı dərc edilən yazı xeyli şərhlər doğurub. Səbəb R.Zərdabinin Həsən bəy Məlikov Zərdabinin nəticəsi olması iddiasıdır. Belə ki, Modern.az əməkdaşına açıqlama verərkən Rəbiyyə xanım bildirib: “Atam Zərdab rayon Partiya Komitəsinin katibi Bahəddin Zərdabi 26 yaşında ölüb, nənəm Rəbiyyə Mirzəxanova-Zərdabi Azərbaycanda ilk qadın qəzetinin baş redaktoru olub…”

Yazının dərcindən sonra R. Zərdabinin açıqlamalarını təkzib edən şərhlər alındı. Biz saytımıza göndərilən çoxsaylı şərhlərin hamısını yerləşdirə bilmədik. Çünki şərhlərin çoxu etik çərçivədən kənara çıxırdı.
R.Zərdabi isə yazdığı şərhdə nəsil-şəcərəsi ilə bağlı əlavə və fərqli izahlar verib: “Sankt Peterburq Universitetini bitirmiş, milliyyətcə ləzgi olan nənəm Rəbiyyə Mirzəxanova Zərdabinin 4 il əyalət qəzetinin baş redaktoru olduğunu və bununla da ilk qadın qəzet baş redaktoru olduğunu, qəzet yazarlarının da bu barədə yazdığını demişəm… Qardaşı Həkim Mirzəxanovun Quba Partiya Komitəsini birinci katibi olduğunu və Böyük Vətən Müharibəsində Fransa Milli Müqavimət Hərəkatının liderlərindən olduğunu və Fransada güllələdiyini də demişdim. Rəbiyyə Mirzəxanova Zərdabi yüksək ali təhsil almış, Zərdab rayonunda çıxan qəzetin baş redaktoru olub…”.

Bu dolaşıqlığa hələlik aydınlıq gətirəcək yeganə mənbə www.zerdab.com saytında yer almış məlumatlardır. Belə ki, sözügedən saytda qeyd olunur: “Zərdab rayonunun qəzeti 1935-ci ildən “Zərdab kolxozçusu”, 1937-ci ildən “Zərdab Staxanovçusu”, 1954-cü ildən “Kolxozçu”, 1966-cı ildən “Pambıqçı”, 1983-cü il fevralın 1-dən “Əkinçi” adı ilə nəşr edilir. Bu gün “Əkinçi” adı ilə çıxan Zərdab rayon qəzetinin tarixi ilə bağlı 1938-ci ilə aid rəsmi sənəddə rayonda çıxan “Zərdab kolxozçusu” qəzetindən bəhs olunur. Ötən 74 ildə dəfələrlə qəzetin adı dəyişmiş, redaksiyada çalışan insanlar bir-birlərini əvəz ediblər. Zərdab rayonunun rəsmi qəzeti 1935-ci ildən çıxır. 1938-ci il yanvarın 1-də Mikayıl Mikayılov adlı şəxs “Zərdab kolxozçusu” qəzetinin müxbiri, şöbə müdiri və müvəqqəti redaktoru, sonralar məsul redaktoru, az sonra redaktoru işləyib… 1938-ci ilin sonlarına aid bir sənəddə qəzetin “Zərdab Staxanovçusu” adı ilə çıxdığı, Rayon Partiya Komitəsinin 3-cü katibi Səfər Əliyevin müvəqqəti redaktor olduğu, Hüseyn Zərdabinin məsul katibi işlədiyi yazılıb.

1939-cu ildə “Zərdab Staxanovçusu” qəzetinə Nəsir İmranov redaktor, Abdulla Abdullayev ədəbi işçi, Nuru İbrahimov məsul katib təyin olunub. 1942-ci ilin fevralında qəzetə redaktorluq Mehdi Xanməmmədov, sonradan Səfər Abdurrəhman oğlu Əliyevə, həmin il iyulun 8-dən Şərifova Həzra Məhəmməd qızına tapşırılıb. Mətbəənin 2-ci işçisi Qızıl Orduya çağrılır, mərhum Abdulla Həsənov qəzetdə əvvəl paylayıcı, sonra çapçı, daha sonra mətbəə müdiri işləyir. İstedadlı jurnalist olan Abdulla Həsənov sonradan 36 il (1957-1993) rayon qəzetinin redaktoru işləyib, “Əməkdar jurnalist” fəxri adı alıb.

Müxtəlif illərdə “Zərdab Staxanovçusu”na Rəbiyyə Alı qızı Mirzəxanova, Sərkər Hüseynəli oğlu Həsənov, Qulu Mürsəliyev redaktorluq ediblər. Ayrı-ayrı illərdə Ramiz Məmmədov, Məbud İsmayılzadə, Fazil İmanov, Mirməhəmməd Teyyubov, sonralar Mirağa Bağırov, Fərasət Bilalov məsul katib mərhum Aybəniz Bayramova, eləcə də Ağabala Əliyev, Bahadur Xəlilov, AzərTAc-ın indiki baş direktoru Aslan Aslanov və başqaları şöbə müdiri, Əlhadi Rəhimov, Mirağa Bağırov redaktor müavini olublar…”

Beləliklə, aydın olur ki, Zərdabda nəşr olunan qəzetin ilk qadın baş redaktoru Həzra Şərifova olub.

R.Zərdabinin atası Bahəddin Zərdabiyə gəlincə, zerdab.com-da qeyd edilir ki, o, komsomolun – Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Zərdab Rayon Komitəsinə birinci katiblərindən biri imiş. Saytda R.Zərdabinin anası Rəfiqə Zərdabi haqqında da geniş məlumat var.

Bütün bunlarla bərabər, zerdab.com-da Rəbiyyə Zərdabi, xüsusilə də onun Həsən bəy Məlikov Zərdabi ilə nəsil-şəcərə bağlılığı haqqında bir kəlmə belə deyilmir. Bunlar isə Rəbiyyə Zərdabinin milli mətbuatımızın banisi ilə qohumluq əlaqəsi üzərinə böyük şübhə kölgəsi düşür.

Əlbəttə, bu qeydlər son həqiqət deyil. Buna görə də Modern.az ədəbiyyatşünas-tədqiqatçılar, H. Zərdabi irsinin araşdırmaçılarından məsələyə tam aydınlıq gətirəcək açıqlamalar gözləyir.

Yeri gəlmişkən, Həsən bəy Zəradabi haqqındakı məlumatlarda onun Midhət bəy, Səffət bəy adlı iki oğlu, Pəri xanım (Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı), Qəribsoltan xanım adlı iki qızının olduğu bildirilib.
Rəbiyyə Zərdabinin özünün dediyindən belə anlaşılır ki, o, Həsən bəy Zərdabinin oğlanlarından birinin nəvəsidir. Yenə qeyd edirik ki, məsələyə dair Zərdabdan göndərilən oxucu şərhlərində şübhə ilə yanaşıldığı vurğulandığından bunları yazmalı olduq…

Moden.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO