Talış dilində dərc olunan “Tolışi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov saxlanılıb. Bu barədə SalamNews-a Reportyorların Aazadlıq və Təhlükəsizliyi İnstitutundan adı çəkilən qəzetin digər redaktoru Rafiq Cəlilov məlumat verib.
Onun sözlərinə görə, H.Məmmədov dünən səhər saat 10 radələrində evdən çıxaraq, qohumuna baş çəkmək üçün Neftçilər Xəstəxanasına gedib. Saat 11:30-da Məmmədov evə zəng edərək, yarım saat sonra qayıdacağını bildirib, bundan sonra yoxa çıxıb.
Saat 14.00-dan 15.30-dək mobil telefonuna edilən zənglərə naməlum kişi səsi cavab verərək, Hilal Məmmədovun həkim tərəfindən müayinə olunduğunu, telefona cavab verə bilməyəcəyini deyib. Yalnız saat 17.30-da paytaxt polisi Məmmədovun qanunsuz narkotik saxlamaq ittihamı ilə saxlandığını təsdiqləyib. Axşam saatlarında isə H.Məmmədovun evində axtarış aparılıb.
Bildirək ki, 2008-ci ilin fevralında “Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru, Novruzəli Məmmədov vətənə xəyanətdə ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə N.Məmmədov Penitensiar Xidmətin həbsxanasında vəfat edib.