Azərbaycanda 4000-dən çox mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Sayı çox olan bu mətbu orqanlar ad, sloqan, dəst-xətt və üslub baxımdan bir-birlərindən fərqlənirlər. Qəzet loqolarının yanında yazılan müxtəlif sloqanlar həm bu nəşrlərin ümumi ideyasını özündə birləşdirir, həm də oxucunu cəlb edir. Mövzu ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, hazırda nəşr olunan qəzetlərin bir çoxu əvvəllər loqonun yanında yerləşdirdikləri sloqanları artıq atıblar, bəziləri hələ də bundan imtina etməyiblər. Maraqlıdır, hələ də bu ənənəni saxlayan qəzetlərin özünəməxsus sloqanları nəyi ifadə edir?
“Ayna-Zerkalo” – Qəzetin baş redaktoru Elçin Şıxlı deyir ki, “Adımız andımızdır” sloqanı 2001-ci ildən qəzetdədir. “İlk dəfə 1990-cı ildə “Zerkalo” qəzetini yaradanda “məndə sığar iki cahan” sloqanı seçmişdik. Sonra 2001-ci ildə qəzet yeniləndi, biz də “Adımız andımızdır” sloqanını müəyyənləşdirdik.
Qəzetimizin adı “Ayna-Zerkalo” olduğundan bu sloqan qəzetimizdədir. Bu da o deməkdir ki, nəyi görürüksə, onu da təsvir etməyə çalışırıq. Biz bu sloqanla heç bir çağırış etmirik”.
“Nyu Baku Post” – Redaktor Kənan Quluzadə qəzetdə gedən “Satılmırıq” sloqanı barədə belə izah verib: “Bu sloqan iki məna verir: birincisi odur ki, qəzet pulsuzdur, ikincisi isə əslində biz satılmırıq, yəni bir KİV kimi nə belə, nə də ki, elə satılırıq”.
“Xalq Cəbhəsi” – Baş redaktor Elçin Mirzəbəyli: “2002-ci ildən “Bütöv Azərbaycan uğrunda” sloqanı bizim qəzetdədir. Əvvəllər sloqanımız sadəcə “Qüdrətli Azərbaycan uğrunda” olub. Sonra onu “Bütov və qüdrətli Azərbaycan uğrunda” etdik. Bu sloqan qəzetin informasiya siyasətinin hədəfini ifadə edir”.
Baş redaktor deyir ki,“Xalq cəbhəsi” qəzeti Azərbaycanın bütün bölgələrindən o, cümlədən, Güney Azərbaycandan ən çox məlumat verən mətbu orqandır. “Gündəlik olaraq, bir səhifəmizi Güneydən olan xəbərlərə ayırırıq. Bu baxımdan xəbər strategiyamız da özünü açıq şəkildə biruzə verir. Bu sloqan bütov, güclü və qüdrətli Azərbaycan uğrunda olan bir çağırışdır. Bu çağırışın əsasında birinci novbədə Azərbaycan ərazilərinin bütövləşməsi, vahid Azərbaycanın yaranması dayanır. Bütün bunlar Azərbaycan xalqının istəyidir və bu istək özünü “Xalq Cəbhəsi” qəzetinin sloqanında da özünü biruzə verir”.
“Yeni Müsavat” – Redaktor Xalid Kazımlı bildirib ki, “İnsanlara hüriyyət, millətlərə istiqlal” ifadəsinin qəzetin sloqanı olması baş redaktor Rauf Arifoğlunun təşəbbüsüdür: “Bildiyimiz kimi, bu sözləri təxminən 90 il bundan öncə Məhəmməd Əmin Rəsulzadə deyib. Qeyd edim ki, 2000-ci ildə Amerika prezidenti Bill Klinton xalqa müraciətində bu ifadəni səsləndirmişdi. Sonra BBC radiosunda elan etdilər ki, Amerika prezdenti xalqa müraciətində “İnsanlara hürriyyət, millətlərə istiqlal” kimi bir şüar səsləndirilb. Mənə onda təəccüblü gəldi ki, biz bu şüarı çoxdan bilirik, bu, 90 il əvvəl deyilən bir şüardır. Bu baxımdan deyirəm ki, həmin sözlər bu gün də aktualdır və 50 il sonra da aktual olacaq. Hesab edirəm ki, xalqı azadlığa çağıran bu şüar çox uğurludur”.
“Səs” – Baş redaktor müavini Valeh Məhərrəmlinin sözlərinə görə, 1991-ci il yanvarın 11-dən çıxan qəzet həmin vaxt “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olub. “Qoy ədalət zəfər çalsın” sloqanı qəzetin birinci redaktorunun təşəbbüsü ilə seçilib.
”Hər zaman ədalətli movqe tutan qəzet,çalışıb ki, ədalət qalib gəlsin, indi də bu prinsiplə davam edirik işimizə. Həmin cəmiyyət üzvləri o vaxtlar sərhəd bölgələrinə gedib, əhaliyə kömək edir, əsgərlərlə görüşüb söhbət aparırdılar. Və hər zaman ədalətli olmağa səy göstəriblər”.
“Ədalət” – Baş redaktor İradə Tuncay “Bu bir xalq qəzetidir” sloqonının hansı anlam verdiyini belə izah edib: “Bu sloqanın seçimi təxminən 1990-cı illərin sonuna təsaduf edir. Bu, sinif və partiyalı mövqeyindən asılı olmayaraq, qəzetin cəmiyyətin bütün təbəqələri və zümrələrinə xitab etdiyini göstərir və öz prinsipini indi də aparır”.