“Bizim məktəblərdə hətta birinci partada əyləşməkdən ötrü nəsə tələb olunur”
Üzümüzə yeni dərs ili gəlir. Məktəblərin öz qapılarını şagirdlərin üzünə açmağına hələ bir müddət qalsa da, artıq valideynlər uşaqlarını hansı məktəbə qoymaq haqqında götür-qoy edirlər. Hətta valideynlər ən yaxşı təhsil verən məktəbləri belə araşdırmağa başlayıblar. Düzü, keyfiyyətli təhsil verən məktəblərin əksəriyyəti pullu olduğundan bəzi insanlar övladlarını belə məktəblərdə oxutmağa maddi durumu əl vermir. Demək olar ki, jurnalistlər də bu imkandan məhrumdurlar. Bəs belə olan halda onlar öz övladlarını hansı məktəbə etibar edirlər?
Modern.az jurnalistlər arasında sorğu aparıb.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bunu məktəbə gedən uşaqların birinci növbəli problemi hesab edir. Onun sözlərinə görə, sovet dövründə belə problem yox idi: “Onda az-çox təhsil var idi. İndi isə vəziyyət tamam başqa cürdür. Sosializm sistemi dağıldıqdan sonra burada qeyri-adi hal axtarmaq olmaz. Çünki kapitalizmdə rəqabət var. Bizdəki təhsil sistemi isə tamam başqa şəkildədir. Ona görə də valideynlər bu məsələdə çətinliklərlə üzləşirlər”.
Baş redaktor orta məktəblərdə repititor məsələsinə də toxunub. O, bildirib ki, Azərbaycanda yalnız orta məktəb proqramını mənimsəyən şagirdlər ali təhsil ocaqlarına qəbul ola bilməzlər: “Bunu Azərbaycanda bilməyən yoxdur. Buna görə də repititorluq bizdə böyük vüsət alıb. Bakı şəhərində bir neçə lisey var ki, jurnalistlərin orada uşaqlarını oxutmağa imkanları yoxdur. Mən xeyli araşdırma aparandan sonra 62 saylı məktəb liseyə üstünlük verdim. Burada təhsil arzulanan səviyyədədir. Amma belə təhsil ocaqları barmaqla sayılacaq qədərdir. Mən uşaqlarımı birinci sinfə aparacaq valideynlərə tövsiyə edərdim ki, ciddi araşdırmadan sonra uşaqlarını məktəblərə qoysunlar”.
Övladının ilk iki sinfini Atatürk liseyində oxudan “Yeni Musavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı sonradan liseydəki bəzi qaydaların dəyişdirilməsindən və evə çox uzaq olduğu üçün qızını ordan çıxarmaq məcburiyyətində qalıb: “Təbii ki, könül istərdi ki, onu ən yaxşı liseylərdə, gimnaziyalarda oxudum. Amma Azərbaycan şərtlərində bunun üçün böyük pullar lazımdır. Mən də sıravi bir jurnalist olaraq daha optimal varianta üz tutdum – onu evimizə ən yaxın məktəblərdən birinə qoydum. Hazırda 3-cü sinfi bitirib, məktəbdən razı olduğumu deyə bilmərəm. Amma uşağı individual məşğələlərə yönləndirməklə bəzi əskikləri qapatmağa çalışıram. Fikrimcə, Azərbaycan məktəbləri uşaqların bir nömrəli düşmənidir. İndi uşağı ora qoyub heç nə ilə maraqlanmamaq onun taleyi ilə oynamağa bərabərdir. Arzuladığımız, bəyəndiyimiz məktəblər isə əsasən yaşadığımız qəsəbədən uzaqdır deyə uşağın yollarda qalmasını istəmirik. Təsəvvür edin ki, qızım Atatürk liseyində oxuyanda günün 4 saatını yollarda keçiriridi – 2 saat o üzə, 2 saat bu üzə. Dünyanın heç bir yerində belə şey görünməyib yəqin. Kəsəsi, məni uşağımla bağlı maraqlandıran ən vacib detal onun təhsildir ki, ondan da narahatam, razı deyiləm”.
“Kaspi” qəzetinin redaktoru İlham Quliyev də bunu yaralı yerimiz hesab edir. O, bu gün paytaxtda yaşayan valideynlərin övladları üçün yaxşı məktəb tapmalarında ciddi problemlə qarşılaşdıqlarını deyir. Onun sözlərinə görə, həm tədrisin keyfiyyəti, həm də təlim-tərbiyə məsələlərinə diqqət yetirilən məktəb tapmaq çox çətindir: “Qızım bu il 4-cü sinfə gedəcək, Xətai rayonundakı 171 saylı məktəbdə oxuyur. Gələn il də orda oxuyacaq. Amma belə görürəm ki, ibtidai sinfi qurtarandan sonra bu məktəblə vidalaşmalı olacaq. Çünki bu məktəbdə nəyinsə qaydasında olduğunu demək mümkün deyil. Yalnız ibtidai sinif müəllimi peşəkar olduğundan qızım indiyədək bu məktəbdə qalır. Oğlum isə bu ildən Bakıdakı Atatürk liseyində 1-ci sinfə gedəcək. Artıq imtahan verib və qəbul olunub. Ümid edirəm ki, bu məktəb ümidlərimizi doğruldacaq”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy sualımızı məşhur bir deyimlə bir məsəllə cavablandırdı: “Bir ölkəni məhv etmək istəyirsənsə, birinci növbədə onun təhsilin məhv et”. Bu gün təhsil sistemində çoxlu problemlər olduğunu deyən jurnalist həmkarımız bunu təhsil nazirinin özünün də dəfələrlə etiraf etdiyini söylədi: “Son dövrlər Bakıda hətta bölgələrdə məktəb tikintisi sürətlə həyata keçirilir. Normal məktəblər, müasir standartlara uyğun təhsil ocaqları tikilir. Amma baxırsan ki, normal bir istilik sistemi yoxdur. Ən azından yaxşı göstəricisi olan məktəbə belə münasibət olmamalıdır. İstənilən halda bu müəllim heyətində ruh düşkünlüyü yaradır. Övladım 287 saylı “Zəkalar” liseyində oxuyur. O, bu il birinci sinfi başa vurdu. İndiki halda övladımı bu məktəbə etibar edirəm. Təhsil ocaqlarında neqativ hallar azalmaq əvəzinə daha da artır. Bütün uşaqların eləcədə öz övladlarımın taleyindən narahatam. Sabah necə olacaq. Bunu demək çətindir”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı bu barədə uzun müddət düşündüyünü deyir. Sonda isə o, seçimini Atatürk liseyinə saxlayıb: “Amma orada hazırlıqlı uşaqları qəbul etdiklərindən övladım bir müddət hazırlığa getməli oldu. İmtahan nəticəndə həmin liseyə qəbul olundu. Mən bu məktəbə etibar edirəm. Çünki burada müəllimlər uşaqları sırf oxumağa məcbur edir. Bizim məktəblərdə nəyəsə görə pul yığmaqlar, neqativ hallar, nəyəsə görə gözümçıxdıya salmaq yoxdur. Hətta eşitmişəm ki, bizim məktəblərdə hətta birinci partada əyləşməkdən ötrü nəsə tələb olunur. Amma bu məktəbdə belə şeylərə fikir verilmir. Kim hansı vəzifəlinin övladıdır. Burada ancaq təhsilə diqqət yetirilir, davranışa üstünlük verilir”.