Mehman Əliyevin jurnalist evləri ilə bağlı ehtiyatsız sözü geniş etiraz doğurub

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün bina tikildiyi hər kəsə məlumdur. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mənzillərin 2013-cü ilin sentyabrında jurnalistlərin istifadəsinə verilməsinin nəzərdə tutulduğunu deyib: “Jurnalistlərdən sənədlərin qəbulu 2013-cü ildə həyata keçiriləcək. Evlərin verilməsi üçün əvvəlcədən kriteriyalar müəyyənləşəcək. Həmin kriteriyalar kütləvi informasiya vasitələrində elan ediləcək. Bu elandan sonra jurnalistlər fərdi şəkildə aidiyyəti üzrə tələb olunan sənədləri toplayaraq fonda təqdim edəcək”.

Evsiz jurnalistlərin mənzil probleminin həlli üçün inşa edilən bu binanın tikilməsini jurnalistlərə dövlətin dəstəyi kimi qəbul edən çoxsaylı insanlarla bərabər, bu mənzilin tikintisinin əleyhinə çıxan az sayda insanlar da var. “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində əvvəlcədən ev bölgüsünün ədalətlə aparılmayacağını proqnozlaşdırıb: “İndi bölgü necə olacaq? Kim hakimiyyətə daha sadiq, daha yaxın olacaqsa, evi də o alacaq? Bunu dövlətin jurnalistə qayğısı kimi göstərirlər. Əslində isə mətbuatın inkişaf etməsi üçün bütün yollar bağlanır, sonra da gətirib jurnalistin qarşısına sümük atırlar. Mən bunu sümük kimi qəbul edirəm. Azərbaycan jurnalisti hakimiyyətdən tələb etməlidir ki, reklam pulunu bazara qoysun. Çap mətbuatına reklam bazarının həcmi artırılsın. Mətbuatın özünü ayaqda saxlaması, yaşaması üçün şərait yaradılsın. Yoxsa yüz ev tikib, bunu minlərlə evsiz jurnalistin qarşısına sümük kimi tullamaq doğru deyil”.

Əlaqə saxladığımız tanınmış mətbuat nümayəndələri M.Əliyevin fikirlərilə, xüsusilə də “sümük məsələsi” ilə razılaşmır, bu sözü bütün jurnalist ordusu üçün təhqir sayırlar. Ekspertlərin sözlərinə görə, hələ tam reallaşmayan bir məsələ haqda əvvəlcədən fikir yürütmək, olmayan bir şeyi iddia etmək yersizdir. Mətbuat nümayəndələrinin sözlərinə görə, jurnalistlər binasının tikintisi birbaşa onların rifahının həllinə yönəlib. Azərbaycan dövlətinin jurnalistlərə yardım məsələsində bölücülük mövqeyi tutmadığını düşünən ekspertlər M.Əliyevin bu açıqlamasının heç bir fakta söykənmədiyini deyir. Onlar bildirir ki, son illər dövlət tərəfindən həyata keçirilən bütün tədbirlərdə müxalifət qəzetlərində çalışan jurnalistlər də mükafatlandırılıb.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında M.Əliyevin görülən işin nəticəsini gözləmədən belə bir fikir səsləndirməsini təəssüflə qarşıladığını bildirdi: “Mən onun fikirlərilə qətiyyən razı deyiləm. Bina tikilir, ancaq onun gələcəkdə hansı kateqoriya ilə, nə kimi şərtlərlə jurnalistlərə veriləcəyi məlum deyil. Amma bəzən görürsən ki, mətbuatda bu cür həqiqətəuyğun olmayan, qeyri-real fikirlər yer alır. Əvvəlcədən hansısa bir məsələ barədə rəy bildirmək yolverilməzdir. “Sən baş verməyən bir proses haqqında necə fikir yürüdə bilərsən? Bu sadəcə falçılıqdır. Dövlət vəsait ayırıb jurnalistlər üçün bina tikirsə, bunun özü böyük bir işdir. Dövlət mükafatlar verəndə də, keçirilən müsabiqələrdə də, digər məsələlərdə də jurnalistlərə ayrıseçkilik qoyulmur. Bunu o mükafatları alanların siyahısından da aydın görmək olur. Yəni Azərbaycan dövləti hansı jurnalistin müxalifət, yoxsa iqtidar qəzetində çalışdığına fərq qoymadan orden və medalları verir. Bundan başqa da, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi çoxsaylı müsabiqələrdə müxtəlif siyasi mövqelərdən çıxış edən, tamamilə fərqli qütbləri təmsil edən jurnalistlər mükafatlar alıb. Hesab edirəm ki, bu çox müsbət göstəricidir… Mən də arzu edirəm, jurnalistlər elə bir maaş alsın ki, özlərinə mənzil ala bilsin. Bu arzudur. Onun reallaşması mümkün olana qədər isə mətbuata yardım göstərilməlidir. Mətbuatın Dövlət Dəstəyi Konsepsiyasının məqsədi odur ki, medianın maddi-texniki bazası möhkəmləndirilsin. Bu da onunla bağlıdır ki, jurnalistlər gələcəkdə öz sosial problemlərini həll etməyi bacarsın. Ancaq bunun üçün zaman lazımdır. Dövlət öz vətəndaşlarına yardım göstərib onların problenlərini həll etmək istəyirsə, burada fərqli fikir axtarmaq lazım deyil “.

“Respublika” qəzetinin əməkdaşı, tanınmış jurnalist-şair Mahmud Vəli də Elçin Mirzəbəylinin fikirlərini bölüşür. M.Vəlinin sözlərinə görə, dövlətin maliyyə ayırıb jurnalistlər üçün ev tikdirməsi böyük işdir. Jurnalistlərin itlə müqayisə edilməsini heç cür anlamadığını deyən müsahibimiz hesab edir ki, hər bir media qurumu, jurnalist ev tikintisini dövlətin mətbuata qayğısı kimi dəyərləndirməlidir: “Son on ildə neçə jurnalist ev alıb? Onların sayı çox azdır. Dünyanın heç bir yerində dövlət büdcəsindən pul ayırıb jurnalistə ev tikmir. Jurnalistin evi var, yoxdur, bu o dövlətləri maraqlandırmır. Amma bizdə dövlət jurnalistə qayğı göstərir. Mehman müəllimə bir mətbuat işçisi kimi hörmətim var. Amma o nə üçün bu uğura barmaqarası yanaşır? Hələ bilinmir ki, mənzil kimlərə veriləcək. Ancaq əvvəlcədən xəbər verir. Jurnalist it deyil ki, ona sümük atalar, jurnalist dövlətinin, dövlətçiliyinin qeydinə qalan, xalqının rifahının yaxşılaşdırılması uğrunda mübarizə aparan bir vətəndaşdır. Sovet dövründə jurnalistlərə heç belə qayğı yox idi. Onda təşkilatlar ev tikib işçilərə verirdi. Bu gün isə azı 150 jurnalistin evlə təmin olunacağı gözlənir”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə düşünür ki, M.Əliyev bu fikirləri səsləndirməkdə heç də jurnalistləri təhqir etmək məqsədi güdməyib: “İnanmıram ki, o bununla jurnalistləri təhqir etmək məqsədi güdüb”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizimlə söhbətində dedi ki, M.Əliyev jurnalistləri itə bənzətməklə doğru etməyib: “Jurnalisti itə bənzədib ona sümük atıldığını demək qətiyyən düzgün ifadə deyil. Mehman müəllimin jurnalistlərin problemləri və bundan çıxış yolu ilə bağlı irəli sürdüyü təklifləri ayrı-ayrı yığıncaqlarda müzakirə etmişik. Amma həqiqət ondan ibarətdir ki, fəal, dövlətə və dövlətçiliyə xidmət edən jurnalist kəsimi sosial problemlərin içində əzilir…Jurnalist yaradıcı bir peşə sahibidir və onun yaxşı yaşamağa haqqı çatır. Heç kəs istəməz ki, jurnalist dövlətdən, müxalifətdən, hansısa bir siyasi kəsimdən asılı olsun. Sadəcə bu günə gəlib düşmüşük. Bu vəziyyətdən çıxış yolu da dövlətin mətbuata etdiyi yardımlardır. Bu köməyin hesabına Azərbaycanın istər müxalifət, istərsə müstəqil, istərsə də iqtidar mətbuatında çalışan jurnalistlər bu və digər mənada bəhrələnir. Niyə də bəhrələnməsinlər?”

A.Aşırlı bildirdi ki, dövlətin jurnalistlərə ev və digər mənada etdiyi köməkdən əndişələnməyə ehtiyac yoxdur”:Heç bir qəzetdə işləyən jurnalistin ev alması üçün onun qonorarı bəs etmir. Jurnalist cüzi maaşla ev ala bilmirsə, təbii ki, dövlətin onların evlə təmin olunması istiqamətində atdığı addımı müsbət qiymətləndirirəm. Sözsüz, iş olan yerdə söz-söhbət də olacaq. Mehman Əliyev, yəqin ki, bunu Yazıçılar Birliyinin timsalında deyir. Yəni onlar 9 mənzili bölüşdürə bilmir, problemlə üzləşirlər. Jurnalistlər üçün tikilən binada 150 mənzil var. Düşünürəm ki, ədalətli bölgü olsa, peşəsinə sədaqətlə xidmət edən jurnalist ev ala bilər. Hansı qütbdə təmsil olunmasına baxmayaraq”.

“Azadlıq” qəzetinin əməkdaşı, əməkdar jurnalist Gültəkin Knyazqızının fikrincə də, hələ başa çatmamış bir prosesə münasibət bildirmək tezdir: “Bina hələ tikinti prosesindədir. Mənzillər paylanmayıb, bölgü aparılmayıb ki, buna fikir bildirilsin. Burada hansısa bir ayrıseçkiliyin baş verəcəyi deyilsin. Bu haqda danışmaq hələ tezdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO