Nəzirməmməd Quliyev: «Bayağı mövzulu məişət filmləri telekanallarımızın əsas mövzusuna çevrilib»
Yazar Varis: «Telekanallar daha çox şouya, bayağı seriallara yer ayırır»
Alpay Azər: «Diqqət pul gətirən verilişlərə yönəlib»
Oktay
Son dövrlər Azərbaycanın kitab bazarında bir canlanma müşahidə olunur. Yerli və əcnəbi müəlliflərin çoxsaylı kitabları dərc olunur, təqdimatlar, müzakirələr keçirilir.
Xüsusən də «Qanun» Nəşrlər Evinin çap etdiyi müxtəlif seriyalar, «Əli və Nino» kitab mağazaları şəbəkəsinin fəallığı, həyata keçirdiyi müxtəlif kampaniyalar diqqət çəkir. Rəsmi qurumların da tez-tez kitab yarmarkaları təşkil etməsi diqqətəlayiqdir.
Amma televiziyaların kitab mövzusuna adekvat reaksiyası yox dərəcəsindədir. Ara-sıra hansısa kitab təqdimatlarından kiçik süjetləri nəzərə almasaq, belə taleyüklü məsələdə telekanalların soyuq münasibətini anlamaq mümkün deyil.
Şou-biznes virusuna yoluxan özəl kanallarla bağlı bu sahədə durum bəllidir. Bəs dövlət büdcəsindən maliyyələşən AzTV, İTV və «Mədəniyyət» kanalında niyə yeni kitablarla bağlı veriliş yoxdur? Niyə yeni kitabların təbliği, müzakirəsi həyata keçirilmir? Bu sualla ziyalılarımıza müraciət etdik.
Yazıçı-publisist Nəzirməmməd Quliyevi bu sual bir neçə il öncə narahat etməyə başlayıb: «İndi isə qənaətim var. Fikrimcə, telekanallar təkcə kitabı yox, kompleks şəkildə intellekti sevmirlər. Səbəbi sadə görünür. Asan şou-verilişlər, mental dəyərlərimizə, əxlaqımıza zidd, amma tamaşaçısı çox olan (söhbət təbii ki, səviyyəli tamaşaçıdan getmir) bayağı mövzulu məişət filmləri telekanallarımızın əsas mövzusuna çevrilib. Amma bunlar üz ləkəsindən başqa bir şey deyil. Telekanallarımızın çəkdiyi bayağı serialların birini «Möhtəşəm 100 il»lə müqayisə edə bilərikmi? Bizim kitab oxumaqdan uzaq düşmüş telekanallarımızın proqramlarında nə bir tarixi mövzu, nə əxlaq dəyərlərimiz, nə də vətənpərvərlik motivləri işıqlandırılmır. Kitabın, kitab oxumağın vacibliyisə telekanalların heç yuxusuna da girmir. Səbəbini soruşsaq, yəqin ki, rəqabəti, reklam uğrunda mübarizəni bəhanə gətirəcəklər. Ancaq reklamçılıq sizin qeyd etdiyiniz dünya ölkələrinin praktikasında bizim özəl TV-lərin yaşından da böyük tarixə malikdir. Bir də TV-lərin intellektuallıqdan qaçması onlara yersiz nəzarət və qeyri-peşəkarlıqla əlaqəlidir. Necə ki, suyun qabağına bənd vuranda o, özünə yol tapıb lazımsız istiqamətə axaraq əkinləri, bostanları məhv edir. TV-lərimiz də sıxıldıqca lazımsız istiqamətlərə meyllənir. Onlardan heç də kitaba maraq gözləməyə dəyməz».
Gənc yazar Cavid Zeynallı düşünür ki, əvvəllər telekanallarımızın yeni olduğunu deyirdilər: «Deyirdilər ki, hələ oturuşmayıblar. İllər keçdi, bu fikrin yalan olduğu ortalığa çıxdı. İndi kanalların yetərincə büdcəsi var, reklam bazarından kifayət qədər gəlirləri olur. Sadəcə hər şey reytinqə hesablandığından, kanallar kitaba maraq göstərmirlər. Məncə, telekanalların təsir gücündən istifadə edib kitabı cəmiyyətə sevdirmək mümkündür. Bizim cəmiyyət bu işin mahiyyətini və dəyərini başa düşən vicdanlı insan azlığından əziyət çəkir».
Yazar Varisin fikrincə, AzTV və «Mədəniyyət» kanalı, eləcə də «İctimai tv» ədəbiyyata kifayət qədər yer ayırır: «AzTV-nin poeziya verilişinin adını çəkmək bəs edər sübut üçün. Burda ayrıca ədəbiyyat redaksiyası fəaliyyət göstərir. Mədəniyyət kanalında yeni kitablar daim təbliğ olunur, «İctimai» tv də kitabı təbliğ edir. Ayrı-ayrı telekanallarda da bəzən ədəbiyyatla bağlı mövzu qoyulur, amma bütövlükdə ədəbi proqramlar yoxdur. Bu çox pisdir. Telekanallar bu gün daha çox şouya, sarı xəbərlərə, bayağı seriallara, kriminala yer ayırır. Bunu tamaşaçı sifarişi hesab edir».
Ümid Partiyası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini Aynur İmranova hesab edir ki, kitabı sevənlər kitab oxuyur, kitabdan qidalanır, sözün yaxşı mənasında kitabdan qazanır: «Bu gün Azərbaycanda fəaliyyət göstərən telekanllar hansı araşdırma, elmi, maariflənidirci proqramları hazırlayır ki, onlara da kitab lazım olsun?! Ona görə də buna təəccüblənməmək lazımdır. Bu gün milli telekanallarımızda 10-12 ballıq izləyici reytinqi (bu ən yüksək reytinq hesab olunur) qazanan verilişlər evləndirmə, ayırma, birləşdirmə proqramlarıdır. Adi məişət səviyyəsindəki problemləri qlobal məsələ kimi gündəmə daşıyan telekanllara dərin düşüncəli, aydın fikirli insanlar üçün kitabların da vacib omasını başa salmaq üçün ayrıca təbliğat işi aparmaq lazımdır. Bu təbii ki, mütləq mənada hamısına aid deyil. Amma əksəriyyətinə aiddir».
Yazar Zaur Qəriboğlu düşünür ki, bizim telekanallar hər şeyi reytinqlə hesablayır, maariflənmə məsələsi sanki arxa plana atılır: «Bununla da savadsız kütlə yetişdirilir. Məsələn, belə verilişlərdən deyə bilərəm ki, evlənmə verilişləri başdan-başa tərbiyəsizlikdir. İnanın, bir neçə dəfə işdən tez çıxanda, təsadüfən bu verilişlərə baxmışam. Dəhşətə gəlmişəm. Həmçinin bu yaxında ANS telekanalında yayımlanan «De gəlsin» meyxana verilişinə baxırdım. Küçə adamlarını efirə çıxarırlar, ağızlarına gələni deyirlər. Görün, telekanallara nəzarət nə qədər zəifləyib ki, biri efirə çıxıb ağzına gələni danışır və belələrinə də «şair» deyirlər. Hansı ki, bunların heç «Ş» hərfinə də aidiyyatları yoxdu. Düşünürəm ki, nə qədər demokratiya, söz azadlığı olsa da, məhz bu məsələlərdə bir senzura olmalı, bu tipli verilişlər efirdən yığışdırılmalıdır. Ümumiyyətlə, bu kimi verlişlərin nə demokratiyaya, nə də ki, söz azadlığına aidiyyatı yoxdu. Bunlar bir az da demokratiyanı gözdən salır».
Yazar-publisist Zümrüd Yağmurun fikrincə, bütün dünyada, elə qonşu Türkiyədə yeni çıxan kitabların təqdimatı «kitab klubu» adı altında təqdim olunur: «Hətta yazarlar da dəvət olunur, onlardan kiçik müsahiblərə alınır. Bizdə belə verilişlərin olmamasının səbəbi odur ki, insanların düşncə və ədədbiyyata marağının təbliğ edilməsini indiki halda məqbul hesab etmirlər. İnsanlara daha çox əyləncə təbliğ etməyə çalışırlar».
Yazar Alpay Azər hesab edir ki, bu, telekanalların verilişlərini hazırlayarkən bazara yönəlik strategiyadan çıxış etmləri ilə bağlıdır: «Diqqət pul gətirən reklam kütlə psxilologiyasının ehtiyaclarını ödəyən verilişlərə yönəlir. Yəni bu, birmənalı şəkildə televiziya şirkətlərinin rəhbərliyindən asılı olan məsələdir».
Yazar Mənsurə Qaçayqızı isə düşünür ki, telekanallar öz maliyyə imkanlarını mənəvi dəyərlərdən üstün tutduqları üçün kitabın təbliğinə biganədirlər: «Kitab reklamından pul gəlmir. Bu gün telekanllar sadə dilə desək özləri üçün çalışırlar»? Psixoloq Elnur Rüstəmovun hadisəyə yanaşması isə çox maraqlıdır: «Kitabı sevmək üçün öncə veriliş aparan, televiziyada çalışan insanlar özləri kitab oxumalıdılar. Bu gün biz televiziya məkanında çalışan kitab oxuyan az sayda insanlar görürük. Bu kompaniyaları öncə onların özləri ilə aparmaq lazımdı».