Azərbaycanlı jurnalistlər Türkiyədə görüşlər keçiriblər

Modern.az xəbər verir ki, Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin Türkiyəyə səfəri Ankara görüşləri ilə başlayıb. Azərbaycan Mətbuat Şurasının və Türkiyənin Baş Bakanlığı yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsndə reallaşdırılan bu səfərdə ölkəmizin 10 şəhər və rayonunda nəşr olunan yerli qəzetlərin baş redaktorları, dövlət qəzet və informasiya agentliklərinin bölgə müxbirləri təmsil olunur.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə “Dialoq Avrasiya” Platforması ölkəmizdəki təmsilçisi Mustafa Saatçı da daxildir. Nümayəndə heyəti aprelin 25-də Ankara şəhərində bir sıra görüşlər keçirib. Əvvəlcə qonaqlar ulu öndər M.K.Atatürkün məzarını və abidə kompleksini ziyarət edib, dahi şəxsiyyətə məxsus əşyaların saxlanıldığı muzeylə tanış olublar. Sonra jurnalistləri Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qurupunun rəhbəri, professor Nejdet Ünüvar qəbul edib. Tərəflər iki dost və qardaş ölkə arasındakı əlaqələrə, müxtəlif proseslərə nəzər salıb, medianın mövcud durumdakı rolunu təhlil ediblər. Maraqlı nüanslardan biri də budur ki, millət vəkili həmin gün “TRT Avaz” telekanalındakı canlı dialoqda “Seçkilərdən sonrakı Ermənistana yanaşmada hansı məqamlara diqqət yetirilməlidir” mövzusu ilə əlaqədar suallara cavab verilməsi üçün azərbaycanlı jurnalistlərlə ortaq mövqe axtarışında olub, onların təkliflərini də dəyərləndirərək nəzərə alacağını bildirib. Media təmsilçiləri onların şərəfinə Böyük Millət Məclisinin yalnız ali qonaqlar üçün nəzərdə tutulan ziyafət zalında nahar süfrəsi açılmasından məmnun qalıblar.

Sonra KİV nümayəndələri Türkiyə Baş Bakanlığı yanında Mətbuat və İnformasiya İdarəsində olublar. Qurumun sədr müavini Arif Gülən qonaqları salamlayıb, Azərbaycanın media təşkilatları ilə əlaqələrə nəzər salıb. Bu konteksdə türkdilli xalqların media qurumlarının ali məclislərinin xüsusilə yüksək əhəmiyyətə malik olduğunu deyib. A.Gülən mediaya dövlət dəstəyinin forma və metodlarının təhlilini verib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinby İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin Türkiyəyə səfərləri zamanı bu xüsusda ətraflı müzakirələr getdiyini məmnunluqla xatırlayıb.

A.Gülən Türkiyə mətbuatı barədə geniş məlumat verərək bildirib ki, hazırda Türkiyədə 2780 qəzet dərc edilir ki, onlardan 187-i bütün ölkə ərazisini, 92-i yalnız regionları əhatə edir. Bundan əlavə Türkiyədə 3679 jurnal, 248 televiziya, 1059 radio fəaliyyət göstərir. Ən maraqlısı isə rayon qəzetlərinin sayının çoxluğudur – 2501: “Media qurumlarının fəaliyyətini izləyən, onların problemləri ilə məşğul olan, səmərəli fəaliyyəti üçün tədbirlər həyata keçirən təşkilatımız 13 min jurnalistə, o cümlədən ölkədə fəaliyyət göstərən 330 xarici ölkə jurnalistinə vahid vəsiqə verib”.

Cənab Gülən Türkiyə və Azərbaycan KİV-ləri arasında təcrübə mübadiləsi, jurnalistlərin bilik və bacarıqlarının qarşılıqlı şəkildə bölüşməsi və onların biri-birini yaxından tanıması üçün təşkil edilən bu səfərləri yüksək qiymətləndirib, proqram çərçivəsində qonaqların Türkiyənin bir neçə KİV-ində olacağını vurğulayıb.

Nümayəndə heyəti adında R.Hüseynzadə Türkiyə və Azərbaycanın media təmsilçilərinin təmaslarının davamlılığı üçün yeni layihələrin zəruriliyini bildirib O, tədbirlərin formatının daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

Növbəti görüş TİKA-da keçirilib. Qonaqlar qurumun fəaliyyəti, uğurları ilə tanış olublar. Qurumun sədr müavini Mehmet Sulyar 1992-ci ildə fəaliyyətə başlayan təşkilatın hazırda 25 ölkədə, o cümlədən Azərbaycanda ümumilikdə 28 ofisinin olduğunu, iqtisadiyyat, kənd təsərrüfatı, turizm, texniki, sosial, mədəni, təhsil sahələrində layihələr həyata keçirdiyini vurğulayıb. O, Azərbaycanın regionlarında mətbuatın inkişafına dəstək məqsədilə gələcəkdə də müxtəlif layihələrin gerçəkləşdiriləcəyini bildirib. Müzakirə olunan məsələ ətrafında R.Hüseynzadə, Dialoq Avrasiya” Platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçı, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova çıxış edərək təkliflərini səsləndiriblər.

Səfərin ikinci günü Konya görüşləri ilə yadda qalıb. Nümayəndə heyəti böyük şərq mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin dəfn olunduğu abidə kompleksini ziyarət edib, onun adını daşıyan universitetlə tanış olublar. Digər görüşlər isə birbaşa media qurumlarında keçirilib. “Zaman” qəzetinin Konya şəhərində yerləşən regional təmsilçiliyində olan qonaqları redaksiyanın rəhbəri Şirin Qabaqçı qarşılayıb. O bildirib ki, regional təmsilçiliyə 5 vilayət-Konya, Ağsaray, Karaman, Niydə və Nevşehir daxildir. Qəzetin regional təmsilçiliyinin fəaliyyət istiqamətləri, işıqlandırdığı mövzular, yayım xüsusiyyətləri, müvafiq qurumlarla əlaqələri barədə ətraflı məlumat verən Ş.Qabaqçı vurğulayıb ki, iki milyondan artıq əhalisi olan Konyada 9 yerli qəzet fəaliyyət göstərir. Lakin onların tirajının digər vilayətlərə nisbətdə aşağıdır – 600-700 tiraj arası. Tirajın azlığına baxmayaraq burada da dövlət qurumlarının rəsmi elanlarının bölgüsündən faydalanmalar var. Həmin nəşrlər də müəyyən qruplarda birləşirlər. Bu barədə Konya Televiziyasındakı görüşlərdə daha ətraflı məlumat verilib. Türkiyə teleməkanında 20 ən öncül sırada olan KonTV-nin milli mənəvi dəyərlərin başlıca daşıyıcılarından olduğu önə çəkilib.

Xatırladaq ki, səfər proqramı çərçivsində aprelin 27-28-dəki görüşlər İstanbuldakı media qurumlarında baş tutacaq. Bundan əlavə tarixi yerlərlə də tanışlıq nəzərdə tutulur.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO