Jurnalist Ekspert Mərkəzi norveçli jurnalisti qınadı

Ceyhun Musaoğlu: “Amir Asgharnejadın hərəkəti dünya jurnalistikasına ləkədir”

“Son aylar bəzi xarici mətbuat orqanlarının Azərbaycana yönəlik tənqidlərində subyektiv məqmaları görməmək mümkün deyil. Əlbəttə media azaddı və jurnalistin fikirlərini sərbəst ifadə etmək hüququ var. Bir şərtlə ki, faktlar təhrif edilməsin, informasiyalar müxtəlif mənbələrin köməyi ilə dəqiqləşdirilsin, təqdimatda tərəfsizliyə ciddi olaraq əməl edilsin. Təəssüf ki, KİV-lərin söykəndiyi beynəlxalq standartların yaradıcısı hesab edilən Avropa mətbuatında bu prinsiplərdən uzaq yazılar son vaxtlar tez-tez dərc olunur”.

Bu fikirlər Jurnalist Ekspet Mərkəzinin yaydığı bəyanatdandı. Bəyanatın hazırlanması səbəbinə aydınlıq gətirən JEM-in sədri Ceyhun Musaoğlu əməkdaşımzla söhbətində konkret bir faktla bağlı deyib ki, Azərbaycanda “Eurovision” yarışmasının keçirildiyi ərəfədə özünü İranın “Tekon” televiziyasının əməkdaşı kimi təqdim edən adı və soyadı bilinməyən mikrafonlu adamın nəlayiq hərəkətləri həmin sujeti görən hər kəsdə ikrah hissi oyadıb: “Mən o sujetə baxanda təəssüratımı bir cümlə ilə ifadə etdim. Dedim ki, bu adam normal düşüncə sahibi deyil. Onun hərəkətlərindəki anormallıq jurnalistliyindən xəbər vermirdi. Əlbəttə etiraz əlaməti olaraq elə həmin gün JEM adından bəyanat yaya bilərdik. Sadəcə gözlədik ki, bu anlaşılmazlığa qarşılıqlı reaksiyalarla daha da aydınlıq gəlsin. Bir gün sonra İranın Azərbaycandakı səfiri ölkəsinin “Tekon” adlı televiziyaya malik olmadığını bildirdi və xoşagəlməz sujetin müəllifinin onların ölkəsinin vətəndaşı olmadığını dedi. Ardından xəbər yayıldı ki, guya həmin adamı Bakı Beynəlxalq Aeroportunda polislər incidib. Norveç Yayım Korporasiyasının kommunikasiya direktoru Tommy Hansenin açıqlamasından belə çıxdı ki, tamaşaçıda ikrah yaradan reportajın müəllifi Norveçdə satirik proqram aparıcısı Amir Asgharnejaddır. «Eurovision 2012» həftəsində Norveç heyətində Bakıya gəlib və burda Azərbaycanla bağlı satirik video-süjetlər hazırlayıb. Onun aeroportda incidilməsiylə bağlı iddialara Xarici İşlər Nazirliyi cavab olaraq bildirdi ki, jurnalist ölkəyə gələndə saçı uzun, üzü isə tüklü olub. Burdan çıxanda isə saçını kəsdirib. Bu fərq aydınlaşdırıldıqdan sonra jurnalist təyyarəsinə belə gecikmədən ölkəsinə qayıdıb”.

JEM sədri təəssüflə qeyd edir ki, Azərabaycan bayrağına təpik atan, ölkə vətəndaşlarını təhqir edən və möhtəşəm “Eurovision 2012” Mahnı Müsabiqəsini aşağılamağa çalışan əli mikrafonlu adam nəinki jurnalist, ümumiyyətlə, normal insan adına yaraşmayan hərəkətlərinə yalan danışmaqla don geyindirmək istəyir: “Özünü bizim həmkarımız kimi təqdim edən Amir Asgharnejadın hərəkəti dünya jurnalistikasına ləkədir. O, jurnlaistikanın bütün prinsiplərini pozmaqla bizim müqəddəs peşəmizə həqarət yaxmış oldu. JEM olaraq belə halı pisləyir və Norveçli həmkarlarımıza müraciət edirik ki, Amir Asgharnejad kimi “jurnalistlərə” haqlı iradlarını ifadə etsinlər, nəinki Norveç Yayım Korporasiyasının kommunikasiya direktoru Tommy Hansen kimi mövqe tutmaq. Əminik ki, həmin “jurnalist” cənab Hanseni də birtərəfli informasiya ilə aldadıb”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO