Müşfiq Ələsgərli: “Güman edirik ki, yaxın vaxtlarda Reklam və Elan Şurasının yaradılmasına nail olacağıq”
Ekspertlər çap KİV-i üçün reklam bazarının bu yolla açıla biləcəyinə çox ümidlidir
“Reklam verilməsinə maraq oyatmaq və reklamın ədalətli formada bölüşdürülməsinə nail olmaq lazımdır”
Bir çox inkişaf etmiş ölkələrdə yazılı mətbuatın əsas maliyyə mənbəyini reklamdan gələn gəlirlər təşkil edir. Azərbaycanda isə qəzetlərin reklam bazarı, bəzi istisnaları çıxmaq şərtilə, olduqca aşağı səviyyədədir. Özəl qurumlar daha çox telekanallarda reklamların yerləşdirilməsinə maraq göstərir. Halbuki, qəzetlərdə müxtəlif şirkətlərin, təşkilatların, dövlət qurumlarının kommersiya, sosial yönümlü reklamlarının yerləşdirilməsinə ehtiyac var. Çünki bunun təşkil olunması mətbuatın daha müstəqil və obyektiv olmasına şərait yaradır.
Nəticədə qəzetlər daha böyük oxucu auditoriyasına sahib olmaq imkanı əldə edə bilər ki, bundan da dövlət və cəmiyyət udar. Bu gün bir sıra reklam növləri olsa da, qəzetlərdə reklam çox az yerləşdirilir. Lazımdır ki, reklamların bir qismi məhz qəzetlərə yönəldilsin. Reklamların qəzetlər arasında bölüşdürülməsinə dair komitənin yaradılması ideyası var. Ancaq hələlik bu ideya reallaşdırılmayıb. Hesab olunur ki, sözügedən komitə dövlət qurumlarından gələn rəsmi reklam və elanların, o cümlədən kommersiya qurumlarından gələn reklamların yazılı mətbuat orqanları arasında bölüşdürülməsini tənzimləməlidir. Əslində belə bir qurum yaradılsa, qəzetlərə reklam yerləşdirənlərin sayı qismən arta bilər. Maraqlıdır, ekspertlər məsələyə necə yanaşır?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli hesab edir ki, adıçəkilən komitənin yaradılmasına həqiqətən də ehtiyac var: “Çünki dünya mediasının maliyyələşmə prinsiplərinə baxsaq görərik ki, orada daha çox üstünlük təşkil edən məqamlardan biri reklamlardır. Yəni ortaq şəkildə dünya dövlətlərində qəbul olunmuş normativlərə görə, əksər KİV-lərin maliyyə büdcəsinin təxminən 75-80 faizi reklam gəlirləri hesabına formalaşır. Ümumilikdə reklam məsələsi KİV-in yaşaması üçün əvəzsiz faktorlardan biridir. Azərbaycana gəldikdə isə, burada bir sıra məqamlara diqqət yetirmək lazımdır. Düzdür, KİV-də reklam vermək ənənəsi var. Ancaq etiraf olunmalıdır ki, qəzetlərdə reklamların verilmə səviyyəsi çox aşağıdır. Həmçinin, bu, mətbuatın büdcəsinin formalaşmağında çox az rol oynayır. Ona görə də yazılı mətbuatda reklamların yerləşdirilməsini stimullaşdırmaq lazımdır. Ümumilikdə sözügedən məsələ dəfələrlə Azərbaycanda müzakirə olunub, amma hələlik ortada bir nəticə yoxdur”.
M.Ələsgərli açıqlamasından onu da dedi ki, “vaxtilə dövlət qurumları belə bir fikir səsləndirirdi ki, heç kəsi reklam verməyə məcbur etmək olmaz”. Reklamın verilməsi reklam verən tərəfin kommersiya maraqlarından asılıdır. Düzdür, prinsipcə bu cür yanaşma həqiqətə uyğundur. Ancaq o da var ki, reklam verilməsinə maraq oyatmaq və reklamın ədalətli formada bölüşdürülməsinə nail olmaq lazımdır. Bu zaman yaranan vəziyyət bir sıra KİV-lərin inkişafına mühüm təsir göstərə bilər. Ona görə də Mətbuat Şurası təklif etdi ki, ilkin model olaraq Reklam və Elan Şurasının yaradılmasına təşəbbüs göstərilsin. Deməyim odur ki, bu ideya göydəndüşmə deyil. Məsələ ondadır ki, Türkiyədə belə bir model var. Şuranın missiyası ondan ibarətdir ki, ən azı dövlət qurumlarının mətbuata verdiyi reklamları, sosial elanları qəzetlərin tirajlarına uyğun olaraq bölsün. Bizdə də analoji təklif var və hələ ki, təklifin əleyhinə çıxan yoxdur. Ancaq hələlik bu təklifin reallaşdırılması istiqamətində konkret addım yoxdur. Buna baxmayaraq, şuranın necə yaradılması ilə bağlı mexanizmlər, təkliflər hazırlanıb. Güman edirik ki, yaxın vaxtlarda Reklam və Elan Şurasının yaradılmasına nail olacağıq”.