”Başqa telekanallarda uşaq verilişlərinə çıxmağın pullu olduğu barədə söhbəti mən də eşitmişəm”
Modern.az saytında telekanalların tanınmış aparıcıları ilə müsahibələr silsiləsindən bu dəfə qonağımız ANS-in “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyevadır.
Əslən Laçından olan İrəm Nəbiyeva 2008-ci il sentyabrın 15-dən ANS TV-də işləyir. Əvvəlcə “Türkün məsəli” verilişinin aparıcısı olub. 2009-cu ildə “Elli və dilli” verilişinə layihə rəhbəri kimi dəvət edilib. 2010-cu ildən teleməkanın reytinqli verilişlərindən olan “Uşaqdan böyüyə”nin həm aparıcısı, həm də layihə rəhbəridir.
– Deyəsən müsahibə verməklə aranız yoxdur, internetdə də haqqınızda məlumat azdır…
– Düzdür, müsahibə verməkdən çəkinirəm. Özünüz də şahidi oldunuz ki, bizim müsahibəmiz neçə dəfələrdən sonra alındı. Mediadan tam uzaq olmuşam. Televiziyalardan, mətbuatdan, saytlardan dəfələrlə müsahibə üçün müraciət ediblər, amma mən qəbul etməmişəm. Lakin son vaxtlar artıq mediaya yaxınlaşmağa çalışıram.
– Özünüz barədə bir az məlumat verə bilərsiniz?
– Uşaqlıqdan çox utancaq, çəkingən olmuşam. Ümumiyətlə, uşaqlıq illərim çox gözəl keçib, amma son zamanlar o qədər üzüntülü şeylər yaşayıram ki, 6 il üzünü görmədiyim qardaşımı itirmişəm. Ona görə bu barədə danışa bilməyəcəm.
– Bildiyimizə görə uzun illər Türkiyədə qalmısınız, sizi ora cəlb edən nə olub?
– Laçında anadan olsam da, uşaqlıqdan Bakıya gəlmişəm. Ondan sonra da davamlı olaraq Türkiyəyə gedib-gəlmişik. Həm də bizim bir tərəfimiz Türkiyədəndir. Deyim ki, məni ora bağlıyan bağlar çoxdur, bacım orada evlidir, ən yaxın rəfiqələrim qardaş ölkədədir. Mənim burada 2-3 rəfiqəm var və ən əsası nişanlım Cenk də ordadır.
– Türkiyədə qaldığınız müddətdə nə işlə məşğul olmusunuz?
– Bacımın yoldaşının fabrikində ictimaiyyətlə əlaqələr üzrə işləmişəm. Bildiyiniz kimi orada bu vəzifədə işləmək çətindir. Amma kürəkənimizin fabriki olduğundan, eyni zamanda orada qalıb darıxmamağım üçün onlar mənə Türkiyədə o şəraiti yaratmışdılar.
– Yenidən Türkiyəyə qayıtmaq istərdiniz?
Hə, anam xəstə olmasaydı, mən heç vaxt burada qalmazdım. Məni burada saxlayan heç nə yox idi, heç o vaxt ANS-də də işləmirdim. İnşallah hər şey yaxşı olar. Çox şükür ki, hələki anam yaxşıdır və mən onunlayam. Düzdür, Cenkdən uzaqdayam, amma anama görə hər şeyə razılıq vermişəm.
– Türkiyədən dönəndə ilk iş yeri olaraq ANS-ə gəldiniz, yoxsa başqa yerlərdə çalışmısınız?
– İlk iş yeri kimi ANS-dən başlamışam və ilk verilişim “Türkün məsəli” olub. Elə ilk olaraq o proqramdan reytinq qazanmağa başladım. Həmin verilişə aparıcılıq etdiyim dövrlərdə çoxlu dəyişiklər etdim və onun reytinqini 2-dən 9-a qaldırdım. Amma layihə özümün deyildi deyə, ürəyimə yatmırdı. Ondan sonra ANS-dən getdim.
Bu zaman ANS-də “Elli və dilli” verilişi yayımlanmalı idi. Efirə iki gün qalmış onun layihə rəhbəri və prodüseri işdən çıxdığı üçün məni çağırdılar ki, gəlib bununla iki gün məşğul olum, sonra gedərəm. İki gün içində o verilişin tərkibində o qədər dəyişiklər etdim ki, bir veriliş üçün 18 sujet birdən verdim. Sonra da məni saxladılar və iki günüm bir il oldu. Həmin verilişi işləyə-işləyə öz layihəmi hazırladım və o zaman Prodüser departamentinin rəhbəri və Yaradıcılıq Şurasının sədri Mirşahin müəllimə dedim ki, çox gözəl layihəm var, bu təkcə uşaqlara deyil, böyüklərə də aiddir. Belə ki, bu verilişdə biz uşaqların vasitəsilə böyüklərin dünyasına baxacağıq. O da mənə layihəni hazırlamağı və Yaradıcılıq Şurasına verməyi bildirdi. Verdim, uğurla təsdiq olundu, amma 6 ay içərisində layihəyə başlaya bilmədim. Verilişə uyğun prodüser Günel Fərəcovanı tapdım, eyni zamanda gözəl pedoqoqdur. Onunla birlikdə layihəni başladım, uşaqları seçdik və bu gün proqramımız ən reytinqli verilişlər sırasındadır. Artıq 3-cü ildir ki, “Uşaqdan böyüyə” layihəsi davam edir.
– Bu layihə eyni ilə Türkiyədə də məşhur aktrisa Bərgüzar Korelin təqdimatında nümayiş olunurdu.
– Düzdür, ona bənzər layihələr bir çox ölkələrdə yayımlanır. Amma, məsələn, Bərgüzar Korelin təqdimatında ikən orada tapmaca, uşaqların müsahibələr alması yox idi. İndi həmin veriliş TNT-də yayımlanır və orada məndə olan tapmaca hissəsini götürüblər. Yəqin biz baxdığımız kimi, onlarda bizim “Youtube” saytında yayımlanan videolara baxıb bir şey götürürlər.
– İkinci layihədir uşaqlarla işləyirsiniz, deyəsən uşaqları yaman çox sevirsiniz?
– Uşaqlarla işləmək həddindən artıq çətindir, hələ televiziya aləmində uşaqlarla çalışmaq çox çətindir. Bir veriliş üçün 20 dəqiqəlik kadr lazımdırsa, biz onu iki günə 5 kasetə çəkirik. Və həmin 5 kasetin çəkilişini bir gün, gün yarıma montaj edirik, cəmi 20 dəqiqə kadr toplayırıq. Hələ çəkiliş vaxtı bizdə o qədər çətinliklər olur ki? Uşağın biri dayanır deyir “mən su içməsəm çəkiliş etməyəcəm”. Su gətiririk, kapriz edir, yenə su istəyir, amma içmir. Çoxlu kaprizləri var, “onu istəyirəm, bunu istəyirəm”. Artıq onları elə öyrətmişəm ki, “mən sizi öpəndə çəkilişə başlamalısınız”. Öpən kimi deyirəm ki, artıq çəkiliş başlaya bilərik.
Çox sevirəm onları, onlar da məni çox sevirlər. Qardaşımı itirəndə iki ay erfirə çıxmadım, uşaqlar hər gün evimizə gəlirdilər. Fasilədən sonra “Günəbaxan” verilişinə çıxanda az qala uşaqlar məni yerə yıxacaqdılar, boyunuma, qucağıma atılırdılar. Onlar üçün qayıtdım, çünki onları mənsiz qoya bilməzdim
– Uşaqların seçimi necə aparılır, onlar necə müddətdən bir dəyişilir?
– Televizorda hər zaman veriliş bitəndə elan verirəm ki, həftənin birinci günü biz uşaqları gözləyirik. Mən baxıram, əgər təzə, maraqlı, eyni zamanda o birisi uşaqlardan üstün cəhətləri olan varsa, köhnələri dəyişdirirəm. Amma çox zaman elə uşaqlar gəlir ki, heç nə etmir, anası isə elə hey deyir ki, “uşağım yaxşı şeir bilir, rəqs edir”. Mənim verilişim isə şeir demək, mahnı oxumaq bacarığı tələb etmir. Burada uşaq özünü olduğu kimi aparmalı, danıışmalı, susmamalı, verdiyim suallara cavab verməlidir.
– Uşaqları əsasən hansı yaş arasında götürürsünüz?
– 3 və 6 yaş tamam olmamaq şərti ilə uşaqları qəbul edirik. Yəni məktəbə gedən olmasın, çünki məktəbə gedən uşaq artıq hər şeyi öyrənir. Mənim uşaqlardan almaq istədiyim odur ki, uşaqlar özləri məktəbə getməmiş, təhsil almamış, evdə bizi kənardan necə gördüklərini danıışsınlar. Bunu da seçdiyim uşaqlardan alıram.
– Bəzi valideyinlər iddia edirlər ki, kanallardakı uşaq verilişlərinə çıxmaq pulludur, yəni pul alıb uşaqları efirə buraxırlar. Deyilənlərə cavabınız nədir?
– Mən onu deyə bilərəm ki, ANS-də sadəcə mənim verilişim deyil, ümumiyətllə heç bir verilişdə nə pul, nə də başqa təmanna ola bilməz. Amma düzdür, mən də belə şeylər eşitmişəm ki, başqa kanallarda uşaq verilişlərinə çıxmaq üçün pul alınır. Öz də bunu gizlətmirlər, açıq deyirlər, etiraf edirlər.
– Verilişinizdəki uşaqlar hər nə sual verilsə, dərhal cavab verirlər, onlar əvvəlcədən hazırlaşıb bu haqda məlumatlı olurlar?
– Yox, uşaqların ailələri də bizim onlara verdiyimiz sualları bilmirlər. Çünki onlara əvvəlcədən sual vermiş olsaq, o uşağına necə cavab verməyi öyrədəcək. Bu da mənə lazım deyil, riyakarlıq olur. Uşaqlarda isə riyakarlıq yoxdur. Ona görə də sualları heç bir valideyn bilmir, çəkiliş məkanına onlar buraxılmır, gözləmə otağında olurlar. Uşaqlar birbaşa çəkiliş otağına gedirlər və verdiyimiz sualları necə cavablandırırlarsa, elə də efirə veririk.
Küçəyə müsahibəyə gedən zaman isə biz artıq uşaqları razılaşdırırıq. Onları istiqamətləndiririk. Çünki onda biz uşağa sual vermirik, uşaq başqasına sual verir. Əvvəlcə onları öyrədirik ki, “sən bu sualı verəcəksən, bunun anlamı budur”. Öyrənirik ki, o uşaq sualı qavraya bilirmi? Bilirmi verdiyi sualın mənası nədir? Əgər onu hansı uşaq bilirsə, seçirik və onlar müsahibə götürürlər. Yoxsa artıq hər uşağı da küçəyə buraxmaq olmaz.
– Layihə başlayandan bu günə kimi geri qaytardığınız uşaqlar çoxdur, yoxsa iştirak etmək üçün qəbul etdiyiniz?
– Geri qaytardığımız uşaqlar çox olur. Elə olur ki, hər həftə 15-20 uşağı geri çevirirəm.
– Belə bir ifadə var ki, “bizim dövrün uşaqları belə deyildilər, indikilər yaman çoxbilmişdilər, ya da gözüaçıqdırlar”. Siz bu fikirlə razısınızmı?
– Mən bununla qürur duyuram ki, indi bizim uşaqlarımız gözüaçıqdırlar. Mən çox sevinirəm, çünki ən azından avam böyümürlər. Hərdən elə adamlar var ki, buna pis baxırlar, deyirlər ki, “bizim dövrümüzdə uşaqlar belə deyidilər, indikilər arsızdır”. Mən bunu arsız olaraq da qəbul etmirəm. Məncə uşaqlar avam olmamalıdırlar.
– Bəzən sizin uşaqlar suallara elə cavab verirlər ki, onlar heç böyüyün ağlına da gəlməz.
– O da var. Bax misal üçün bir dəfə Nəzakət-Süleyman çütlüyünə sual verirəm. Nəzakətə deyirəm ki, “moda haqqında nə deyə bilərsən?”. Nəzakət deyir ki, “İrəm bacı, mən modanın xəstəsiyəm”. Bu zaman Süleyman “Allah şəfa versin” deyir.
Çox hazırcavabdırlar. Verilişdə də artıq püxtələşiblər. İki ildir gəlib-gedirlər, çəkilirlər. Sonradan özlərinə efirdə də baxırlar və artıq özlərini ulduz hesab edirlər. Çalışırlar ki, böyük kimi cavab versinlər. Hətta xəbərləri də izləyirlər. Məsələn, Ayana sual verirəm “evdə bişən şirniyyat dadlı olur, yoxsa mağazadan alınan?”. Deyir ki, “ANS-də “Xəbərlər”ə baxmadınız, şəhərdə reyd aparırlar. Mağazalarda satılan şirniyatlar mikrobludur, xəstəliklidir”. Biz onlara sual verəndə onlar artıq “Xəbərlər”dən cavab verirlər.
Uşaqlarımızdan Nurayı iki yaşından “Elli və dilli” verilişində çəkirəm. İki ildir də yeni layihədədir. O, artıq mənim qızım kimidir, əlimdə böyüyüb. Özünü ulduz hesab edir. Şəhərdə müsahibə götürən zaman şəkil çəkdirəndə deyir ki, “mən İrəmin mələyiyəm, ANS-in ulduzuyam”. İki gün bundan qabaq Heydər Əliyev adına Respublika Sarayında “Çiçəyim” uşaq teatrının 15 illiyində müstəqil aparıcılıq edirdi. Bu da bizim yetişdirdiyimiz tələbəmizdir.
– Bu iş sizi nə vaxtsa hövsələdən çıxardıb və demisiniz ki, “artıq uşaqlarla işləməyəcəm, bacarmıram onları idarə etməyi”?
– Yox elə bir şey olmur. Bizə indi nigeriyalı iki uşaq gəlib, bu həftə onlar ilk dəfə efirə getdilər. Onlarda da gendə aktivlik var, bir yerdə dayanmırlar. Günel də, mən də deyirik ki, onlara bütün enerjimiz getdi, amma çəkməliyik. Çünki bu uşaqlar sevimlidirlər. Onlarla işləmək məsuliyyət, bacarıq, səbr tələb edir. Amma uşaqları sevəndən sonra bunları görməzlikdən gəlirsən, heç bir şeyi görmürsən.
– Başqa xarici uşaqlar var?
– Var, elə Mədinə, atası türkdür. Nigeriyalılar var. Həta rayondan, kənddən gələn uşaqlarımız da var.
– Layihə dövründə sizə xoş və unudulmaz təsir bağışlayan olub?
– Mənim üçün Sədi olub. İlk çəkiliş günündən, bu verilişin ilk buraxılışları 2010-cu ildə olub, Sədiyə filosof adını vermişdim. Sədi mənim suallarıma o qədər böyük-böyük cavablar verirdi ki, mən onun adını filosof qoyurdum. Hərdən gəlib deyirdi ki, “İrəm bacı, niyə canın sıxılır?”. Mən artıq öz şəxsi həyatımdan Sədiyə bir-iki şeylər danışmağa başlayırdım. Anası deyirdi ki, “mən evdə Sədini öldürürdüm ki, İrəm sənə nə söylədi, o isə cavab verməyib deyirdi ki, bizim sirrimizdir”. Sədi çəkilişə gələndə tez deyirdi ki, “İrəm bacı, Cenklə danışmısan? Kefini açıb Cenk?” O, mənim sirlərimi paylaşdığım dostum olub.
– Layihəni davam etdirmək fikriniz var?
– Layihənin 25 il davam etdiyi ölkələr var. Mən istəyirəm, rəhbərlik də istəyir. Reytinqimiz də, sponsorlarımız da maşallah yaxşıdır. Niyə də davam etməsin?
– Azərbaycan teleməkanında uşaq verilişlərinin sayı azalır. Hətta bu son statistik məlumatlarda da öz əksini tapıb. Sizin buna münasibətiniz necədir? Necə hesab edirsiniz verilişlərin sayı artmalıdırmı?
– Bununla bağlı “Mir” TV-dən keçən həftə mənə müsahibəyə gəlmişdilər. Mövzu teleməkanda uşaq verilişlərin sayının azalması ilə bağlı idi. Onlara cavab verməmişəm.
Başqa kanallarda uşaq verilişlərinin azalması məsələsinə müdaxilə edə bilmərəm. Ola bilsin ki, kanal reytinqli veriliş istəyir, sponsor qazanmaq istəyir. Bəhanələri ola bilr, səbəbləri ola bilər. Amma bizim kanalda “Cücələrim” verilişi var, uşaqlar orada rəqs edirlər, çox gözəl şeir deyirlər. Bizim verilişdə də maarifləndirici suallar çox olur. Bizdən onlar çox şey öyrənirlər. Hər həftə onlara üç tapmaca öyrədirik. Bütün uşaqlarımıza müsahibələrdə verilən sualları öyrədirik, elə uşaqlara verdiyimiz suallar maarifləndirici suallardır.
– Virilişinizdə iştirak edən böyüklər bəs necə seçilir? Uşaqların valideynlərindən iştirak edənlər olur?
– Uşaqları necə seçiriksə, onları da elə. Uşaqların valideynlərindən də yarışanlar olub. Hətta öz uşağı olan vaxtı çox utanıblar. Ülkərin keçən həftə anası yarışırdı. Ülkər deyir ki, “nənə çox zəng edir, anam telefonu üstünə qoyandan sonra deyir ki, əl çək də məndən, nə istəyirsən, rayondasan, qulağımın dibində deyilsən ki..”. Nənəsini biabr etmişdi. Anası da efirdə əlini üzünə tutub deyir “qaynanam məni boşatdıracaq”. Bu veriliş belə də efirdə getdi. İkinci çəkilişdə Ülkər həm öz adından, həm anasının adından nənəsindən üzr istədi.
– ANS-də verilişinizi necənci yerdə görürsünüz?
– ANS-də səviyyəli verilişlər çoxdur. Rəhbərimiz xüsusilə buna diqqət edir ki, verilişlər səviyyəli olsun. Həm də bizim veriliş uşaq verilişi olduğu üçün müqayisə olunmazdır. Amma yenə də hər kəs kimi deyəm ki, öz verilişimi çox sevirəm.
– Digər telekanallarda uşaq verilişlərinə baxırsınız?
– Düzü, elə vaxtım olmur, amma bəzən baxmışıq. Başqa kanalların uşaq verilişlərində, efir məkanında “skaçok” deyilən bir şey var, kadr atlanır və bunu tamaşaçı hiss etmir, bunu dəfələlərlə müşahidə etmişik. Bizim kanalda isə bu mümkün deyil.
– Bundan sonra tamamilə fərqli bir layihədə aparıcı olmağa dəvət olunsanız, bu sizə çətinlik yaratmaz ki?
– Bu verilişimi heç vaxt buraxmaram. Layihəmi çox sevirəm, üstündə çox əziyət çəkmişəm. Hələ də əziyət çəkirəm. Təkliflər var, keçən il çox təkliflər almışam, prodakşnlar da olub, başqa layihə təklifi də almışam, amma getməmişəm. Belə fikir öz kanalımızda hansısa veriliş barədə olarsa, mümkün ola bilər, amma başqa yeri düşünmürəm.
– Bəs yeni layihə barədə necə, düşünürsünüz?
– Bəli, düşünürəm. Ancaq o böyüklər üçün olacaq. Əsasən yarışma xarakterli bir layihə düşünürəm. Amma hələ Yaradıcılıq Şurasına təqdim etməmişəm. Vaxtı gələndə təqdim ediləcək. Layihəni elə öz kanalımız üçün düşünürəm, amma hələ heç kimə deməmişəm, sadəcə işləyirəm.
– Ümumiyyətlə hansı tip verilişləri özünüzə yaxın hesab edirsiniz?
– Mənim üçün heç bir problem deyil, mədəniyyətdə də, siyasətdə də ola bilərəm. Mənim üçün “yox” deyə biləcəyim bir şey yoxdur. Ən azından ANS bir akademiyadır, bütün işçilərini də çox gözəl hazırlaşdırır, bilməyənləri öyrədir. ANS böyük məktəbdir.
– “Uşaqdan böyüyə” layihəsi ilə bağlı hansı yeniliklər düşünürsünüz?
– Var, içində dəyişiklik olacaq. 2010-cu ildə olan layihənin içində artıq 2011-ci ildə xeyli dəyişiklik etdim, həm müsahibə saldım, həm tapmaca. 2012-ci ildə də bir çox dəyişiklər düşünürəm. Sentyabrda tamaşaçılarımız verilişi yeniliklərlə izləyəcəklər.
– Tətilə çıxmağı düşünürsünüz?
– Keçən il bizi tətilə buraxmadılar. Verlişimizi avqusta qədər saxladılar. Sadəcə avqustda 15-20 gün vaxt verdilər, onda da yeni verilişə başladıq. Heç tətil edə bilmədik. İnşallah bu il tətil verərlər. İşdən uzaqlaşıb bir az dincəlməyi çox istəyirəm.
– Efir geyimlərini necə seçirsiniz?
– Mən utancaq adamam, o baxımdan utanıram ki, bir paltarı geyinim, sonra da deyim ki, “filan mağazaya məni geyindirdiyi üçün təşəkkür edirəm”. Düzdür burada heç bir pis bir şey yoxdur, dünyanın hər tərəfində olan bir şeydir. Amma mən bunu qəbul etmirəm. Ona görə öz paltarlarımla efirə çıxıram.
– Axırıncı dəfə hansı kitabı oxumusunuz?
– Kitab oxumağa vaxtım yoxdur. Amma əvvəllər sevimli məşğuliyyətim olub. Daniel Stilin “Taciz” əsərini oxumuşam. Onu da Türkiyədən gətirmişdim. Ümumiyyətlə, oxuduğum kitablar da türkcədir.
– Bir az da nişanlınız barədə, tanışlığınız necə oldu?
– O Türkiyənin Özəl Hərəkat Polisində işləyir. Bura gec-gec gəlir, ölkədən çıxmağa icazə verilmir. Mən də buradan çıxıb gedə bilmirəm. Gec-gec görüşürük. Amma hələki dözürük.
Türkiyədə bir “Makdonalds”da təsadüf nəticəsində tanış olmuşuq. O, mənə yaxınlaşmaq üçün bacımın baldızı ilə əlaqə saxlayıb. Onlara nömrə verib. Hər dəfə onlara zəng edib deyirmiş ki, “İrəmlə məni görüşdürün”, çox maraqlı bir şey olmuşdu.
Artıq 3 ildir nişanlıyıq. Tanışlığımız çox uzundur. Biz keçən il hər şeyə hazırlaşmışdıq, evlənməyi düşünürdük, toy tarixi də müəyyən edilmişdi, amma qardaşım rəhmətə getdi, onun üçün hər şey ləğv edildi. Ona görə hələki toy düşünmürəm.
– İki ayrı ölkənin vətəndaşı, evləndikdən sonra hansı ölkədə yaşamağı qərarlaşdırmısınız?
– O, bura gələcək. Səfirlikdə işləmək istəyir. O da ictimaiyyətlə əlaqələr üzrə təhsil alıb. Təhsili ilə bağlı başqa işdə çalışa bilməz. Eyni zamanda rütbəsi də var. Mən də anamı qoyub gedə bilmərəm, çünki ona bağlı övladam. Həm də anam razılaşmaz. Bir qızını Türkiyəyə verdiyi üçün o qədər peşmandır. Həta neçə dəfələrlə ayrılmağımızı istəyib. Cenki də o şərtlə qəbul edib ki, Azərbaycana gəlsin, burada qalsın. O da razı olub.