Sovet dövrünün jurnalistlərindən örnək götürə bilərikmi?

Hər dövrün həmin zamana uyğun jurnalistikası olur. Bu sahədən kimlərsə obyektiv yanaşmaları, yaxşı qələmi ilə sonrakı nəsillərə örnək olur, kimlərsə də unudulur, heç xatırlanmır.
Sovet Azərbaycanının da özünəməxsus jurnalistikası vardı. Sovet dövrü bir çox azərbaycanlı jurnalistlərlə xatırlanır. Maraqlıdır, indi mediada çalışan qələm sahibləri sovet dövrünün jurnalistlərindən kimləri özlərinə örnək götürüblər? Onlardan hansı meyarlar yadda qalıb?

Modern.az-ın əməkdaşı bu suallarla hazırda media sahisində çalışanlara müraciət edib.

Media eksperti Zeynal Məmmədli bildirib ki, Azərbaycan dilinin söz ehtiyatı və bir çox hallarda insan faktorunu nəzərə almaq, insana sayğı baxımından Sovet dövrünün jurnalistləri örnək ola bilər.

“Yəni mümkün qədər çox sözlükdən, Azərbaycan dilinin imkanlarını bilməkdən, insanı diqqətdə saxlamaq baxımından örnək ola bilər. Amma digər baxımdan, məsələn, çox fikirlilik, plüralizmi yaymaq, demokratik dəyərləri oturtmaq, tənqidi düşüncə demək baxımından sovet dövrünün jurnalistləri örnək göstərilə bilməz”.

Z.Məmmədli hesab edir ki, o dövrün jurnalistikası təkpartiyalı jurnalistika olduğu üçün Sovet dövrünün jurnalistləri örnək ola bilməzlər.

“Amma o dövrdə də plüralizmə meyl edənlər az da olsa, var idi. Məsələn, Nürəddin Babayev görürdü ki, ictimai-siyasi məsələlərdən yazanda doğru, dürüst yazmaq çətindir, ona görə sırf etik, tərbiyə, insanların məişət, təhsil məsələlərinə diqqət yetirirdi və mümkün qədər siyasi hadisələrdən kənar yazmaq istəyirdi.

Nəriman Zeynalov tarixi mövzularda oçerklər yazırdı. Qulam Məmmədlinin jurnalistikanı araşdırmaq və jurnalist dəyərlərini yetirmək baxımından çox böyük xidmətləri olub. Bunları danmaq olmaz”.

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu “sovet dövründə Azərbaycanda çox görkəmli jurnalistlər olub və şəxsən mən onlardan çox şey öyrənmişəm” deyə sualımıza cavab verib. O bildirib ki, jurnalistikaya həvəsinin yaranmasında dayısı Mütəllim Abbasovun rolu olub.

“O, “Şuşa” qəzetinin redaktoru idi. Çox prinsipial və istedadlı jurnalist kimi mənə örnək olub. Örnək ola biləcək şəxslərdən biri kimi mərhum dostum Adil Qaçayoğlunun adını da çəkə bilərəm. Nəhəng saydığım digər jurnalist Şakir Yaqubovdur.
Ümumiyyətlə, çox ad çəkmək olar. Cavan jurnalistlərin sovet dövründəki həmkarlarından öyrənəcəyi çox şey var”.

H.Sabiroğlu hesab edir ki, sovet dövrü jurnalitiskasında sözə məsuliyyət, işgüzarlıq, yorulmadan çalışmaq, jurnalist etikasını gözləmək, qarşı tərəfi alçaltmadan tənqid etmək kimi yaxşı cəhətlər var idi.
“Amma təəssüf ki, bu günün cavan jurnalistlərində bunlar görsənmir. Kim nə gəldi yazır.

Ümumiyyətlə, həmin dövrdən öyrəniləcək çox şey var”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, kiminsə örnək olması vacib deyil: “10 jurnalist ola bilər ki, bunun 9-u heç nə olsun, biri örnək olsun. Mən heç vaxt örnək axtarmamışam, adam kimi yaşamağı və normal işləməyi özüm üçün örnək saymışam. Bəlkə atamdan başqa mən örnək axtarmamışam”.

Hərənin özünə ideal seçə biləcəyini deyən E.Şıxlı qeyd edib ki, onun da hörmətlə yanaşdığı adamlar olub. “Məsələn, rəhmətlik Hacı Hacıyev. Və bəlkə də digər hörmət olunası adamlar var, amma mənim üçün örnək deyilən məhfum yoxdur.

Hacı Hacıyev sovet dövründə işlədiyi kimi, müstəqillik dövründə də müəyyən dərəcədə simasını itirməmişdi. Digərləri də var, amma kim kimi daha yaxşı tanıyır, kim kimi daha pis tanıyır, ondan irəli gəlir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, Sovet dövrünün jurnalistikasının üstün məqamları var idi və o zamanın çox qabiliyyətli, istedadlı jurnalistləri olub.
“Düzdür, o zaman birpartiyalı sistem idi və mətbuat ümumi ideologiyanın tərkib hissəsi olduğu üçün ideologiyaya xidmət edirdi. Amma buna baxmayaraq, cəmiyyətdəki problemləri qabardan, işıqlandıran və öz istedadı qələmləri ilə yazan jurnalistlər də çox olub.

Yəni sovet dövründə bu günün cavan jurnalistləri üçün örnək götürüləsi nümunələr olub”.
Bu baxımdan baş redaktor sovet jurnalistikasını tamamilə qara göstərməyin tərəfdarı deyil.

“Yadımdadır, müəllimim Nürəddin Babayevin əsərləri 100 min tirajla çap olunurdu. O dövrün cavanlarının, gənclərinin keçirdiyi hisslər, problemlərlə bağlı maraqlı yazıları olub. Qulu Xəlilov o dövr üçün həm pedoqoji fəaliyyəti, həm hərdən dediyi kəskin fikirləri, məqalələri ilə yadda qalan mətbuat nümayəndəsi idi”.

R.Məcid bildirib ki, “Əkinçi”dən başlayaraq, sovet dövründə də davam etmiş ənənələrimiz-peşəkarlıq, araşdırma sahəsində müəyyən üstün məqamlar, dil məsələləri bügünki jurnalistlər üçün örnək götürülə bilər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, dövründən asılı olmayaraq jurnalistlər əgər öz zamanının tələblərinə uyğun fəaliyyət göstəriblərsə, onları həmişə örnək götürmək olar.

“Məsələn, biz Babəkdən örnək götürürük, çünki dövründə vətənini qoruyub. Nizami, Fizulidən örnək götürürük, çünki dövrünün çox böyük fikir dühaları olublar və bu gün də biz onlardan bəhrələnirik.

Mən belə hesab edirəm ki, zamanından asılı olmayaraq, kimlər öz dövründə mühüm rol oynayıb, onlardan örnək götürmək olar”.

Ə.Amaşov “əgər bizim jurnalistlərimiz yaşadığı dövrdən asılı olmayaraq, jurnalistikaya xidmət ediblərsə, hadisələrə obyektiv münasibət göstəriblərsə və jurnalistikanın inkişafında mühüm rol oynayıblarsa, əlbəttə bizim üçün həmişə örnək olmalıdırlar” deyə vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO