Iyunun 21-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.
Yığıncaqda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev mərasim iştirakçılarına tədbirin mahiyyəti barədə məlumat verib.
KIVDF-nin icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyətindən geniş söz açaraq deyib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirilib. V.Səfərli gələn ay Milli Mətbuatımızın 137-ci il dönümünün geniş şəkildə qeyd ediləcəyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan mətbuatının müstəqillik dövründə böyük naliyyətlər qazandığını söyləyən V. Səfərli uğurların bu gündə davam etdiyini bildirib. Deyib ki, hazırda ölkədə 5 mindən yuxarı Kütləvi İnformasiya Vasitələri qeydiyyatdan keçib, 300 yaxın qəzet nəşr edilir. Onlardan 40-dək gündəlik. qalanları isə həftəlik və aylıq qəzetlərdi.
İcraçı direktor qeyd edib ki, Fond kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə çalışır.
Sonda o, jurnalistlər üçün tikilməkdə olan binanın gələn il istifadəyə veriləcəyini bildirib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Ardınca Vüqar Səfərli Fondun Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib.
***
Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin e l a n ı
Müsabiqənin məqsədi Nəsimi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.
Müsabiqə “Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda keçirilir.
Yazıların qəbulu 22 iyun 2012-ci il tarixində başlayır, 18 iyul 2012-ci il tarixdə başa çatır.
Müsabiqədə qaliblərə aşağıdakı kimi mükafatlar veriləcək:
I yer – 1 000 manat (1 000 manat)
II yer – 800 manat (1 600 manat)
III yer – 600 manat (1 800 manat)
Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək.
Həvəsləndirici mükafat – 200 manat (2 000 manat)
Qaliblər, həmçinin Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Modern.az