“Mən yaşayışım üçün, gələcəyim üçün uzun müddət Milli Məclisin üzvü ola bilərdim, amma ola bilmədim”
Təbiəti bütün şairlər sevir və əsərlərində də canlandırır. Amma Musa Yaqub təbiətin təsvirini öz həyatına, dünyasına gətirib, hiss edib və yaşayıb yaradıb.
Modern.az ömrünün 75- ci baharına qədəm qoyan Xalq şairi Musa Yaqubla müsabisəni təqdim edir.
– Musa müəllim, bir neçə gündən sonra 75 yaşınız tamam olacaq. Bu yaşda özünüzü necə hiss edirsiniz və bu 75 yaş sizi necəsə dəyişə bilib ?
– Ömür dediyin günlərlə, bəlkə də illərlə ölçülür. Əslində zaman eynidi, dəyişməz olaraq qalır və biz zamanın bölgüsünü aparırıq. Bəzən isə o bizi ötürür, biz onu ötürmürük. Mən hər ilimi eyni gördüyüm üçün hansısa bir dəyişikliyin olduğunu da hiss etmirəm. Amma bəzən olur ki, hər ilin öz yaşı gəlib qapımı döyür və deyir ki, hə bir bax gəlib bu günə də çatdın. Mən yaradıcılıq həyatımda heç bir sərhəd qoymamağa çalışmışam. Aşıq Ələsgər demişkən :
“Can” deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
“Çor” deyənin nəfi nədi dünyada
Abad könlü yıxar, pərişan eylər.
Hələ ki, can deyib can eşitmə qüdrətindəyəm və bunun özü də böyük bir insani münasibətdir.
– Bəs siz bu illəri yaradıcılıq üçün necə bölə bilirsiniz?
– Arada olur ki, bölməyə məcbur oluram. Çünki yaz-yay aylarında mən çox vaxt işləmirəm. Bu havanın isti olması ilə bağlıdır. Amma daim şeirlərimi çap etdirməyə vaxt tapıram və elə son şeirlərim də “Azərbaycan” jurnalında, ”525-ci qəzet”də çap olunub. Bir yaxşı əlamət odur ki, mənim qəlbimdə tükənməz mövzular var. Ən böyük işim də o oldu ki, mənim “Dövrün dəyirmanı” adlı kitabım nəşr olundu. Bu kitabda daha çox poemalarım, seçmə şeirlərim və son yazdığım şeirlərin hamısı orda toplanıb.
– Sizcə şairlər kədərli, ağrılı və acılı şeirləri yazıb, oxucunu da öz əhvalına, bu dünyasına kökləməlidirlərmi ?
– Bəzən olur ki, şairin duyğuları aşıb-daşır və o mütləq o duyğuları şeirlə ifadə etməlidir. Yazıb bitirəndən sonra anlayır ki, gərək bunu yazmayaydı, axı bu şeir kimisə incidə, ağlada bilər. Həm də şeir gələndə mənim qəlbimin ağrısına, acısına qarışıb gəlir və sonra onu oxuculara təqdim edirəm. Düşünürəm ki, oxucular özləri qərarlarını verməlidir.
– Bu 75 yaşda özünüzü şairliyin hansı mərtəbəsində hiss edirsiz?
– Şairliyin belə bir mərtəbəsi yoxdur və şair elə şairdir. Bir göbələk gedib ağac mərtəbəsində bitsə də, elə göbələk olaraq qalacaq. Şairin də belə baxanda mərtəbəsi olmur. Amma şair daima oxucularına borclu qalır, düşünür ki, bu şeiri yazsam bəyənərlərmi, yoxsa yox. Bu düşüncə ilə yaşayan insanda heç vaxt mərtəbə sözü yoxdur. Mərtəbə ola bilər o zaman, baxırsan ki, elə bir şeir yazmısan və düşünürsən mən ömrümdə bir də belə bir şeir yaza bilmərəm. Bax o vaxtın, məqamın üstünlüyü tamamilə başqadır.
– Sizin yaradıcılığınızı daim izləmişəm və mətbuata çox açıq insan olduğunuzu da görürəm. Bəs olubmu ki, sizə hansısa bir sual verilsin və o suala cavab verməkdən yayınasız ?
– Yox qətiyyən elə bir şey ola bilməz. Bu yaşıma kimi mənə ünvanlanan bütün suallara cavab vermişəm və hələ də cavab verməyə davam edirəm.
Yaxama nə qarmaq atırsan bala,
Sinəmə ilişən neçə qara var.
Lap belə gül kimi siyasət ola
Onda da bir hiylə, bir iftira var.
Mən siyasətdən danışmıram ki, ədəbiyyatdan danışıram. Bəzən siyasətdə yalan olur və hansısa sualdan mütləq yayınmalısan. Amma ədəbiyyatda, şeirdə gizlətdiyim bir şey yoxdu.
– Siz təbiətdən nə alırsınız ki, oxuculara da belə sevgi dolu duyğular bəxş edə bilirsiniz ?
– Bəzən olur ki, mən təbiətin hər anını anlaya bilirəm və oxucunu da düşündürən bütün suallara cavab tapıram. Onlara da xoş olar ki, istədikləri mövzuları biz yazaq və onlara çatdıra bilək. Amma olduğu kimi yox. Ruh və istilik qatılmış formada. Məsələn, biri şəkil çəkir və hər şeyi olduğu kimi də verir. Ona deyirlər ki, bax bu əsər deyildi. Mən Azərbaycan dilinə bizə bəxş etdiyi rəngarəngliyə görə təşəkkür edirəm.
– 1995-2000-ci illər ərzində deputat olmusuz və həmin illər ərzində bir insan, bir yazıçı , yoxsa bir vətəndaş kimi qəraralar vermisiz? Yoxsa hardasa bir şairlik duyğuları da gəlib bu qərarları üstələyirdi?
– Mən Milli Məclisdə qəribə bir şey duydum. Düzdü mən 95-ci ildə seçilmişəm, amma bundan qabaq da özümdə bəzi duyğuları hiss edirdim və lap elə “BMT” şeirini də yazmışdım. Mən bu vəzifəyə gələnə qədər həyat artıq özü mənə hər şeyi öyrətmişdi. Mənə bəzən olurdu ki, orda güzəşt edirdilər. Elə ordakılar da, hökümət də. Deyirdilər əşi bu şairdi də belə deyir. O mənada şairliyim mənə bir az kömək edib.
Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?
O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.
Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.
Mən hardasa beş il o xorla birgə oxumuşam və oxudun da, oxumadın da o səsin gedəcək. Mən yaşayışım üçün, gələcəyim üçün uzun müddət Milli Məclisin üzvü ola bilərdim, amma ola bilmədim. Mən o ölçü-biçiyə gələ bilmədim.
– Bu işin ağırlığı sizi yordu , yoxsa ayrı siyasi səbəbləri də var idi ?
– Yox qətiyyən ağırlıqdan qorxmadım və yorulmadım. Sadəcə səs vermək istəmədiyim şeylər olurdu bəzən, ya susmalı idim, ya da getməli. Şair olanda da real sözü deməlisən, onu da deyəndə onlar bəyənmirdilər.
– Sanki iki od arassında qalmışdnız …
– Mən qalmadım iki od arasında və öz yolumla getdim.
– Bu vəzifə sizi dəyişə bilmədi.
– Hərdən bir düşünürdüm ki, görəsən mən həqiqətən deputat idim?!! Amma nədənsə ondan başqa cür istifadə edə bilmədim. Mən qəlibə sığa bilməyən bir insanam .
– Ədəbi tənqidçilərə inanırsız, yoxsa hamısı dostyana tənqid edir?
– Vallah onlara heç bir inanım qalmayıb və hamısı dostluğu bayraq edib əlində. Həm də pulla ölçürlər ədəbiyyatı…. Bu ayıbdı.
– Bizim ədəbi tənqid bir növ gömrük rolunu oynamalıdı və gözə girən, lazımsız, loru dildə desək, artıq məhsulları təmizləməlidir. Amma əslində vəziyyət necədir ?
– Elə məhsulu olmayanlar göz önündədir. Amma bu ədəbyyat deyil. Hər şeyin ölçü-biçisi olmalıdır. Mən əlimə qələm alıb yazanda onun çapı üçün necə həyəcan keçirirdim.. “Dostlarım nə deyəcək, bədii şura nə deyəcək” düşünürdüm. Amma indi o baryerlərdən keçmirlər. Amma indi həyəcansız – filanız apar əsərini nəşriyyata pulunu da ver, nə olsa çap edəcəklər. Mən özüm 21 yaşım olanda böyük bir poema yazmışdım. Bəlkə mən yeganə insanam ki, bu yaşda 1300 misralıq poema yazdım. Amma indi gənclərin çoxu elə söz yığını yazır.
– Musa müəllim, o söz yığınını şeir adlandıranlar ictimaiyyət tərəfindən çox rahatlıqla qəbul edilir.
– Deməzdim ki, hamı tərəfindən qəbul edilir, sadəcə biz də onlara qarşı hörmətlə yanaşırıq. Bax biri kitab çap edir, təqdimata məni çağırır və mən ona necə pis deyim? Amma mən də son zamanlar bəzi fəndləri öyrəndim və iki yaxşı misrasını tapıb tərifləyirəm. Amma mənim üçün yenə də bədii dəyərlər daha üstündür. İndi isə demək olar ədəbiyyatda prinsiplik itib.
– Güzgü çox şeyləri göstərə bilir. Bəs sizin həyat güzgünüz sizə nələri göstərə bildi?
– Mən güzgüyə çox az-az baxıram və Allahım nə veribsə, göz önündədir. Amma güzgü sənin zamanın, vaxtın və cəmiyyətindir, oxucularındır. Bizim ən nəhəng güzgümüz budur. Məni qədirbilən oxucularım bu əhvalda saxlayır. Xalqın ürəyindən xəbər verən yazılar yazmalısan ki, səni illər sonra da unutmasınalar. Amma indi təəssüf edirəm ki, məddahlıq, tərifnamələr daha çoxdur.
– “Bizim xalqımız şair xalqdır” deyə-deyə bəzi insanları da ədəbiyyata gətirirlər. Hər yerindən duran da “şairəm” deyir.
– Şair zəiflyəndə oxucu şairlərşir. Oxucu da baxır bir zəif şeirə və düşünür ki, mən niyə yazmıram və yazsam daha yaxşı alınar. İndi elə zəiflənib ki, zəiflər zəifin də zəifinə baxıb “mən bundan daha yaxşı yazardım” deyir. Hətta oliqarxlar belə pullarının gücünə kitab çıxardırlar.
– Siz bu həyat yolunda nələri itirmisiniz ?
– Sel vurur gəlir bir dəfəlik dağıdır tökür, bri az daş aparır, ev aparır. Bir də görürsən yerində nələr qaldı… Hətta nəhəng ağaclaı belə çəkib qopartdı, amma özü axdı getdi…
Bu dünya qəribə dünyadı
Həm gətirir, həm aparır
O quşa dəymə daş atan
Balasına yem aparır.
İtirdiklərim olub. Zamanı və həyat yoldaşımı itirdim. O mənim üçün əvəzediməz idi.
– Sizin ümidlə bağlı çoxlu şeirləriniz var. Siz hələ də ümidlərlə yaşayırsınız, yoxsa o işıq sönüb artıq?
– Mənim ümid haqqında şeirlərim çoxdur və deyərdim ki, ay Allah, o şeirlərin təsiri hələ də mənimlədir. Bu yaxınlarda bir çıxışım da məhz ümidlə bağlı idi.
Ümidsiz olanda bir qarışqanın
Zərrə yükünü də çəkə bilmirəm
Ümid böyük bir dünyadı və insanı da öz arxasınca çəkib apara bilir.
– Həyatınızda çətinliklərin olduğunu söylədiniz. Bəs indi rahat yaşayırsınızmı və düşünürsünüzmü ki, o nə yaxşı ki, o çətinliklər geridə qaldı?
– Hər anın öz çətinlikləri, ağırlıqları var. İki- üç gün olar nəvəmi əsgərliyə yola salmışam və onun çətinliyini ürəyimdə daşıyıram. Bir baba kimi çox narahat oluram. Bəziləri gətirib uşağını şəhərə saldırır, amma mənim uşağım gedib rayonda əsgərliyini çəkəcək. Hamı da məni qınayır ki, bəs sən niyə heç nə etmirsən. Bax mən də bunun çətinliyini daşıyıram. Həyat və dolanışıq çətinlikləri var. Bəlkə də insan çətinliklə həmrəngdir.
– Sizin tez-tez oxuduğunuz müəlifllər və ya kitablar varmı?
– Var. Elə o kitablar mənim ruhumu rahat edir. Tez-tez Cəfər Cabbarlının poeziyasını, Əli Kərimin şeirlərini, Məmməd Arazı yenidən oxuyuram. Xaqani Şirvanini isə dönə-dönə oxuyuram və oxuduqca özümə döndüyümü anlayıram.
Başdan -başa xəstə və yorğun hünərim yox,
Yonqar kimi yonmuş məni dövran xəbərim yox.
İndi bir də görürsən dövran əxlaqımızı, tərbiyəmizi elə yonur ki, bir də baxırsan ki, paltarımızı belə yonub çıxarıb.
– Ədəbiyyatda həyatdan köçüb gedən yazıçılarımıza qarşı biganəlik var. Bax elə Fərman Kərimzadəni götürək və bildiyim qədər də siz dost olmusunuz. Bu haqda nə deyə bilərsiniz, bu soyuqluq hardan gəlir?
– Mən yazıçıların əksəriyyəti ilə dost olmuşam. Mən kənddə yaşamışam. Mənim bütün yazıçı dostlarım kəndə gəlib və mənim Buynuz kəndimdəki yeni evimin körpüsündən keçiblər. O dağdağana salam verib keçiblər. Hələ heç təzə evimin tikilməyən vaxtlarında Fərman Kərimzadə bizə gəlib və həmin vaxt o kənddə rəsm müəllimi idi. O çox nəhəng bir yazıçı idi. Onun romanlları da şeir dadı verir. Mənim ondan bir gileyim qalıb o da “Bu dünyanın qara daşı göyərməz” şeirimə ilk şeiri Fərman Kərimzadə yazıb, amma əzbərdən deyib və unudub. Yazıya almayıb, amma ondan sonra 80-ə yaxın ayrı müəllliflər şeir yazdı. Amma bəlkə də zaman o soyuğu yaradır. Əgər adi insanlar bir-biri ilə soyuqlaşırsa, elə şairlər də insandı və uzaqlaşa bilərlər. Ən böyük dəhşət isə uzaqlıqları bir yana qalsın, bir-birilərini ittiham edirlər. Özlərini müzakirə edirlər, şeirlər də qıraqda qalır. Şükür ki, 37-ci il deyil , yoxsa bir-birini tutdurardılar, ittiham edib Sibirə yola salardılar.
– Yazıçılar Birliyində yaşanan ev problemindən xəbəriniz varmı ?
– Xəbərim var, amma inanın 10 Anar da olsa, o problemi həll edə bilməz. Çünki elə hərc-mərclik yaranıb ki, həll oluna bilməz. Ölçü-biçi bilmədikləri üçün belə olur. Anar onlara yaxşılıq edib yer alıb, amma bəziləri deyir hamısı mənim olsun. Axı olmaz belə. Həm də Anarın böyük səhvi gələni-gedəni ora üzv etməsi oldu. Bu da nəticəsi. Günahlar bir-birinə bağlıdı. Müəyyən ədalətsizliklrə var, amma onları da tərəziyə salmaq olmaz.
– Köhnə əlyazmalarınz hələ də qalır ?
– Bəziləri qalır, amma bəziləri isə köçə-köc dövründə itdi, bu da bir ağrıdı.
– Könül sənətinizi davam etdirən varmı ?
– Çox təəssüf ki, davam etdirən yoxdur. İnanın heç məndən öncə də olmayıb…