İranda həbs olunan Azəbaycan şairləıri Fərid Hüseyn və Şəhriyar Del Gerani haqqında yeni məlumat yayılıb.
Modern.az xəbər verir ki, İranın “Rajanews.com” saytında dərc olunun məlumatda Azərbaycan vətəndaşları olan hər iki gənc şair narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunur.
Maraqlıdır ki, “Rajanews.com” Azərbaycan XİN-in sözçüsü Elman Abdullayevə istinad edib. Sayt yazır ki, Azərbaycan XİN-in təmsilçisi bildirib, rəsmi Bakının İrandan aldığı cavaba görə, gənc şairlər narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunur.
“Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçaqmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın xüsusi xidmət orqanını ilə əməkdaşlıq edərək narkotik daşımaqla məşğul olublar.
İran saytı Fərid Hüseyn və Şəhriyar Del Geranini İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda da ittiham edib.
Şəhriyar del Gerani ( Hacızadə) və Fərid Hüseyn İrana səfərləri zamanı mülki geyimli şəxslər tərəfindən həbs ediliblər. İrana poeziya festivalına gedən gənc şairlər mayın 2–də saxlanılıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Modern.az-a deyib ki, İran saytının yazdıqlarından xəbərdardır və o, heç kimə şairlərin narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunmasına dair açıqlama verməyib.
XİN sözçüsü məsələ ilə bağlı mətbuata daha geniş açıqlama verəcəyini vurğulayıb.