Jurnalist erməni əsilli qadından polisə şikayət edib

Mediaforum.az saytının əməkdaşı İmdad Əlizadə «Sahil» bağında milliyətcə erməni olduğu bildirilən qadının gəzdirdiyi itin hücumuna məruz qalıb. Bu barədə Modern.az saytına məlumat verən jurnalist bildirib ki, hadisə bir neçə gün bundan öncə Bakıda baş verib.

«Gecə yarısı idi, metroya tələsirdim. Saat 12-yə 15 dəqiqə qalırdı. Bir də gördüm ki, qara bir it sağ qolumun arxasından yapışdı. İti bir orta yaşlı qadının əlində idi, amma kəndiri dartıb mənə hücum edə bilmişdi. İtin ağızlığı yox idi». Jurnalist bildirib ki, sözügedən bağda it gəzdirmək qadağandır, hələ iti ağzı açıq gəzdirmək, ümumiyyətlə, olmaz: «Hadisə yerinə polislər gəldi. Qadın məndən üzr istəmək əvəzinə təhqirlərə başladı. Mən deyəndə ki, şikayət edəcəm, cavab verdi ki, o zaman mən də səni şərləyəcəm. Qadın deyir ki, guya mən ona söz atmışam, it də məni tutub. Amma şahidlər də təsdiq etdilər ki, belə bir şey olmayıb. Həm də, görəsən it hardan bilib ki, mən ona söz atdım? Qadın rus dilində danışırdı, deyilənə görə, milliyətcə ermənidir»-deyə İ.Əlizadə qeyd edib.

İmdad Əlizadə məsələ ilə bağlı Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdiyini vurğulayıb: «Hadisə yerinə gələn polislər də deyirdi ki, şikayət et. Lakin neçə gündür şikayətimə düzgün baxılmır. Məni hadisə yerindən xəstəxanaya göndərdilər. Lakin xəsarətin dərəcəsi müəyyən olunmadı. İndii 10 gündən çoxdur qadını mənimlə görüşdürmürlər, hələ ondan izahat da ala bilməmişdilər. İki gün əvvəl izahat alıblar. Qadın elə yenə də həmin bağda həmin iti ağızlıq taxmadan gəzdirir. Özü də, deyir, gəzdirmişəm, yenə də gəzdirəcəm. Mən isə quduzluq əleyhinə iynələr vurdururam. Bu günə kimi itin quduz olub-olmadığını müəyyən etməyiblər. Polis bölməsində mənim ərizəmə baxan adamlar tez-tez dəyişdirilir. Heç bir ciddi tədbir görülməyib. Mən zərərçəkən ola ola bölməyə azı 6 dəfə getmişəm, amma qadının əməlinə görə mən xəsarət aldığım halda, onu cəmi bir dəfə gətiriblər. İşi apaşdıran polis deyir ki, qadına qarşı inzibati xəta kimi protokol tərtib olunub, onu da baytarlıq idarəsinə göndərəcəklər, orada nə tədbir görüləcəksə, məlum deyil. Amma mənim xəsarət almağımla, maddi və mənəvi zərərimlə bağlı heç bir ölçü götürməyiblər. Maraqlıdır ki, hadisə baş verən vaxt orada olan polislər mənə «şikayət et» dedikləri halda, indi məni görən kimi deyirlər ki, «əmioğlu, şikayət lazım deyil, qadın səni şərləyəcək».

Qeyd edək ki, İmdad Əlizadə artıq bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO