Seyran Səxavət: “Qapı-pəncərəni açıq qoyublar və kim gəldi Yazıçılar Birliyinə keçiriblər”
Son zamanlar yazıçı və şairlərin Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxarılması məsələsi ədəbi kəsimin digər nümayəndələrini də narahat etməyə başlayıb. Hər biri artıq bu qurumda öz yerlərini saxlamaq üçün susmağa üstünlük verdiklərini də dilə gətirməyə başlayıblar. Bəs Yazıçılar Birliyinə üzvlük prosesi necə həyata keçirilir ? Nizamnamə varmı və yazıçıları qurumdan çıxarmaq kimin səlahiyyətindədir?
Bu suallara cavab tapmaq üçün Modern.az saytının əməkdaşı AYB-nin mətbuat katibindən və yazıçılardan münasibət öyrənib.
AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu:
– Yazıçı, şair üzv olduğu qurumu bir neçə dəfə təhqir edərsə, hər hansı bir rmənəvi dəyərlərimizi aşağılayarsa, mənəviyyatımızın aşılanması yoluna xələl gətirən informaisyalar yayarsa o zaman həmin şəxs qurumdan xaric oluna bilər. Amma xaric olunmamışdan əvvəl həmin yazıçı və şairin qurumda qalıb-qalmaması məsələsi müzakirə edilir və sonra da təsdiqlənir. Tənqidlər bizə gəlib çatırsa, bu normal qarşılanır, amma tənqid hədsiz təhqirlərə çevriləndə isə artıq biz də hər hansı bir tədbiri görməyə məcbur oluruq. Deyim ki, məşhur imzalar da arada olur ki, tənqid edir, amma bu haqlı tənqid də ola bilər. Biz buna diqqət edirik və dəyərləndirməyə çalışırıq. Amma sıradan bir yazıçı isə sadəcə məşhur olmaq və imzasını gündəmdə saxlamaq üçün bunu edir. Bəzisi də deyir ki, biz əvvəl təriflədik, bizi başa çıxartdız, indi tənqid edirik, bizi qurumdan xaric edirsiz. Buna da cavabım odur ki, o şəxslərə “bizi tərif elə” deyən yoxdu və bu tərifə də ehtiyacımız yoxdu. Bir də ki təriflərin də sonu gəlir təmənnaya çıxır. Bu da heç yaxşı hal deyil. Təmənna da ev, təqaüd və təltifdir. Ələmzar Sadiqqızı, Südabə Sərvinin və Elsevər Məsimi də yazılarında tənqid elementlərindən çox təhqirə yol verirdilər. Biz tənqidlə barışa bilərik, təhqirlə yox. AYB-də heç kimi birdən-birə xaric etmirlər, bir ara vaxt veririk ki, tutduğu mövqedən daşınsın. Amma eynilik davam edəndə tədbir görməyə məcbur oluruq. Bir də nizamnamədə də yazılıb ki, qurumu təhqir etdiyi təqdirdə həmin şəxs kənarlaşdırılmalıdır. Bütün etdiyi hərəkətlər, dediyi təhqirlər aktlaşdırılır və verilir rəhbərliyə. Səlahiyyət də rəhbərliyin əlindədir. Əgər gələcəkdə həmin şəxslər peşman olarlarsa, yenidən Yazıçılar Birliyinə qayıda bilərlər. Amma qeyd edim ki, o şəxslərin ədəbiyyatda mövqeləri çox zəifdi”
Millət vəkili, yazıçı Aqil Abbas:
– Əgər bir yazıçı və ya şair Yazıçılar Birliyini tənqid edirsə, onu kimsə kənarlaşdıra bilməz, amma tənqid adı ilə təhqirə keçirlərsə, bu ayrı bir məsələdir. Həm də bu ədəbi kəsimin nümayəndəsi üzvü olduğu qurumu tənqid edir, bəs o zaman adama deyərlər ki, niyə tənqid etdiyin qurumun üzvüsən? Bir də mən təhqirə görə Azərbaycan Yazıçılar Birliyindən kiminsə çıxarılmasında qeyri-aid bir şey görmürəm. Amma tənqidə görə kimisə çıxarda bilməzlər və mən də belə bir şey eşitməmişəm. Bir də ki nizamnamədə də var axı bunların hamısı. Bəziləri də qəbul olunandan sonra elə bilir ki, Yazıçılar Birliyi elə dövlətdir və onları da qolunun altında tutub saxlamalıdır. Bu, düzgün yanaşma deyil. Qeyd edim ki, mən də Yazıçılar Birliyini tənqid eləmişəm, bəs niyə məni çıxartmırlar? Haqsız yerə təhqir edənlər, mətbuatda səhv məlumat verənlər də var. Onlar da bir az ara qatırlar.
Yazıçı Seyran Səxavət:
– Yazıçılar Birliyinə üzv olmaq üçün nizamnamə oxuyub qəbul etməlisən və sonra da sənin sənədlərinə baxılır, üzvlüyə qəbul edilirsən. İnandırım ki, bu günə kimi o nizamnaməni heç oxumamışam da. Bilirəm ki, Yazıçılar Birliyi var, mən də oranın üzvüyəm və bununla da fəxr edirəm. Amma son zamanlar yaşanan bəzi problemlərdən xəbərdar deyiləm. Bir də ki üzv olduğu qurumu təhqir edəni lap yaxşı edib kənarlaşdırıblar. Amma bu quruma ürəyi yanıb tənqid edənlər varsa, bu artıq o qurumun rəhbərliyinin səlahiyyətində olan bir işdir. Yazıçılar Birliyindən tez-tez şair və yazıçıların xaric edilməsi isə yaxşı hal deyil. Günah qurumun özündədir. Mən onların son illərdəki bəzi fəaliyyətlərindən narazıyam. Çünki qapını, pəncərəni, bacanı da açıq qoyublar və kim gəldi də keçiriblər Yazıçılar Birliyinə. Daha bunların savadı, istedadı var, ya yoxdu onları maraqlandırmayıb. Ümumiyyətlə, yazıçılığa adiyyatı olmayanları da qəbul ediblər. İndi də onun cəzasınıı çəkirlər.