Atalar nahaq yerə deməyib ki, gözəllik ondur, doqquzu dondur. Hamı həmişə yaxşı geyinməyə çalışıb, istər qadın olsun, istər kişi… Amma hər kəsin maddi vəziyyəti dəblə ayaqlaşmağa, geyimi ilə diqqətlərdə qalmağa imkan vermir. O cümlədən də jurnalistlərin.
Hazırda Bakıda bahalı brendləri olan firmaların geyimlərinin satıldığı onlarla mağaza var. Bu mağazaların qarşısından keçən hər kəs içəri daxil olmaqa haqda düşünmür. Yaxşı maaş ala bilməyən jurnalistlər kimi. Görəsən qələm sahiblərimiz geyimdə hansı istehsala üstünlük verməyə çalışırlar? Bahalı brendlərə əli çatan varmı?
Modern.az-ın əməkdaşı suala cavab tapmaq üçün jurnalistlərlə əlaqə saxlayıb.
“Həftə-içi” qəzetinin əməkdaşı Azad Əliyev deyir ki, əsasən Türkiyə istehsalı olan geyimlər almağa çalışır. Həmkarımız bildirib ki, Bakıda türk malları tapmaq problem deyil, o da geyimlərinin 90 faizini qardaş ölkənin istehsal etdiyi məhsullar arasından seçir.
“Tez dağılan Çin istehsalı olan ucuz mallardansa, orta qiymətə satılan paltarlar almağa çalışırıq ki, uzun müddət geyinək, yəni bir xeyli dözümlü olsun”.
“Qol.az” saytının redaktoru Aydın Bağırovun sözlərindən belə başa düşdük ki, firma mallarına üstünlük verir. Jurnalist deyir ki, onun geyimləri arasında məşhur ispan şirkətinin məhsulları daha çoxdur: “Ümumiyyətlə, həmişə bəyəndiyim geyimləri alıram. Daha çox bahalı və məşhur firmaların istehsalı olan paltarları geyinməyə üstünlük verirəm”.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın xüsusi seçimi yoxdu. O qeyd edib ki, xoşuna nə gəlirsə, alır: “Yaxşı, gözəl nə varsa, alıram. Əsas da Türkiyə, Fransa, İtaliya istehsalı olanlara üstünlük verirəm”.
Müstəqil jurnalist Çingiz Sultansoy bildirib ki, imkanları istədiyini geyinəcək qədər yüksək deyil. Ancaq yaxşı türk malı onu qane edir.
“Əsasən Türkiyə istehsalı geyimlər geynirəm. Həm qiymətləri münasibdir, həm də keyifiyyəti pis deyil”.
“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadənin də bahalı geyimlər almağa o qədər imkanı yoxdur. O da digər həmkarları kimi deyir ki, jurnalistlərin imkanları tanınmış brendlərə sahib olan firmaların geyimlərini almağa yetərli deyil.
“Amma yerli istehsaldan da istifadə etmirəm. Əsasən Türkiyə istehsalı olan geyimləri alıram. Jurnalist fəaliyyətimlə əlaqədər ildə 1-2 dəfə Türkiyəyə gedirəm. Orada Bakıdakından iki dəfə ucuz, keyfiyyətli geyim alıram. Ona görə də paltara o qədər də pul xərcləmirəm”.
“Mediaforum” saytının əməkdaşı İsmayıl İsmayılov bildirib ki, Azərbaycan bazarı elə də böyük olmadığı üçün burada məhsulların əsas hissəsini ya Çin, ya da Türkiyədən gətirilənlər təşkil edir. “Mən məhsulun hansı ölkənin istehsalı olmağından çox, onun keyfiyyətinə üstünlük verirəm. Sağlam həyat konsepsiyasına uyğun həyat keçirdiyim üçün mənə keyfiyyətli məhsulun Pakistan, Hindistan istehsalı olması maraqlı deyil. Kimyəvi tərkibi nə qədər təbii olarsa, onu istifadə edərəm. Hazırda da əsasən geyimimdə Türkiyə istehsalı olanlar üstünlük təşkil edir. Çünki bazar bunu tələb edir”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı deyir ki, Azərbaycanda ancaq Türkiyə istehsalı olan geyimləri almağa pulu çatır.
“Amma xarici səfərlərdə olanda Avropa mallarını da endirimlə almaq imkanı yaranır. Əslində, bu məsələdə o qədər də tələbkar deyiləm. Hansısa geyimi bəyəndimsə, yaraşdısa, harada istehsal olunduğuna o qədər də əhəmiyyət vermirəm. Elə xanım jurnalistlər tanıyıram ki, maaşlarının çox hissəsini bahalı paltarlara, çanta və ayaqqabıya sərf edir. Elə düşünürlər ki, bahaldırsa, deməli, keyfiyyətlidir. Mən belə hesab etmirəm. Çünki Bakıda qiymət – keyfiyyət göstəricisi deyil. Bahalı brend adı altında saxta malları yüksək qiymətə almaqdanasa, bahalı olmayan, amma istehsal yerinə və keyfiyyətinə əmin olan geyimi almaq daha yaxşıdır”.
“Qafqazinfo” saytının əməkdaşı Nigar Məmmədli də əksəriyyət həmkarı kimi Türkiyə istehsalı olan geyimlərə üstünlük verir.
“ Təbii ki Avropa geyimləri də alırıq. Amma onlar jurnalistlərin maaşına uyğun olmadığı üçün, ən çox həm ucuz, həm keyfiyyətli türk malları almağa üstünlük veriririk. Çox istərdik ki, yerli məhsulları da alaq. Amma onlar keyfiyyətli olmadığı üçün biz bunu hələ çox gözləməli olacağıq”.
“Olaylar” İnformasiya Agentliyinin redaktoru Elman Cəfərlinin cavabı belə olub: “Əksər jurnalistlər kimi tanınmış brendlərə malik firmaların bahalı məhsullarından istifadə etmək imkanınmız yoxdur. Bizim cibimizə yerli, Çin, Pakistan və qismən də Türkiyə məsulları uyğun gəli. Çalışıram keyfiyyətçə üstün olan türk malı alım. Son zamanlar Bakıda fəaliyyət göstərən sexlər keyfiyyəti aşağı olsa da, zövqlü ayaqqabı, kostyum istehsal edirlər. Onlardan da istifadə edirik”.
“Şərq” qəzetinin əməkdaşı Firdovsi Fərzəliyev də seçim edərkən geyimin hansı ölkənin istehsalı və ya hansı markanın olmasına fikir vermir.
“Vizual olaraq yaxşıdırsa, mənə yaraşırsa və təbii ki, qiyməti də münasibdirsə, alıram. Yaxşı olardı ki, keyfiyyətli mal olsun, amma buna imkan olmadığı üçün çalışırıq bizə yaraşan və ucuz geyim alaq. Təbii ki, az-çox keyfiyyətə də diqqət edirik ki, geyindiyimiz heç olmasa bir müddət davam gətirsin”.
“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov gücü çatan qədər yaxşı geyim almağa çalışır: “Amma təəssüf ki, sevdiyim markalar o qədər bahalıdır ki, ancaq baxmaqla kifayətlənirəm. Ona görə də maddi imkan fürsət versə, türk malı, olmasa yerli mal alıram. Hər halda Çindən gətiriləndənsə, yerli mal almaq daha münasibdir”. Jurnalist ayaqqabı seçimində xüsusilə türk istehsalına üstünlük verir: “Çünki türk ayaqqabıları daha uzunömürlü olur və şıklığını itirmir”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Camal: “Orta statistik azərbaycanlı üçün keyfiyyətli geyim türk malıdır. Mən də Türkiyə şirkətlərinin istehsalı olan geyimlərə üstünlük verirəm. Amma bu seçimin türklüklə əlaqəsi yoxdur”.
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Oqtay Hacımusalı bildirib ki, bu gün Azərbaycan jurnalistinin aldığı maaş “second hand”dan tutmuş orta səviyyəli mağazalardakı istənilən malı almağa imkan verir.
“Lakin imkanımız yoxdur ki, bahalı markalardan biz də istifadə edək. Bunun üçün ilk növbədə jurnalistin maddi rifahı yüksəldilməlidir ki, o bu cür geyimləri ala biləcək vəziyyətdə olsun. Yəni bu günün jurnalisti üçün aldığı malın hansı ölkənin istehsal olmasının fərqi yoxdur. Mən də çalışıram ki, əgər təmiz Türkiyə istehsalıdırsa, onu alım”.
“Yeni Musavat” qəzetinin əməkdaşı Hacı Zamin də jurnalistin geyimin hansı ölkənin istehsalı olmasına fikir verəcək imkanın olmadığını deyir: “Çin, Banqladeş istehsallı geyimlər alırıq. Amma imkan olsa, Türkiyə tekstil sənayesinin məhsullarını almaq istərdik. Olmadığı üçün Çin məhsulları ilə kifayətlənirik”.