Dövlət Neft Şirkəti dünən (ARDNŞ) Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş vermiş insidentlə bağlı bu gün mətbuat konfarnsı keçirib. Konfransda qurumun Hüquq idarəsinin rəisi Eldar Orucov çıxış edərək baş verən xoşagəlməz olayın mətbuatda olduğu kimi işıqlandırılmadığını deyib.
“Hazırda Sulutəpə qəsəbəsində 15 mindən çox qanunsuz tikili mövcudddur. Biz qanunsuz tikililərlə qarşı dünyada misli görünməmiş məhkəmə prosesi həyata keçiririk. Bu məhkəmələr də bizim xeyrimizə qəbul olunub. Bu yaxınlarda baş verən olaylar mətbuatda düzgün işıqlandırılmadı. Müxtəlif yanaşmalar oldu. Bu əraziləri boşaltmaq bizim borcumuzdur. Bu istiqamətdə işimizi davam etdiririk”-deyə E.Orucov qeyd edib.
ARDNŞ rəsmisi jurnalislətin döyülməsi ilə bağlı artıq komissiyanın yaradıldığını bildirib. Onun sözlərinə görə, komissiya Mikayıl İsmayılovun başçılığı ilə bununla bağlı araşdırmalar aparacaq. E.Orucov vurğulayıb ki, mətbuatda dəqiq olmayan informasiyaların qarşısını almaq üçün ətraflı informasiyalar zaman-zaman ictimaiyyətə çatdırılacaq.
Konfransda ARDNŞ əməkdaşları tərəfindən döyülən “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva hadisə baş verən anda çəkilən şəkilləri Eldar Orucova göstərib. Lakin E.Orucov bununla bağlı heç nə deyə bilməyəcəyini bildirib.
Eldar Orucov dünən baş verən hadisələrdə ARDNŞ-nin də 7 nəfər əməkdaşının xəsarət aldığını bildirib. “Yaralanan İdrak Abbasovun özünün və qardaşının orada evləri var. Orada baş verən hadisələrdə onun və qardaşlarının daha çox rolu olub. “Yeni Müsavat”ın əməkdaşını döyən şəxslər isə araşdırmalardan sonra öz cəzasını alacaq”.
Daha sonra E.Orucov hansı ərazidə nə qədər qanunsuz tikilinin olması haqqında danışıb. O, bunun ümumi sayının 30 mini keçdiyini, bu il yalnız 7 min işi məhkəməyə verə biləcəklərini bildirib: “Demək olar ki, bütün məhkəmələrdə bizim işlərimiz var. Bibiheybətdə olan 2000 qanunsuz tikili haqqında bütün işlər məhkəməyə verilib və onlar haqqında qətnamələr var. Sadəcə hələ icraata yönəldilməyib. Sabunçuda 6321, Binəqədidə isə 20 min belə qanunsuz evlər var”. Tədbirdə verdikləri suallara tam və əhatəli cavab ala bilməyən jurnalistlərlə ARDNŞ rəsmiləri arasında xoşagəlməz anlar yaşanıb. Jurnalistlər ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin konfransına gəlməsini istəsələr də, bu baş verməyib.