Bölgüyə razılaşan 36 nəfər artıq bu siyahıya imza atıb, qalanlar isə razılaşmır
“Azərbaycan Yazıçılar Birliyinin mənzil növbəsi ilə bağlı açıqladığı siyahının tərtib olunmasında yaradıcılıq prinsipləri əsas götürülməyib”. Bu sözləri Modern.az-a açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu siyahı ətrafında olan narazılığı şərh edərkən deyib.
“Siyahının tərtib olunmasında yaradıcılıq prinsipləri əsas götürülməyib. Birinci ev növbəsinə dayanan adam var ki, o heç yaradıcı sahədə fəal deyil, yaradıcı insan deyil. Amma həmin adamın arxasında ailə dayanıb. Söhbət həmin adamın şəraitindən gedir. Komissiya onun şəraitini yoxlayıb və ehtiyacı varsa, bu paydan ona da ayırmağı məsləhət bilib”-deyə Ə.Əsgəroğlu vurğulayıb.
Qeyd edək ki, siyahıda yer almış mühasib, məsləhətçilər ədəbi müstəvidə olan narazılığın əsas motivi kimi göstərillir. Ədalət Əsgəroğlu bildirib ki, o siyahını KİV-ə verərkən ev növbəsinə dayanan adamların adlarını qeyd edib, amma onların peşə fəaliyyəti ilə bağlı heş bir söz deməyib:
““Kulis.az”da gedən materialda ev növbəsində olan adamların adlarını çəkmişəm. Amma onlardan kimin operator, kimin məsləhətçi olmağını deməmişəm. Orada da qeyd olunub ki, ev növbəsində Yazıçılar Birliyində çalışan adamlar, Yazıçılar Birliyinin əməkdaşları və yazıçılar durublar. Amma onların vəzifələri düzgün qeyd edilməyib. Bəli, bu siyahıda müxtəlif vəzifələrdə işləyənlər var”-deyə AYB rəsmisi qeyd edib.
AYB-nın sözçüsü onu da bildirib ki, sözügedən siyahıda 50-yə qədər adam var. Komissiyanın bəyanatında ev növbəsində olan adamların bölgüyə razılaşaraq sənədi imzaladıqları göstərilir:
“Artıq bölgüyə razılaşan 36 nəfər bu siyahıya imza atıb. Qalanları isə bu bölgüylə razılaşmır. Onlar bundan ya imtina edib, ya da sonda bölgüyə dayandıqlarından siyahıya girə bilmirlər. Çünki 9 mənzili hamı arasında bölmək olmaz. Bu 9 mənzil 36 nəfər arasında bölünəndə bazar qiyməti ilə hərəyə 25-30 min manat pul çata bilər. O bu pulla nə edə biləcək? Bu heç mebelpulu da etmir. Bu paylaşmaya razı olmayanlar isə ev növbəsində saxlanılır və imkan düşəndə onlar da evlə təmin ediləcək və ya şəraitləri yaxşılaşdırılacaq”.
Ə.Əsgəroğlu onu da qeyd etdi ki, bölgüdən narazı olanlar Yazıçılar Birliyində yaradılmış Komissiyaya müraciət edə bilər. Komissiyanın sədri isə Rauf Aslanovdur.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mənzil növbəsində dayanan evsiz yazıçı və şairlərlə bağlı qərarı narazılıqlara səbəb olub. 9 mənzilin 36 yazıçı arasında bölüşdürüləcəyi məsələsi gündəmə gələndən dedi-qodular, söz-söhbətlər səngimir.
Bu məsələ ilə bağlı yazıçı Qan Turalı, Şərif Ağayar və Seymur Baycan Modern.az-a tənqidi fikirlər səsləndiriblər.