“Azad Azərbaycan” (ATV) telekanalının rəhbəri Tağı İbrahimovun qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qardaşının telekanalda tutduğu vəzifədən uzaqlaşdırılması məsələsinə münasibət bildirib. Komitə sədri SalamNews-a eksklüziv müsahibəsində deyib ki, ATV-də yalnız menecment dəyişib.
Nazim İbrahimov bildirib ki, ATV-yə daim yeni baxış var. İndiki dövrdə televiziya kanalının daha da səmərəli fəaliyyət göstərməsi üçün menecment dəyişikliyinə ehtiyac yaranır. “Bir dövlət məmuru kimi ATV-yə müdaxilə etməyə heç bir ixtiyarım yoxdur. Sadəcə olaraq təsisçilər hesab edirdi ki, ATV-də menecment dəyişilməlidir. Ona görə də ATV-də menecment dəyişildi. İnanıram ki, yeni rəhbərlik gələcəkdə ATV-nin daha da baxımlı televiziya kanalı olmasına kömək edəcək”, – N.İbrahimov deyib.
Komitə sədri prezident İlham Əliyevin ötən aylarda keçirdiyi müşavirə zamanı bəzi özəl telekanalların verilişləri barədə səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: “Əlbəttə ki, ATV-də hər zaman cənab prezidentin tövsiyələrinə əməl olunur. Güman edirəm ki, müasir dövrdə televiziya kanalları öz efir görünüşlərini dəyişsələr daha yaxşı olar”.
Xatırladaq ki, ATV-yə tanınmış telejurnalist, uzun müddət Lider TV-də çalışmış Vüqar Qaradağlı rəhbər təyin olunub.
Paylaş