Jurnalist təşkilatı gənclər üçün seminar keçirib

Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Sosial problemlərin həllində region gənclərinin iştirakının dəstəklənməsi” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti seminar Biləsuavar rayonundakı Cəbrayıl qəsəbələrində keçirilib. Tədbirdə müxtəlif peşə sahibi olan 50-yə yaxın gənc iştirak edib.

JAM sədri, layihənin direktoru Seymur Verdizadə vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolundan danışıb. O, indiyə kimi ölkədə 3 mindən artıq QHT-nin qeydiyyatdan keçdiyini, həmin təşkilatlarda əsasən gənclərin fəaliyyət göstərdiyini bildirib.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli seminar iştirakçılarını vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməyə səsləyib. M.Ələsgərli gəncləri QHT təsis etmək üçün tələb olunan hüquqi prosedur barədə məlumatlandırıb.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əli Ağakişiyev isə yerli hakimiyyət orqanlarının həmişə fərdi təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Tədbirin sonunda natiqlər seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO