Ekranda reklam vaxtının görünməsi tələbi yoxdur
Azərbaycan telekanalları həmişə xarici ölkələrdən, o cümlədən qonşu Türkiydən “fərqlənməyi” bacarırlar. Söhbət ondan gedir ki, hər TV kanalın öz loqosu var və bu loqo hər an efirdə olmalıdır. Amma telekanalların loqosu reklam vaxtı itir və reklamdan sonra görünür. Amma Türkiyənin ən məşhur kanalları belə reklam vaxtı öz loqolarını göstərir. Hətta reklamın neçə dəqiqə davam edəcəyini belə tamaşaçılar görə bilirlər.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. Onun sözlərinə görə, “Teleradio yayımı haqqında” Qanuna görə, kanalı tanıdan loqo efirdə davamlı olaraq görünməlidir. Bundan əlavə, telekanal özü haqqında hər gün beş dəfə tamaşaçıya məlumat verməlidir.
Ə. Məmmədli bildirib ki, loqonun görünməsinin əhəmiyyəti odur ki, reklamla bağlı hansısa bir mübahisə olarsa, onun həmin efirdə yayımlandığını sübut etmək olsun. Bu baxımdan da kanalın loqosu reklam vaxtı görünməlidir. “Reklam başqa yerdə hazırlana bilər, amma televiziya nəticə etibarı ilə onu öz tezliyində yayımlayır. Bununla da televiziyanın öz loqosunu gizlətməsi monitorinqlər zaman onun məhz həmin efirdə gedən reklam olduğu, hansı telekanal tərəfindən qaydaların pozulduğunu təyin etməyə çətinlik görədir”.
Media eksperti bunu qanuna qarşı hiylə yolu hesab edir. “Qanunda açıq şəkildə bununla bağlı tələb qoyulmadığı üçün reklam vaxtları loqolar gizlədilir. Məsələn, deyək ki, reklamla bağlı bir saat ərzində 9 dəqiqə reklam getməlidir, amma loqo olmayanda o, 10-15 dəqiqə reklam yayımlayır. Mübahisə vaxtı da kanal rəhbərliyi deyə bilir ki, bu mənim efir vaxtım deyil. Məncə, buna əməl olunası zəruri bir normadır”, – deyə Ə.Məmmədli vurğulayıb.
Ə.Məmmədli reklam vaxtı dəqiqələrin görünməsi məsələsinə də toxunub. O, Türkiyə telakanallarının bu addımını müsbət qiymətləndirib. “Bunlar hamısı mütərəqqi dəyişikliklərdir. Zamanla bizim kanallar bu təcrübəni mənimsəyəcək”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə burada elə böyük problemin olmadığını bildirib. O, qeyd edir ki, reklamları reklam verən qurumların özləri hazırlayır və bunu hər kanal üçün ayrıca hazırlamaq mümkün deyil. MTRŞ sədri reklam vaxtı dəqiqələrin görünməsi məsələsinə də toxunaraq bildirib ki, “Teleradio yayımı haqqında” Qanunda bununla bağlı heç bir maddə yoxdur: “Bunu telekanalların özləri müəyyən edirlər. Amma bu, olsa daha yaxşıdır. Çünki insanlar artıq biləcək ki, neçə dəqiqədən sonra reklam bitəcək”.