Ədalət Əsgəroğlu: “Bu birliyin üzvü ola-ola arxada öz işlərini görən demaqoqlar üç hissəyə bölünürlər”
Modern.az saytında bir neçə gün öncə Anar Rzayevin Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyindən gedə biləcəyinə dair informasiyanın dərc olunması ədəbi dairələrdə böyük səs-küy doğurdu. Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğluna istinadən verilmiş həmin informasiyada bildirilib ki, müsahibələrin birində Anar “mən qurultay öncəsi öz qərarımı verəcəm” deyib.
Ə.Əsgəroğlu Modern.az-a müsahibəsində Anarın heç vaxt birmənalı olaraq, AYB rəhbərliyindən gedəcəyini söyləmədiyini deyərək, bu və digər məsələlərdən danışdı.
– Ədalət müəllim, siz artıq neçə ildi Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi kimi işləyirsiz ?
– Hardasa 2002-ci ilin oktyabr ayının 1-dən bu vəzifədə çalışıram. Yazıçılar Birliyi ictimai bir qurum və yazıçıların evi olduğuna görə mən bu sahədə olan bütün işlərə bacardığım qədər kömək edə bilirəm. Daim də enerjimin çəkisinə, həcminə uyğun hərəkət edirəm. Hərdən yaxşı və pis işlərim də, səhvlərim də olur. Mən səhvlərimi etiraf etməyi bacaran insanam. Etiraf etmək mənim üçün həyat amalı kimidir. Bu etdiyim etiraflar heç vaxt özümə bəraət qazanmaq biçimində olmayıb. Çalşıram səhvlərim az olsun.
– Bu işdə çalışmaq çətin deyil ki ?
– İnanın bu işdə işləmək həddindən artıq çətindi. Amma bu ağırlıq artıq mənim canıma, qanıma hopub. Eyni zamanda da ağırlığın özündə də bir yaşam tərzi tapmışam. Mənə elə gəlir ki, bu ağırlıq, problemlər işimdə və həyatımda bir tıxac yaradır. Və mən də artıq bu tıxaclara alışmışam. Bu tıxaclar olmasa, bəlkə mənə işləmək, yaşamaq çətin olardı. Amma bütün bunlarla yanaşı, məni ancaq bir məsələ düşündürür, o da ki, insanlıqdır. İnsanlıq olan yerdə mən də daim varam.
– Belə anladım ki, siz Yazıçılar Birliyini öz eviniz sayırsız ?
– Yazıçılar Birliyini öz evim kimi görməsəydim, burda çalışa bilməzdim. Həm də mən burda işləyirəm, maaş alıram. Həmişə də bu qurumun təəssübünü çəkənlərdən biri olmuşam. Ona görə də Yazıçılar Birliyi məni daim qiymətləndirib. İndiyə kimi nə xaiş etmişəmsə, imkan daxilində həyata keçiriblər. Alınmayanda da deyiblər ki, gələn il edərik. Və mən o işləri xatırlatmadan gələn il istəklərimi reallaşdırıblar.
– Yazıçılar Birliyi sizi qiymətləndirib deyəndə məhz kimlərin diqqət və qayğısıın olduğunu nəzərdə tutursuz ?
– Anar müəllim və Fikrət Qoca da daim məni diqqətdə saxlayıb.
– Bu birliyin üzvü ola-ola da şikayət edib, söz yayanlar çoxdu deyəsən ?
– Belə insanlar var. Bu birliyin tərkibində ola-ola arxada öz işlərini görənlər də var. Belə insanlara mən demaqoq deyərdim. Bu demaqoqlar da üç hissəyə bölünürlər. Birincilər məhz kiminsə diqtəsi ilə çalşırlar. Bu insanlar da daim ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Amma əsas insanların özləri həmişə kölgədə qalır və bəzi insanları ortaya atırlar. İkinci qisim insanlar isə adlarının Anar müəllimlə və digər rəhbərlikdə olan insanlarla yanaşı çəkilməsini bir növ məşhurluq kimi qələmə verirlər.
– Bəs bu dediyiniz ikinci qisim insanlar sırasına tənqidçi Əsəd Cahangiri aid etmək olar ? Çünki bu yaxınlarda o, mənzil məsələsində kəskin ittihamlarla çıxış edirdi. Demişdi ki, bura Yazıçılar Birliyi yox, məhz Katibələr Birliyidir.
– Yox mən onun dediyinə qəti bir söz deyə bilmərəm, amma belə deyək də bura Katibələr Birliyidisə, o zaman o ərizəsini verib çıxsın və olmasın bu birliyin üzvü. Amma siz bir fikir verin ki, Anar müəllim ona bir kəlmə də cavab vermədi. Çünki biz insanları fikirlərinə görə ittiham edə bilmərik. Amma bu quruma əks gedən bəzi gənclər elə düşünürlər ki, onlar nəsə bacaracaqlar. Yanıldıqlarını çox gec anlayacaqlar. Əgər elə olmasaydı Nizami Gəncəvi, Sədi Şirazi, Dostayevski, Mirzə Ələkbər Sabir və başaları ən güclü əsərlərini yaşlı vaxtlarında yazmazdılar. Ədəbiyyata da addım-addım getmək lazımdı. Bizim quruma əks gedən gənclərin çoxu sadə mətləbləri çətinləşdirib yazırlar, amma şərt o deyil. Əsas odur ki, çətin mətləbləri sadələşdirib deyə biləsən. Bax o zaman yaxşı bir yazar sayılarsan.
– Bayaq üç qisim insanlardan danışdınız, amma ikisinin adını çəkdiniz . Bəs üçüncü qisim insanlara kimləri aid etmək olar ?
– Üçüncü qisim insanlar isə müəyyən dəstələrə bölünmüşlərdi. Ədəbi mühitdə hardasa altı dəstə var. Amma bu dəstə başçıları həyatda tanış olsalar da, arxada öz işlərini görüb, əlaltıılarına bir-birilərinə gözdən salmağa əmr verirlər. Burda da uduzan yalnız ədəbiyyatımızdı.
– Anar müəllimə qarşı üzdə danışa bilməyənlər belə çıxır ki, altdan-altdan öz işlərini görür.
– Anar müəllim ədəbiyyatımız üçün həqiqətən iş görən insandı. İnandırım sizi, Anar müəllimin arxasınca danışanların birini gətirib vəzifəyə qoysan, heç iki saat belə, bu işləri idarə edə bilməz. Heç mənim əyləşdiyim stolda belə, otura bilməzlər. Çox ağırdır bu işlər.
– Son iki ay Yazıçılar Birliyi üçün çox çətin və söz-söhbətli oldu. Birinci Anar müəllim gənclərə həcv yazdı və aləm dəydi bir-birinə, sonra mənzil problemi gündəmi işğal etdi, arxasınca da iki gənc yazarın İranda həbs olunması insanları narahat etməyə başladı. Sanki Yazıçılar Birliyi televiziyada izlədiyimiz kriminal verilişlərə bənzədi. Problem və çətinliklər səngimək bilmir.
– Yazıçılar Birliyində daim qurultay öncəsi belə problemlər meydana çıxır. Elə təqaüd, mənzil və digər təltiflərin verilməsi həmişə qalmaqalla, səs-küylə müşayiət olunub. Amma tərslikdən bu il elə gətirdi ki, qurultay öncəsi mənzil məsələsi gündəmə çıxdı. Bəzi insanlar da öz dırnaqarası vəzifələrini icra etməyə başlayıb, ictimaiyyəti də çaşqınlığa doğru yönəltdilər. Bəziləri də saxta ittihamlarla özlərini önə çəkdilər. Anar müəllimin humanistliyindən sui-istifadə edənlər də oldu.
– Bayaq dediniz ki, bu qurum sizin evinizdir və çətinlikləri də olur. Bəs başınızı tutub burdan və çətinliklərindən qaçmaq istədiyiniz zamanlar olubmu ?
– Mən özümü elə aparmıram ki, kimlərsə məni bezdirə bilsin və mən də burdan yorulum qaçmaq istəyim. Və bu adamlar da məni bezdirmək gücündə deyillər. Çünki mən həddindən artıq səbrli, qorxmayan, çəkinməyən bir insanam. Bir sözlə, mən ölümü tanıyan insanam. Mən sadəcə dar düşüncəli insanlardan bezirəm və onların bu hallarına məyus oluram. Axı yazıçı, şair dar düşüncə ilə həyata baxmamalıdı.
– Siz burada uzun illərdi çalışırsız və hər gün də zənglərə cavab verirsiz ? Bəs bunun sayını-hesabını heç düşünmüsüz ?
– İnandırım sizi bu telefon heç susmur. Həm əl telefonum, həm də ev telefonum ancaq zənglərə həsr olunub. Bir gün şərt üçün hər üçünə gələn zəngləri hesabladım, inanın hardasa 250 zəng olub. Əksəriyyəti də mətbuat işçiləri olub.
– Bəs bu zənglərin içində sizdən, elə Anar müəllimdən də narazı olan insanlar da varmı ?
– Elə insanlar həmişə olub və olacaq da. Amma mən istəməmişəm və buna da çalışmışam ki, insanlar Yazıçılar Birliyinə sağmal bir inək kimi baxmasınlar. Bəzən şikayət edənlər olur və bu da çox normal bir haldır. Bayaq da dediyim kimi bunların hamısı təqaüd və təltif olunmalar zamanı meydana çıxır, narazılıqlarını bildirir. Adlarının təqaüdə və təltiflərə niyə düşməməməsinə etiraz edirlər.
– Bəs sizə elə gəlmir ki, burada sizin öz fikirləriniz, fəaliyyətiniz kənarda qalır və ancaq Anar müəllimin maraqlarının müdafiəsi ilə məşqul olursuz ?
– Yenə də təkrar edirəm mən burda işləyirəm və maaş alıram. Təbii ki, buranın təəssübünü çəkməliyəm. Bu çox normal bir haldır. Bir də onu da qeyd edim ki, elə bir hal olmayıb ki, Anar müəllim mənə ya əmr etsin, ya nəsə desin və mən də öz maraqlarımıza görə hansısa hərəkəti edim. Belə bir halın olması mümkün deyil. Ancaq Yazıçılar Birliyinə hansısa hücumlar olanda mən mütləq cavab verməli oluram. Bir də Anar müəllimə nahaqdan söz deyənlər də çox olur. Amma mən görmədim və eşitmədim ki, o mənə desin “get mənim haqqımda yaz”, ya nəsə ayrı bir hərəkət et. Anar müəllim o əxlaqın yiyəsi deyil və bunu heç vaxt etməz də. O, insanları fikirlərinə görə ittiham etmir. Anar müəllim çox humanist insandır.
– Bu işlər sizi yaradıcılığınızdan çox ayırır və zamanı da daraldır .
– Əlinə qələm tutub yazan yaradıcı insanlar bilir ki, əsl yaradıcılıq nədir və bu yaradıcılıq necə bir zəhmət hesabına yaranır. Müəyyən idealogiyanı yaradıcılığında izləyə bilən, yazı texnologiyasını bilənlər də var. Amma Allahı verdiyi vergi ayrıdır.
– Son zamanlar ədəbi kəsimin bəzi nümayəndələri hər yerdə belə bir ifadə işlədir ki, “Anar müəllim artıq çox yorulub, işini yaxşı görə bilmir, bir insana hər hansısa bir vəzifə ömürlük verilə bilməz və o bu vəzifədən getməlidir“. Bəs siz belə sözləri eşitmisiz və ya Anar müəllim özü nə vaxtsa deyibmi ki, “mən artıq yorulmuşam, getmək zamanıdı“ ?
– Yox mən şəxsən Anar müəllimdən belə bir söz, ya hər hansısa bir fikir eşitməmişəm. Amma hansısa qəzet, ya sayta verdiyi müsahibələrin birində belə bir söz demişdi ki, “mən qurultay öncəsi öz qərarımı verəcəm”. Amma bu söz olaraq da qala bilər, çünki hələ qurultaya bir neçə ay var. Anar müəllim yenidən namizədliyini irəli sürsə, biz onu rəhbər kimi seçməyə hazırıq. Bununla yanaşı, başqa alternativ şəxslərin də bu vəzifəyə öz namizədliyini irəli sürməsi üçün imkan yaradılacaq. Artıq alternativ namizəd olmaq istəyənlərdən bəziləri isə bir az ayrı tərzdə öz fikirlərini irəli sürməyə başlayıblar. Guya, Anar müəllim bunları rəhbərlik sevdasından uzaqlaşdırır. Bir neçə nəfər isə deyir ki, “Anar müəllim namizədliyini verməsə, biz öz adımızı irəli sürərik”. Bu nə dərəcədə doğrudur? Sadəcə hamısı riyakarlıq edirlər. Amma namizədliklərini irəli sürməklə də biz yazıçıları seçim qarşısında qoyurlar.
Anar müəllim desə ki, “mən imtina edirəm və namizədliyimi irəli sürməyəcəm” o zaman bu vəzifəyə layiqli bir insanı seçmək lazımdı. Həmçinin bu namizəd beynəlxalq göstəricilərə də cavab verməlidi. Amma hələ ki, Anar müəllimin getmək kimi bir fikri yoxdur. Həmçinin Anar müəllimin yorğun və bezgin olduğunu düşünənlər də yanılır.