Reklamlar: Sabir Rüstəmxanlı narazı, Nizami Cəfərov razıdır…

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı yeni təyin olunmuş bir çox İcra hakimiyyəti başçılarını ittiham edib.

O bildirib ki, yeni icra başçıları ancaq əvvəlklinin tikdiyini sökməklə məşğuldurlar. Millət vəkili sonra “Avroviziya” ilə bağlı məsələyə toxunaraq bu müsabiqənin ölkəmiz üçün təqdirəlayiq hal olduğunu vurğulayıb. Lakin deputat Bakı şəhərində ana dilimizdə reklan lövhələrinin olmamasından gileylənib. “Bu müsabiqə ilə bağlı Azərbaycana gələcək hər hansı əcnəbi Bakı şəhərində ana dilimizdə bir dənə də olsa reklam görə biləcəkmi? Onlar nə düşünəcəklər. Fikirləşəcəklər ki, bura haradır, hansı ölkənin paytaxtıdır. Bu məsələyə baxmaq lazımdır”-deyə S.Rüstəmxanlı əlavə edib.

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev hesab edir ki, bu müsabiqədən ötrü elə də dəbdəbəli reklama ehtiyac yoxdur: “Müsabiqə ilə bağlı bu il ölkəyə 10 min turist gələcək. Bu o qədər də böyük rəqəm deyil. Bu sayda turist üçün şəhərdə dəbdəbəli reklam verməyə ehtiyac yoxdu. Bir-iki gündən sonra həmin reklamlar öz əhəmiyyətini itirəcək. Ölkəyə gələnlərin hamısı müsiqiçilərdir. Onlar üçün buradakı reklamlar o qədər də maraqlı deyil. Burda əsas məsələ turistlərə suvenirlərin, atrebutların verilməsi, şəhərin görməli yerlərini gəzməkdir. Bizim marağımızda olan informasiyanı verməkdir. Daha yaxşı olar ki, kiçik bir materialda bu reklamlar hava limanından çıxan yerdə qoyulsun. Indiki reklamlar çox sünidir. Hamı bu reklamların yanından keçir heç reklama fikir də vermir”.

Söz Azadlığı Müdafiə Fondunun sonuncu monitorinqinin nəticəsi isə acınacaqlı vəziyyəti ortaya çıxarıb. Fondun eksperti Nəzrinməmməd Zöhrablının sözlərinə görə, monitorinqlərin nəticəsində Bakı küçələrində cəmi 6 faiz Azərbaycan dilində reklam ifadələri aşkar edilib: “Monitorinqlərdən sonra müzakirələr aparıldı. Qəribə yanaşmalarla qarşılaşdıq. Belə fikirlər səsləndirilirdi ki, “Eurovision” yaxınlaşır deyə qoy hər şey xaricilərin təbirincə olsun. Amma “Avrovijın” həm də Azərbaycanı dünyaya tanıtmaq üçün bir fürsətdir. Əgər bu fürsətdirsə qoy, hər şey Azərbaycan dilində olsun. Ermənilər hətta özlərində olmayan bir şeyi də öz adlarına çıxarırlar. Azərbaycanda isə hər şey ingiliscə olacaqsa daha buranın nəyi azərbaycan oldu ki?”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov isə deyir ki, reklamlla bağlı danışmaq hələ ki tezdir. Onun sözlərinə görə, proses qonaqların ölkəmizə axını vaxtı həyata keçiriləcək: “Ötən ilki qələbədən sonra Azərbaycanın bir məqsədi var ki, ölkəni necə tanıdacaq. Bunların içərisində reklam da əsas yer tutur. Bu gün “Avroviziya” müsabiqəsinin emblemi aktualdır. Həmin emblemdə millilik özünü göstərir. Orda Bakının odlar yurdu olması əksini tapıb. Bu özü də artıq Şərq əlamətləridir”.

Millət vəkili narahatçılığa heç bir səbəb görmür: “Hesablamalar göstərir ki, reklamda Azərbaycan dili öz nüfuzunu qazanır. Bu elə də az şey deyil. Bunu arxasında böyük maddiyat olmalıdır. Uzun-uzun cümlələrlə reklam vermək olmaz. Bu reklamın effekti dayanmalıdır. Bu reklamlar tək azərbaycanlı üçün yox, dünya xalqları üçün də maraqlı olmalıdır. Bu müsabiqə beynəlxalq hadisədir və özünün də reklam tələbləri var. Həmin tələblər də standartlara cavab verməlidir. Bu gün şəhərdə kifayət qədrə milli ornamentləri əks etdirən reklamlar var. Odur ki, narahatçılığa səbəb yoxdur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO