Mayın 16-da Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti “Reklamların dəyişdirilməsi, onun verilmə üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi” adlı dəyiri masa keçirdi. Tədbir Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəştəyi ilə “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri Elman Cəfərli problemin aktuallığından danışaraq bildirdi ki, artıq 15 ildən artıqdır ki, KİV-lərdə böyük miqdarda reklamlar görünür, lakin hələ də reklamların vacibliyi, onların mənəvi aspektləri, qanunvericilik təminatı barədə mübahisələrə son qoyulmayıb: “Mövzunun aktuallığını nəzərə alaraq bu istiqamətdə müxtəlif araşdırmalar aparmışıq, çalışırıq ki, bu məsələ medianın gündəmində qalsın. Araşdırmalar onu göstərir ki, insanlar reklamdan razı deyil. Reklam bazarında yerli reklamların azlığının bir səbəbi də ölkəmizdə reklam mütəxəsislərinin qıtlığı ilə bağlıdır. Bir neçə universitetdə reklam sahəsi üzrə kadr hazırlanır, lakin onların hazırlanmasında vahid proqram yoxdur, həmin kadrlar da reklam bazarında işləyə bilmir. Başqa bir problem isə, reklam şirkəti və televiziyaların həm istehsalçı, həm də yayıcı olması ilə bağlıdır. Artıq gələn aydan etibarən insanların reklama olan münasibətini öyrənmək üçün paytaxtda və Muğan bölgəsində sorğular keçirəcəyik. Bu sorğuların nəticələrini ictimaiyyətə çatdıracağıq”. “Yeni Həyat” İctimai Birliyinin sədri Müşfiq Həsənov bazar manasibətləri formalaşandan sonra reklamların sayı artdığını bildirdi: “Ölkəmizdə reklamların hüquqi bazasının formalaşmasını təmin etmək üçün 1997-ci ildə qanun qəbul olunub. Həmin qanun dövrü üçün aktual olsa da, ancaq cəmiyyət inkişaf etdikcə dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Reklam fəaliyyətində normativ bazanın formalaşmasına da ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda yaxşı reklam anlayışına uyğun reklamlar yoxdur. Reklamların çatdırılması üçün bir neçə yol olsa da, şirkətlər daha çox televiziyada reklam verməyi üstün tuturlar. Bu da ciddi problemlərdəndir”. M.Həsənov yerli reklamların inkişafı üçün bu sahədə milli əsasların hazırlanmasına ehtiyac olduğunu bildirdi. “Reklamın hazırlanması ilə bağlı elmi əsaslar hələ XIX əsrdə formalaşıb, buna görə də, yenidən bu istiqamətdə işləməyə ehtiyac yoxdur. Bizim reklamların əsas problemi isə milli elmi standartların olmamasıdır. Reklam faəliyyətinin milli standarlarının yaradılması vacibdir. Bunun hazırlanması üçün beynəlxalq təcrübələr, eyni zamanda ayrı-ayrı ölkələrin təcrübəsindən olan analoji standartlardan da istifadə edə bilərik”. O həmçinin həm istehsalçılar, həm vasitəçilər eyni zamanda istehlakçıların maariflənməsinin aşağı səviyyədə olmasının, onların hüquqlarının pozulması ilə nəticələndiyini bildirdi. “Bəzən reklamlar elə keyfiyyətsiz hazırlanır ki, anti reklama çevrilir. Bu isə, həmin şirkətlərin iflası ilə belə nəticələnə bilər. Ona görə də, reklam işi ilə güclü bir qrup məşğul olmalıdır. Problemlərdən biri də sosial reklamların azlığıdır. Bu sahənin dövlət tərəfindən stimullaşdırılmasına ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda reklam fəaliyyətinin mükəmməlləşdirilməsi ilə əlaqədar dövlət proqramı hazırlanması ilə bağlı təkliflər hazırlayır. Bu tədbirdə səsləndirilən fikirlər, aparılacaq sorguların yekunun həmin proqrama daxil edilməsinə də ehtiyac var”. Sosial Hüquqların Monitorinq Mərkəzinin rəhbəri Azad İsgəndərli xarici reklamların keyfiyyətsiz və anlaşıqsız tərcüməsinin ciddi problem olduğunu bildirdi: “Bu gün telekanallar səviyyəsiz reklamlarla doludur. Bunlar tamaşaçıların zövqünü korlayır. Buna görə də insanlar yerli kanallardan daha çox xarici televiziaylara baxır. Bunun əsas səbəbi reklamlardır. Milli ruhu oxşayan reklamlar olsa, insanların marağı da artar. Bu cür reklamlar milli mədəniyyətə ikrah hissi yaradır. Ona görə də, bu məsələdə sadəcə danışmaqla həll olmaz, bunun üçün xüsusi tapşırıq laızmdır. Bundan başqa ictimaiyyət də maraqlı olmalıdır. Çox təəssüf ki, bu gün reklamla məşğul olanların əksəriyyəti bu işi bacarmır”. Hüquqşünas Səməd Vəkilov bu gün rekam haqqında qanunda reklamlarla bağlı tələblər dəqiq göstərildiyini dedi. Amma bu gün kiçik bir sorğu keçirsək reklamlardan nə qədər razı olmaqları ilə bağlı əksəriyyət razı olmadığını deyəcək, xüsusən də dil məsələsində fikirlər birmənalıdır: “Təəssüf ki, bu gün baxdığımız reklamların əksəriyyəti xarici dillərdədir, bu da qanunvericiliyin tələblərini pozur. Lakin problemlər nə qədər çox olsa da, bunun əsas həll yolu ictimai nəzartələ həll oluna bilər. Bunun üçün də bu sahə ilə məşğul olan QHT-lər və hər bir şəxs reklamlarla bağlı məsələni qaldırmağı bir vətəndaşlıq borcu hesab etməlidir. Bu məsələdə Milli Televiziya və radio Şurası məşğul olmalı və bu məsələni diqqətdə saxlamalıdır”. Xarici ölkələrin təcrübəsini nümunə gətirən “Uğur” Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev Türkiyə, Rusiya televiziya kanallarında yayımlanan reklamlarda az bir vaxtda çox informasiya çatdırdığını bildirdi. Bunun əsas səbəbi reklamı çəkənlərin qeyri-peşəkarlığıdır: “Ancaq təəssüf ki, bu gün yerli televiziyaların aparıcıları, istərsə də onu hazırlayanlar reklam etdikləri məhsulların mahiyyətini dərk etmirlər. Reklam haqqında qanunda əvvəlcə uşaq verilişləri arasında reklamlar qadağan olunurdu, sonrakı dəyişikliklərdə bu maddə ləğv edildi. Reklamların verilməsində bir sistem olmalıdır. Reklamların tərcüməsində də problemlər də var, həmin reklamlarda effekt itirilir. Reklamların bu formada hazırlanması, həmin məhsullara olan inamı itirib. Bundan başqa Milli Televiziya və Radio Şurasının müdaxiləsinə, həm də qanunda dəyişikliklərə ehtiyac var”. Söz Azadlığı fondunun eksperti, araşdırmaçı jurnalist Nəzirməmməd Quliyev araşdırmalar zamanı ciddi problemlərin aşkar olunduğunu bildirdi. “Paytaxt küçələrində apardığımız araşdırmalar zamanı müəyyən olundu ki, reklamların yalnız 6%-iAzərbaycan dilindədir, qalanları ingilis, rus, hətta Çin, yapon heroqliflərində restoran adları müəyən olundu. Bununla bağlı Ədliyyə, Vergilər Nazirliklərinə, Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi və digər aidiyyatı qurumlara müraciət etdik. Milli Televiziya və Radio Şurasına da məktub göndərdik. Lakin heç bir dövlət qurumundan aldığımız cavab qaneəedici olmadı. Dil haqqında qanun 7.1-ci maddəsində göstərilib ki, bütün yazılar Azərbaycan dilində yazılmalıdır, yalnız zərurət olduqda digər dillərdə də verilə bilər, lakin xarici dildə olan variant azərbaycan dilindən sonra gəlməli və şrifti daha kiçik olmalıdır. Dövlət qurumları bizə verdikləri cavabda xarici dildə reklamların verilməsini belə əsaslandırıblar ki, qanunda göstərilib ki, zərurət olduqda xarici dildə verilə bilər”. N.Quliyev həmçinin bir sıra ölkələrin reklamla bağlı təcrübələrinin də araşdırıldığını bildirdi: Bir sıra ölkələrin reklam fəaliyyətini necə tənzimlədikləri ilə bağlı araşdırma aprdıq. Bununla bağlı Türkiyədə 1932-ci ildə dilə nəzarət üçün Dil qurumu yaradılıb, Litvada dil müfəttişi var ki, ancaq dil və reklam məsələri ilə məşğul olur. Estoniyada belə pozuntular zamanı televiziyalar cərimələnir. Qazaxıstanın Mədəniyyət Nazirliyi təklif hazırlayıb ki, 2013-cü ildən bu ölkədə heç bir reklam xarici dildə yazılmayacaq. Dubayda bütün yazılar ilk növbədə ərəb dilində yazılır. Araşdırdığımız təcrübələrə əsasən bir nəticəyə gəldik ki, bu işlə məşğul olan bir qurum yaradılmalıdır”
Təkcə televiziya yox, eyni zamanda digər media orqanlarında və küçələrdəki reklamlardakı ən ciddi problem məhz dillə bağlı olduğunu deyən “Ortaq dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bunun əsas səbəbinin reklamı hazırlayanların rusdilli olması ilə bağlı olduğunu bildirdi. “Bundan başqa efirimizdə reklam adı altında verilişlərin hazırlanmasıdır. Bu tip verilişlərdə bir saat boyunca, hansısa xəsətəxana reklam olunur. Tamaşaçı belə verilişlərdən heç nə öyrənmir, çünki hansısa xəstəliklə bağlı heç bir informasiya verilmir. Başqa bir problem sosial reklamlarla bağlıdır. Bu gün QHT-lərin yetərincə büdcəsi yoxdur ki, sosial reklam çəksin. Ona görə də, Şirkətlər QHT-lərlə birlikdə işləməlidir”.