Telejurnalist Səadət Məmmədova: “Mən təkcə teleaparıcı deyiləm…” – MÜSAHİBƏ

“Məmurlarla ünsiyyət problemini Yurd TV olaraq biz də yaşayırıq”

Tanınmış teleaparıcı-jurnalistin ən bəyənmədiyi iş paltar ütüləməkdir

“Yurd” internet televiziyasının Xəbərlər Departamentinin direktoru Səadət Məmmədova ilə müsahibəmiz münasib vaxta düşmədi. Onunla görüşəndə Azərbaycan Silahlı Qüvvələrinin zabiti İlqar Verdiyevin ölüm xəbərini almışdı. Bir sıra jurnalistlər kimi, o da İ.Verdiyevi yaxından tanıyırdı və xəbər ona pis təsir etmişdi…

– Jurnalistikaya birbaşa bağlı adamam və 17 ilə yaxndır bu peşə ilə fasiləsiz məşğulam. Heç kim inciməsin, adımın önündə sadəcə teleaparıcı təqdimatının işlədilməsindən məmnun olmuram. Çünki mən təkcə teleaparıcı deyiləm, mən telejurnalistəm. Aparıcı olmadığım dönəmlər də olub, amma həmin vaxtlarda televiziya jurnalistikası ilə məşğul olmuşam. Təhsilimin bakalavr pilləsi boyunca AzTV-də ştatdakənar əməkdaş olmuşam, magistraturaya qəbul olunanda isə artıq ANS-də işə başladım. ANS-də işlədiyim zamanda da nə işimi, nə də dərsimi axsatmışam.

– Özünüz hazırda hardasa dərs deyirsiniz?

– Fiziki cəhətdən mənim dərs deməyə vaxtım yoxdur. Hətta bir neçə də təklif də almışam, lakin qətiyyən vaxtım çatmır. Bu günlərdə “İrəli” Media Akademiyasında tələbələrlə görüşə getmişdim, tanışlıq söhbəti etdim. Və orada dərslər qurtarana kimi çalışacağam ki, təcrübələrimi paylaşım, onlara nədə isə balaca bir faydam toxunsun.

– İlk iş yeriniz və seçilməyiniz?

– Mənim işə başladığım ilk yer Azərbaycan Dövlət Radiosunun “Xəbərlər” proqramı olub. Sonra hərbi redaksiyada, “Səhər” proqramında təcrübə keçmişəm. İkinci kursun sonuna doğru Azərbaycan Dövlət Televiziyasında ikinci proqram var idi, orada “Üz-üzə” verilişində getdim və məni qəbul etdilər. Artıq bu dəfə ştatdankənar əməkdaş kimi çalşmağa başladım və orada balaca xəbər buraxılışları var idi, “Ekspress xronika” onun aparıcısı olaraq çıxış edirdim. Eyni zamanda həmin vaxt AzTV-yə yeni diktor seçimi edilmişdi və Sabir Axundov onlara dərs deyirdi. Mən də 6 aya qədər onun dərslərinə qatıldım. Ondan dərhal sonra ANS-ə işləməyə gedəndə günorta “Xəbərçi”sini yığdım və o vaxt növbətçi şef-redaktorumuz Rafel Nağıyev mənə dedi ki, “qızım bu cür yazmağı, fikri məhz cur ifadə etməyi kimdən öyrənmisən?”. Sabir Axundovun müəllimim olduğunu deyəndə qeyd etdi ki, “halal olsun, əgər Azərbaycanda belə bir mütəxəssis varsa, sənə də hala olsun ki, öyrənə bilmisən”.

– ANS-də neçə il işlədiniz?

– Təxminən iki il. Sonra Lider TV-yə gəldim, orada informasiya departamentinin ilk baş redaktoru olmuşam. Ondan sonra isə İnternews Netvork təşkilatında 4 ilə qədər işləmişəm. BBC radiosundakı layihələrdə prodüser olmuşam və dörd layihə işləmişəm. Space televiziyasında gedən “Media və mən” proqramına redaktor olmuşam. Daha sonra İnternews komandasının Space TV-də yayımlanan “Xətt” proqramının Xəyal Tağıyevdən sonra aparıcısı və müəllifi olmuşam. Elə orada işləyən zaman Azərbaycan Dövlət Televiziyasında rəhbər dəyişikliyi oldu və tok-şou aparıcısı kimi ora dəvət aldım. Amma bu çox qısa müddət oldu. Belə ki, cəmi 1 həftədən sonra mənə təklif olundu ki, informasiya proqramları redaksiyasında “Xəbərlər”də baş redaktoru olum. Bir az tərəddüdlə bunu qəbul etdim. Çünki bir az asan və rahat iş arzulayırdım, amma görünür ki, qismətimdə var ki, xəbər məndən, mən də xəbərdən uzaq düşməyim. Azərbaycan televiziyasında işlədiyim ikinci dönəm mənim karyeramın yeni mərhələsi, həmçinin o dönəmə qədər karyeramdakı problemlərin sonu və dönüş nöqtəsi oldu. Çünki AzTV-də “Xəbərlər”in baş redaktoru bütün zamanlarda olduğu kimi ciddi bir postdur və insanın ondan sonrakı yolunun müəyyən olunması deməkdir.

– AzTV, ANS, Lider, Space – demək olar ki, televiziyaların əksəriyyətində işləmisiniz? Müxtəlif iş prinsipləri və məkanlar bunun təəssüratlarını necə izah edə bilərsiniz?

– Heç bir çətinlik çəkməmişəm. Mən ümumiyyətlə çətinliyə tab gətirirəm, amma ədalətsizliyə dözmürəm. Ünsiyyətciləm, hamı ilə dil tapıram. Yetər ki, ətrafımdakı insanlar işini bilsin və bir də ədəb-ərkanı yerində olsun. Əks halda dözümsüzlüyüm baş qaldırır. Bu da indiyədək nadir hallarda baş verib, şükürlər olsun.

– Televiziyada perspektivli jurnalistlərdən idiniz və sizin gələcəkdə daha çox irəliyə gedəcəyiniz bildirilirdi, amma siz birdən-birə televiziyadan getdiniz, yəni internet televiziyada işləməyi üstün tutdunuz. Bu nə ilə bağlı idi?

– Bu gün üçün efir televiziyası ilə müqayisədə internet televiziya köşə-bucağa bənzəyə bilər, kiçik görünə bilər, amma gələcək internet televiziyasınındır. Mən buna inanmasaydım, bu risqli addımı armazdım.

– İnternet televiziyasında necə müddətdir çalışırsınız?

– Ötən ilin mart ayından. Yəni Yurd TV fəaliyyətə başlayandan buradayam.

– Bəs bura haradan gəlmisiniz?

– Ondan əvvəl dörd ilə yaxın Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri olmuşam.

– Ümumiyyətlə belə tendensiya var ki, jurnalistikadan məmurluğa gedənlər heç vaxt oradan, rahat iş rejimindən çıxmaq istəmirlər. Bəs siz niyə dövlət qulluqçusu statusunuzdan imtina etdiniz?

– Komitədəki işi tərk etməyimin televiziyaya dönmək yanğısı, istəyi ilə bir bağlılığı yoxdur. Subyektiv səbəbləri var və bu barədə danışmaq istəmirəm.

– Bəzən qeyd edilir ki, əgər yaradılacaq internet televiziyası efir televiziyasından fərqlənməyəcək və insanlara yenilik verməyəcəksə, bunun heç bir əhəmiyyəti yoxdur. Bu barədə siz nə fikirləşirsiniz?

– İnternet televiziyası yeni medianın təzahürüdür. Onun özünün standartları var. Onun birinci fərqi tamaşaçıya hər zaman baxmaq imkanını verməsidir. Bir də bu gün üçün Yurd TV-də istər maarifləndirici verilişlərin, istər xəbərlərin işlənməməsi, istər reportajlar üçün mövzuların seçilməsi və onların işlənməsi, istər müsahibələr, müsahiblərin seçilməsi və onlarla söhbətin tərzi efir televiziyalarının demək olar ki heç birində yoxdur.

– Ümumiyyətlə, Azərbaycan efir məkanını izləyirsiniz?

– İşim etibarı ilə bəli, vaxtım çatan qədər baxıram. İş otağında, evdə də “Kim nə göstərdi, kim nə göstərir” məntiqi ilə televiziyaları izləyirəm.

– Bu gün həmin televiziyaların fəaliyyətini necə qiymətləndirirsiniz? Xəbərlərdə fərq var?

– Televiziyalar mən işlədiyim dönəmlə müqayisədə o qədər bəsitləşib ki. Bunun həm xəbərlə məşğul olan müxbirlərin hazırlığının və səviyyəsinin bəsitləşməsi ilə də əlaqələndirirəm, informasiya məkanının getdikdə bir rəngli olması, həm də Azərbaycanda respondentlərin, eksper və məmurların mediaya münasibətinin dəyişməsi və pisləşməsi ilə də birbaşa bağlılığı var. Asta-asta informasiyada rəqabət mühiti yeknəsəkləşib. Digər tərəfdən, əvvəl daha hazırlıqlı, daha yüksək səviyyəli ekspert və yaxud yüksək çinli məmur tapıb hər hansı məsələyə münasibət öyrənə bilirdiksə, indi telefonla iki cümləni o insanlardan almaq mümkün deyil. Bunun çox səbəbləri var. O problemi Yurd TV olaraq biz də yaşayırıq.

– Bir çox xəbər aparıcıları ilə müsahibə apararkən onlar da 90-ci illlərdə jurnalistika sahəsində işləməyin daha maraqlı olduğunu qeyd edirlər. Və bildirirlər ki, o vaxt işləmək daha asan idi, nəinki indi.

– Mən də elə onu deyirəm, informasiya məkanımız bir neçə səbəbdən çoxrəngliliyini itirib. Üstəlik, mediaya münasibət ilbəil daha təkəbbürlü olur. İndi şöbə müdiri qarşına çıxıb açıqlama verəndə sevinirsən. Mən kifayət qədər uzun illər jurnalist işləyən, sualını sərrast verən müxbirlər tanıyıram ki, məmurlar onlara da savadsız deyir. Dəfələrlə verilişlərimdə də bunu demişəm ki, məmurların cəmiyyətə hesabat vermək, gördüyü iş haqqında insanları məlumatlandırmaq, insanların bilmək istədiyi məqamları izah etmək məsuliyyətinin çəkisi azalıb. Yəni hansı məmurlar ki, birmənalı şəkildə jurnalistləri savadsızlıqda günahlandırırlar, bu səbəbdən çox bəhanədir.

– Köhnə jurnalist dostlarınızla görüşürsünüz, əlaqələriniz necədir?

– Bəli, daim ünsiyyətdəyik, onlardan indi müxtəlif televiziyalarda və ya başqa sahələrdə işləyənlər var. Hamısı ilə gözəl münasibətim var.

– Xarici, o cümlədən türk televiziyalarının jurnalistləri mətbuatda köşə yazıları ilə çıxış edirlər. Ola bilər ki, siz də bu praktikadan istifadə edəsiniz?

– Əvvəllər vaxtım olub, həvəsim olmayıb. İndi isə həvəsim var, vaxtım yoxdur.

– Bir az da ailə həyatınız barədə…

– Sadə bir ailənin nümayəndəsiyəm. Qarabağlıyam, Ağdamda anadan olmuşam. Biz müharibədən sonra Bakıya köçmüşük, məktəbi Bakıda bitirmişəm, anam həkimdir, atam mən uşaq ikən rəhmətə gedib. Bir bacım Day.az radionun direktorudur – Vüsalə Məmmədova. O köşə yazıları ilə daha çox tanınır. Digər bacım Şəbnəm isə aktrisadır, həyat yoldaşı əməkdar artist Şövqi Hüseynovla birgə Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Özüm isə ailəli deyiləm.

– Ailəli olmamağınızın karyerada irəliləməklə bir əlaqəsi var?

– Əvvəllər başım karyeraya çox qarışmışdı. Amma müəyyən bir yaşdan sonra ailə qurmaq barədə düşündüm, sadəcə, uğursuz seçim alındı və yolun başında ikən geri döndüm. Ümumiyyətlə, şəxsi həyat barəsində geniş danışmağı xoşlamıram, heç vaxt da məni kimsə şəxsi həyat barəsində danışan, fikirlərini bölüşən görməyib. Mənim çox gözəl, anlayışlı ailəm var, hər zaman biz bir-birimizə dəstək olmuşuq. Bilirsiniz, belə bir ailədə yaşayan insan istəyir ki, ən azından qurduğu ailə də bənzər olsun, eyni sevgini, enerjini görsün. Mən nə rəsmiyyət xatirinə ərə getməyə tərəfdar olanlardanam, nə də ki cəmiyyətə göstərmək üçün. İnsanın bəlli bir daxili azadlığı olmalıdır, ona güvənərək yaşamalısan. Düşünürəm ki, bu dünyada qadın üçün ən önəmli şey öz ayaqlarının üstündə dayanmaqdır. Öz ayağının üstündə dayanan qadına ailəsindəki kişi də başqa cür yanaşır, nəyinki asılı qadına. Bu gün üçün mən bu sözləri böyük hərflərlə yazmağınızı xahiş edirəm: çox sakit və xoşbəxtəm.

– Sizi ideal qadın obrazı olaraq göstərmək olar?

– Hər bir yolun o qədər çətinlikləri var. Kənarlardan kəsintisiz, uğursuzluqlarla müşayiət olunmayan, hər zaman seçilənlər içərisində görsənirəmsə, bəlkə də olar. Amma uğurlu, xöşbəxt karyera-bunlar nisbi bir şeylərdir. Mən özümü uğurlu saya bilərəm, amma mənim uğur adlandırdığım səbəblər bir başqasına gülməli gələr bilər. Bəlkə mənim uğurlu saydığımı siz uğurlu saymırsınız. Ona görə də “ideal qadın”, “uğurlu qadın” obrazını aksioma kimi kiminsə üzərinə tətbiq etmək olmaz. Kimin üçünsə Ancelina Coli idealdır, kimin üçünsə Angela Merkel. Hərənin öz uğur və ideallıq meyarları var. Amma yenə deyirəm bu günə qədər ki həyat və karyera yoluma görə yalnız və yalnız Allaha şükür edirəm.

– Yəqin xarici ölkələrdə işgüzar səfərlərdə olmusunuz, bu səfər çərçivəsində hansı ölkələri gəzmisiniz?

– İstər jurnalist kimi, istər mətbuat xidmətində çalışdığım vaxt çox ölkədə olmuşam. İstirahət məqsədilə az gəzmişəm, əsas işgüzar səfərlərdə olmuşam. Bu sarıdan da kifayət qədər təəssüratı olan adamam.

– İşgüzar xanımlar çox vaxt mətbəxə girməyi xoşlamırlar, bəs sizin mətbəxlə aranız necədir?

– Ən açığım gələn iş paltar ütüləməkdir. Amma deyim ki, qadına aid olan hər biri işi görürəm və bacarıram. Mətbəxlə də aram yaxşıdır, ümumiyyətlə mən mətbəx işinə bir yaradıcılıq kimi baxıram. Bir yeməyi gözəl bişirə bilmək, bir salatı gözəl hazırlayıb təqdim edə bilməyin də özü bir yaradıcılıqdır. İnsanın ruhu, fantaziyası, düşüncələri, qəlbi ilə bağlı olan bir incəsənətdir.

– Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

– Axır vaxtlar mənim boş vaxtım olmur. Boş vaxtım olanda bir hissəni bacım oğlu Ülviyə həsr edirdim. Komitədə işlədiyim müddətində şənbə və bazar günləri bacımgil teatrda çox məşğul olduğuna görə o, mənlə qalırdı. Yeni işə keçəndən sonra uşaq hələ də məni bağışlamır, elə bilir ki, mən ondan çox uzaq düşmüşəm. Onunla vaxt keçirmək dincəlmək və stress atmaqdır. Bundan başqa idmanla məşğul oluram. Kosmetik proseduraları xoşlayıram, həmçinin çalışıram şəhərin mədəniyyət həyatından geri qalmayım. Opera Teatrına ara-sıra gedirdim, premyeraları qaçırmırdım, amma çoxdandır getmirəm. Bir də vaxtım olanda kitab oxuyuram.

– Ən son hansı kitabı oxumusunuz?

– Orxan Pamukun “Mənim adım Qırmızı”. İndi isə Per Lagerkvist stolumun üstündədir bir səhifəsini oxuyuram, bir həftədən sonra yenə bir səhifəsini oxuyuram. Birdəfəlik oxuyub bitirməyə fiziki cəhətdən vaxt tapa bilmirəm.

– Bəs ən çox təsirləndiyiniz əsər hansı olub?

– Ən çox Remarkı oxuyanda mənə təsir edir. Amma öyrənmək kimi Orxan Pamukdan çox şey öyrənmişəm. Təkcə elə onun Nobel nitqi az qala bir əsərə bərabərdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO