Dövri mətbuatımızın ilk nümunəsi, XIX-cu əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan “Əkinçi” qəzetinin (1875-1877) mətnləri külliyyat halında Türkiyədə işıq üzü görüb. Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin (Məlikzadə) irsi və “Əkinçi” qəzetinin çapdan çıxan 56 nömrəsinin hər biri bu kitaba salınıb. Parlament Jurnalistlər Birliyinin dəstəyi ilə hazırlanan “Hasan Melikzade ve Ekinçi qazetesi” kitabının tədqiqatı və tərcüməsi Marmara Universitetinin professoru Okan Yeşilota məxsusdur. Onu da qeyd edək ki, kitabın ön sözünün müəllifi Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlıdır.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirdi ki, mətbuat tarixinin nadir nüsxəsi sayılan “Əkinçi” qəzetinin Türkiyədə çap olunmasının böyük əhəmiyyəti vardır. “Belə ki, bu qəzet təkcə Azərbaycan deyil, bütün türk dünyasının ilk dövri nəşri, ilk mətbuat qaranquşudur. Kitabın naşiri Okan bəy də məhz bu məqamı nəzərə alaraq, ədəbiyyatşünas, tarixçi və dilçilərə bu qiymətli hədiyyəni çatdırıb. “Əkinçi”nin Türkiyədə işıq üzü görməsi həm də bu qəzetin baş redaktorluqdan tutmuş çapçılığına qədər bütün yükünü öz üzərinə götürmüş Həsən bəy Zərdabinin ruhuna türk dünyasının ehtiramıdır. “Əkinçi”yə göstərilən bu diqqət onu göstərir ki, Zərdabi bütün türk dünyasının dahi mütəfəkkiri, aydınıdır“, – deyə Elşad Eyvazlı qeyd etdi.
Qeyd edək ki, “Hasan Melikzade ve Ekinçi qazetesi” kitabının təqdimat mərasimi iyun ayının 29- da İzmir şəhərində olacaq.