XX əsrin 20-ci illərində tək Ağdam və Qarabağda deyil, bütün Azərbaycanda mürəkkəb siyasi vəziyyət yaranmışdı. Həmin vaxt Azərbaycan Demokratik Respublikasının varlığı sual altında qalmışdı. Rusiyada baş vermiş “Oktyabr” İnqilabının dalğası Bakıdan sonra artıq Qarabağa da çatırdı…
Müraciət etdiyimiz mənbələrdə, Ağdam rayonuna gələn XI Qızıl ordu hissələrinə Mir Cəfər Bağırovun şəxsən başçılıq etdiyi qeyd olunur. Həmin vaxt ordu hissələri Bərdədən keçib Ağdama istiqamətlənərkən Qərvənd kəndi yaxınlığında Xaçın çayının sahilində yerli əhali ilə qarşılaşmalı olur. Mənbələrdə ciddi qarşıdurma olmadığı deyilir. Bununla bağlı “Lenin yolu” qəzetində yazılmış məqalədə belə qeyd olunur:
“Bağırov yoldaş Ağdam zəhmətkeşlərinin Qızıl Ordu hissələri ətrafında birləşməyə çağırdı. Rayonumuzun zəhmətkeşləri Qızıl Ordu ətrafında toplaşaraq böyük bir dəstə yaratdılar”.
Müəllif yazır ki, həmin dəstəyə Misir Qurbanov rəis təyin edilir. Misir Qurbanov əslən Seyidli kəndindən idi. Gənc yaşlarından milis sıralarına daxil olmuş, az bir zamanda nahiyyə milis şöbəsinə rəis təyin edilmişdi. Qiyaslı və Tərnöyüt kəndlərinə olan qaçaqlara ( oxu yerli -bəylərə qarşı –V.T.) qarşı mübarizə aparmışdı. 1928-ci ildə Ağdam Qəza Siyasi Şöbəsində fəaliyyətini davam etdirmişdi. O zaman siyasi şöbənin rəisi Qara İlyasov idi. Göyçay qəzasından olan bir neçə qaçaqla ciddi söhbət əsnasında qaçaqlardan biri cəld tərpənərək Qara İlyasovu güllə ilə öldürür. Bəzi mənbələrdə Qara İlyasovu ağdamlı Qara bəy tərəfindən öldrüldüyü deyilir. Məhz həmin qaçağın izlənib tutulması Misir Qurbanovun xidməti nəticəsində həyata keçirilir. Bərdədə Əsəd bəyin bandasının, Tərtərdə Şahmalının qaçaq dəstəsinin ləğvində Misir Qurbanov fəal iştirak edir. Əsəd bəyin bandasının zərərsizləşdirilməsi zamanı güllə yarasından Misir Qurbanov dünyasını dəyişir. İmarətdə dəfn olunan azsaylı şəxslərdən biri də Misir Qurbanov idi.
Yazıda qeyd olunur: “…M.C.Bağırov Seyidli kəndində qərargah yaradaraq Qızıl Orduya hərtərəfli kömək etdi. Zəhmətkeş xalqın birgə mübarizəsi ilə düşmən qüvvələri darmadağın edildi…”.
Göründüyü kimi, M.C.Bağırov Ağdama birbaşa daxil olmayıb. Qərargahını Seyidli kəndinə salmaqla, məhz o istiqamətdən şəhərə daxil olmuş və yerli hakimiyyəti devirmişdi. Bu həmdə yerli əhalinin yeni quruluşa qarşı ciddi müqavimət göstərdiyindən xəbər verir. Xatırladaq ki, sonradan Seyidli kəndində M.C. Bağırovun təşkil etdiyi qərargahın yerində inşa edilən Mədəniyyət evinə M.C.Bağırovun adı verilmişdi.
Yazıda sonra qeyd edilir ki, M.C.Bağırovun şəxsən rəhbərliyi ilə Ağdamda təşkil edilmiş dəstə 3 hissəyə bölünərək – bir hissəsi Zəngəzuru erməni daşnaklarından azad etməyə, bir hissəsi Sultana bəyə qarşı mübarizəyə, üçüncü bir hissə isə Ağdamdakı “ yerli silahlılara” qarşı mübarizə üçün saxlanılır.
Çox keçmir M.C. Bağırov Qarabagda istəyinə çatır…
Yeri gəlmişkən qeyd edək ki, Qarabagda silahlı dəstələr hər an rus ordusuna qarşı gizli və açıq şəkildə mübarizə aparırdılar. Ancaq bununla bərabər M.C.Bağırov bölgə sakinlərinin ona göstərdiyi diqqəti də heç zaman unutmadığı deyilir. Belə ki, qeyd edilən illlərdə elə bir məqam gəlir ki, M.C.Bagırov ya əsir düşməli, ya da gizlənməklə canını qurtarmalı idi. Ağdamda sayılan vəzifə sahiblərindən olan, Sosialist Əməyi Qəhrəmanı Muxtar Məmədovun oğlu, Zərdabi irsinin tədqiqatçısı, filologiya elmləri namizədi Vəli Məmmədov atasının danışdığı xatirəni (bu xatirəni Vəli müəllim ölümündən bir həftə əvvəl danışmışdı- Allah ona rəhmət eləsin- V.T.) bizimlə söhbətində bölüşür: “O vaxt Ağdamda əsli Seyidli kəndindən olan Məmməd deyilən imkanlı bir şəxs var idi. Çüçəli plovu xoşladığından ona çüçə Məmməd deyərdilər. Çox sakit və dinc adam olan Məmmədə Bağırovu gizlətmək təklifi gəlir. O razılaşır. Musiqi texnikumunun yanında yerləşən ikimərtəbəli mənzilinin yük yerində M.C.Bağırovu gizlədir. Bununlada Bağırov real təhlükədən qurtulur.” Ancaq onun bir neçə dəfə bu cür real hadisələrlə üzləşdiyi deyilir. M.C.Bagırovun Qarabağa və bu bölgədə yaşayanlara onlardakı mərdlik hissinin yüksək olmasına görə də hörməti daha böyük olduğu deyilir.
1920-ci illərdə Sovet hökuməti ilə barışmayan bəylər meşələrdə gizlənməklə bərabər Qızıl ordu hissələrinə ciddi ziyan vurmaqda davam edirdilər. Bununla yanaşı bəylərin bəziləri İrana, Türkiyəyə, bir sıra imkanlı əsilzadələr isə Fransaya mühacirət edirdilər. Ancaq vətənpərvər oğullların bir qismi isə vətənində mübarizə aparmağa üstünlük verir.
M.C.Bağırov ona qaçaqlar tərəfindən vurulan zərbələrin haradan qaynaqlandığını yaxşı bildiyindən tez-tez dəstəsiylə Qarabağa gələr və mübarizəni də özü aparardı. Mübarizəni mərd şəkildə aparanları isə bağışlayaraq vəzifə verərdi. Belə hal bir dəfə Ağdamın Abdal-Gülablı kəndində baş verdiyi deyilir. “Damcılı bulağın” ətrafında oturub kabab yeyən qacaqlar hiss etməyiblər ki, alaqaranlıqda M.C.Bağırovda kabab şişinin birinə əl atıb dişinə çəkəcək və sonra onlara kim olduğunu söyləyəcək. Başqa çıxış yolu olmadığı görən qaçaqlar (bəylər) Bağırovun təklifi ilə razılaşmaq məcburiyyətində qalırlar. Sonralar M.C.Bağırovun həmin hadisənin iştirakçılarının hər birinə vəzifə verdiyi deyilir…
Ağdamda Kommunist Partiyasının özək təşkilatın fəaliyyəti əslən Keşdazlı kəndindən olan Məhəmməd Əliyevin Bakıdan Ağdama dönüşü ilə başlayır. Həmin dövrdə Qiyaslı Mustafa Orucov, Rzaqulu Ağaoğlu, Ətyeməzli kəndindən olan Məhəmməd Zaman oğlu, Mikayıl Şərifov, Şelli kəndindən Ədil Köçərlinski, Çullu Qəmbər kimi tanınan Qəmbər Əliyevin bu sırada adları çəkilir.
Ağdam ərazisində “XI Qızıl Ordu”nun qoşun birləşmələri ilə General Yadigarovun və Nuru Paşanın hissələri arasında ciddi qarşıdurma və döyüşləri də olmuşdu.
Şuşa qəzasında Hüsü Hacıyevin, Bahadur Vəlibəyovun, Kərəf Əsgərovun, Mir Süca Ağamirovun iştirakı ilə keçirilən toplantıda Qarabağda Sovet hökumətinin qurulduğu elan olunmuşdu.
Gərgin vaxtlarda vəziyyətdən istifadə edənlər Qarabağda Komsomol təşkilatını yaratmağa da nail olurlar. Təşkilata Gərəf Əsgərov başçılıq edəsi olur. Sonradan o, Naxçıvan Ölkə İnqilab Komitəsinin ilk sədri təyin edilmiş və qarşıdurma zamanı öldürülmüşdür.
Bir məqamı da qeyd edək ki, yuxarıda adları çəkilən qəza üzvlərindən Bahadur Vəlibəyov və Hüsü Hacıyev sonralar müxtəlif dövrlərdə Azərbaycan Respublikasının prokuroru vəzifəsinə təyin edilmişdilər.
Digər bir məqam isə erməni daşnaqları ilə mübarizədə kəskin şəkil alması idi. Yaranmış gərginlikdən onlarda öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. O dövrdə Hadrutda və ermənilərin sıx yaşadıqları digər məntəqələrdə qaldırdığı qiyam ciddi şəkildə yatırılmışdı…
Ağdamın ilk kommunistlərindən olan Əşrəf Əliyev, Həbib Axundov, Cəmil Muradov, Cəlal Həsənov bu qiyamların yatırılmasında yaxından iştirak etmişdilər. Həmin illərdə gizli yaranan komsomol təşkilatına isə Əli İbrahimov başçılıq edirdi. Ölümündən sonra onun adına Ağdamda küçə verilmişdi…
Araşdırmalarımız zamanı məlum oldu ki, 1920-ci illin sonlarından Nəriman Nərimanovun və Sergey Kirovun Ağdama gəlişi baş tutur. Səfərdə məqsəd əsas etibarilə mitinq keçirmək və dinc əhali arasında təbliğat işini artırmaq idi. Həmin vaxtadək isə artıq Ağdam qəza mərkəzi olaraq müəyyən bərpa və inkişaf dövrü keçirdi.
1923-cü ildə Ağdam Qəza Mərkəzi olarkən rayonda Qadınlar şöbəsi də fəaliyyət göstərmiş və ilk olaraq bu şöbəyə mərkəzdən göndərilmiş Kövsər Axundova və Bilqeyis Məmmədova rəhbərlik etmişlər. Onlar ilk fəaliyyətini Ağdamda olan Heydər Hüsiyev küçəsində olan Məşədi Hacılq deyilən binada göstərmişlər. İnqilabın ilk illərində müəllimlərdən Kübra Ağamirova, Zinyət Tutayuq, Ətyeməzli kəndindən olan Hüsnü Mustafayeva, Xıdırlı kəndindən olan Qəmzə Mustafayeva ( o uzun müddət Xıdırlı kənd sovetinin sədri işləmişdi V.T.), Muradbəyli kəndindən Səriyyə Zöhrabova, Mina Hacıyeva (Qəza müəllilmlər ittifaqının sədri olmuşdur), Sitarə Qarayeva belə ictimiyyətçi qadınlar sırasıa aid edilir.
Keçmiş sovet dövrünün gərgin illərində, 1925-ci ildən Ağdamda ideoloji təbliğat vasitəsi kimi ilk mətbu orqan “Ağdam şöləsi” qəzeti də çapdan çıxır…
Qarabağda Sovet hakimiyyəti quruluqdan sonra Şuşa Qarabağ Hərbi İnqilab Komitəsinin paytaxtı elan olunur. Lakin bu proses 1923-cü ilin iyul ayına kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yarandığı günə kimi davam edir. Həmin ilin sentyabrından isə Ağdam Qəza Mərkəzi olur, Tər-tər, Bərdə, Yevlax və Ağcabədi rayonları qəzanın ərazisinə qatılır.
Daha bir addım isə 1930-cu ilin avqustun 8-də atılır. Həmin tarixdə təxminən indiki inzibati ərazisi olmaqla Ağdamın qəza statusu ləğv edilir. Ağdam və yuxarıda adıçəkilən yaşayış məntəqələrinə rayon statusu verilir.
Beləliklə, Ağdama inzibati rayon statusu 1930-cu ilin avqust ayının 8-də verilir…