Hazırkı dönəmdə internet jurnalistikası öz operativliyi ilə qəzet və jurnalları geridə qoyur. Xəbəri daha operativ şəkildə əldə etmək istəyən istənilən oxucu imkan daxilində internet mediasına üz tutur. Bəs hər gün izlədiyimiz və adlarını əzbərdən bildiyimiz xəbər saytlarının adları necə yaranıb? Modern.az-ın əməkdaşı bu dəfə informasiya saytlarının adları ilə bağlı yazını sizə təqdim edir.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirib ki, 2009-cu ildə yaratdıqları internet portalının adı barədə o qədər də düşünməyiblər: “Biz iki məqama üstünlük verdik. Qoyacağımız ad beynəlxalq termin olsun. Eyni zamanda müasir olsun. Bunu düşünərkən təsis etdiyimiz “Çağdaş Azərbaycan” jurnalının qeydiyyat sənədləri stolun üstündə idi. O zaman qərara gəldik ki, bu adın dünyanın başa düşəcək forması üzərində dayanaq. Deyim ki, ideya məndən gəldi – Modern.az. Elə bunun da üstündə də dayandıq. Hesab edirəm ki, çox uğurlu addır”.
“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu deyir ki, bu ad “APA Group”un rəhbəri Vüsalə Mahirqızı tərəfindən təklif olunub.
“Ad təklif olunanda çox bəyənildi, çünki kifayət qədər uğurlu bir addır. “Lent” sözünün xəbər anlayışına yaxınlığı var, çünki “xəbər lenti” deyilən bir ifadə var. Xarici ölkələrdə, xüsusən Rusiyada “lenta.ru” adlı sayt var və kifayət qədər də populyarlıq qazanıb. Burada söhbət “lenta.ru”nun “kopya”sını çıxartmaqdan getmir. Əsas odur ki, media vasitələrinə ad seçərkən, bunun praktikada nə cür istifadə olunmağına nəzər yetirəsən.”
“Kulis.az”ın baş redaktor Qan Turalı bildirib ki, “kulis” sozü sənət terminidir, mənası teatr arxası, səhnəarxası deməkdir.
”Söz mənşə etibarilə sənət anlayışı olsa da, digər sahələri də ozündə birləşdirə bilir. “Kulis.az”ın ideyası olanda, biz Vüsalə Mahirqızı ilə bir neçə layihə üzərində işləyirdik, bu layihələrin də birinin adı “Teatr kulisi” idi. Elə layihənin adına uyğun olaraq, Vüsalə Mahirqızı dedi ki, saytın adı da “kulis.az” olsun”.
“Gün.az” saytının baş redaktoru Elnur Bayimov isə adı pulla alıb. Onun sözləriinə görə, sayt üçün ad seçərkən məlum olub ki, bütün az-çox diləyatımlı adların hamısı artıq qeydiyyatdan keçib.
“Biz bu adı seçərkən çətinlik qarşısında qaldıq. Çünki bütün adlar götürülmüşdü. Bu ad mənə yaxın olan bir addır. Düşündüm ki, elə bir ad olsun ki, gün ərzində olan xəbərləri işıqlandırıb çatdırsın. Amma bu ad artıq başqa bir nəfər tərəfindən qeydiyyata alınmışdı. Həmin adamla əlaqə yaradıb, bu domeni aldım və media quruluşumuzu qeydiyyatdan keçirdim”.
“Mediaforum.az” saytının baş redaktoru Azər Qaraçənli bildirib ki, bu ad onların kəşfi deyil, bir sıra ölkələrdə belə adda sayt var.
“Bu layihə “İnternyus-Azərbaycan” İctimai Birliyin layihəsidir. Layihəyə əsasən, bu ad qoyulmalı idi, amma ad üçün bir başqa təkliflər oldu. Kollektiv üzvləri arasındakı uzun müzakirədən sonra yenidən “Mediaforum” adının üzərində dayandıq”.
“Milli.az” portalının redaktoru Elçin Alıoğlu deyir ki, istənilən sayt yaradılanda ona ad seçimi həmişə çətin olur.
“Bizim informasiya saytı yaradılanda muəyyən çətinliklər yaşanıb və sonda bu adın qoyulması qərara alınıb. Biz xəbərləri seçərkən çalışırıq ki, ölkəmizin maraq dairəsinə uyğun və cəmiyyətimizə təsir edən xəbərlər olsun. Bu baxımdan portalımız belə adlanır”.
“Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud ad seçimini belə izah edib: “Biz bu saytı yaradanda “Qafqaz” adında domen almaq istəyirdik. Məlum oldu ki, coğrafi adlar domen kimi satılmır. Fikirləşirdik ki, elə bir ad olsun ki, Qafqazı özündə ehtiva etsin. Redaktor Elnur Məmmədlidən təklif gəldi ki, “Qafqazinfo” olsun. Bununla da saytımız belə adlandı”.
“Var.az” saytının baş redaktoru Aynur Elgünəş deyir ki, ad məsələsində xeyli götür-qoy ediblər:
“Sayt Bakı Jurnalistika Məktəbinin layihəsidir, biz istəyirdik ki, öz tələbəlirimizin praktika keçməsi üçün bir saytımız olsun. Bir neçə ad var idi, amma “var.az” adını seçdik. Bu ideya Ulvi Tahirov tərəfindən təklif olunub. Bu da o deməkdir ki, saytda axtara biləcəyiniz hər şey var”.