Son zamanlar mavi ekranı zəbt etmiş teleseriallar özünəməxsus tamaşaçı auditoriyası toplayıb. Balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallarsız həyatımızı təsəvvür etmək haradasa qeyri-mümkün olub. Serial deyəndə ağlımıza ilk olaraq televizor qarşısında əyləşən böyük bir qadın ordusu gəlir. Maraqlıdır, günlərinin əksər hissəsini xəbər içində keçirən və maraq dairələrini də buna kökləyən jurnalistlər necə, hansısa seriallara baxırlarmı?
Modern.az portalının əməkdaşı bu sualı jurnalistlərə ünvanlayıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid nadir hallarda ekran qarşısında seriala baxır: “Möhtəşəm Yüzyıl”ı bir müddət izlədim. Sonra yoruldum. Bu günlərdə evdəkilərə qoşulub “Adını Feriha koydum” serialına bir az baxdım. Feriha rolunu oynayan aktrisanın oyununu bəyəndim. Əmir rolunun ifaçısı da rolunun öhdəsindən yaxşı gəlir. Bizim seriallara isə baxa bilmirəm. Bizim aktyorlar bir-biriylə qışqıra-qışqıra, süni dillə danışırlar. Elə bil bu ssenariləri yazan adamların Azərbaycan dilindən xəbəri yoxdur. Seriallarımızda naşılıq, istedadsızlıq tüğyan edir. Amma necə deyərlər, umid sonda ölur. Yəqin ki, gələcəkdə düzələr”.
“Bizim Yazı” ədəbiyyat-sənət portalının redaktoru Əkbər Qoşalı “Kurtlar vadisi”, “Həyat davam edir” seriallarına baxır:
““Kurltar vadisi”ni ilk seriyalarından izləmişəm, necə deyərlər, yarıyolda qoymaq istəmirəm. “Həyat davam edir” ağrılı bir ailənin İstanbula gedişi, başına gələnlər, Anadolu gerçəkliklərini ustalıqla yansıtdığı üçün diqqətimi cəlb edib. Ən əsası da, Türkiyə kino sənayesində son illər müşahidə olunan bir cəhət-güclü rejissor işi, hər rol üçün, deyərdim, ən uyğun aktyorun seçilməsi məni ekrana bağlayan amilərdəndir.
Öz filmlərimizdən isə sovet dövrü çəkilən kinoları xoşlayıram. Bizim seriallara sonunadək baxa bilmirəm-qoy bu, mənim qüsurum olsun”.
“Nyu Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı Azərbaycan seriallarının bayağı omasından gileylənir. Ona görə də seriallarımıza baxmadığını deyir:
“Düzünü deyim? Heç bir seriala baxmıram. Söhbət yerli istehsala aid seriallardan gedirsə, onları bəyənmirəm. Yəni, hər birinə ən azından bir neçə dəqiqə baxmışam, çünki mənə bayağı gəlir. Bizim kanallarda ancaq xəbərləri izləyirəm. Əgər söhbət yerli kanallardakı xarici seriallardan gedirsə, onlara da baxmıram. Yəni, sabun operası tipli filmləri nəzərdə tuturam. Peykdən rus, türk və ingilis dilli kanallarda serialları bəzən izləyirəm. Son vaxtlar baxdıqlarım “The Tudors”, “Doctor House” və “The Heroes” olub”.
İctimai Televiziyanın aparıcısı Saleh Bağırov isə serialları izləyənləri qınadı: “Ağlı olan adam nəinki özü, heç uşağını da qoymaz ki, seriala baxsın. Belə insanlar boş vaxtlarını xərcləyirlər. Seriala baxmağa nəinki marağım, heç vaxtım da yoxdur. Yalnız tarixi şəxsiyyətlər haqqında olan serialları izləyirəm”.
“Olaylar” informasiya agentliyinin baş redaktoru Yunus Oğuz yalnız tarixi serialları həvəslə izlədiyini deyir: “Yerli seriallarımızı bəyənmirəm. Ona görə də onları izləmirəm”.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə “Möhtəşəm Yüzyıl” serialını izləyir: “Bu seriala baxmağımın səbəbi çoxdur. Mən Osmanlı tarixini gözəl bildiyimdən bu filmdə nəyin düz, nəyin təxəyyül olduğuna baxıram. Aktyor oyunu xoşuma gəlir. Kostyumlar, dekorla da peşəkarlıqla qurulub. Təbii ki, filmin eyibləri də var. Amma hər halda bütün dünyada maraq doğura bilib. Bizim seriallara baxmıram. Aktyor oyunu yoxdu, rejissor işi sıfırdır, seriallar isə gülünc, qeyri-təbiidir.”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da digər həmkarları kimi elə də serial aludəçisi deyil. Yalnız sevə -sevə baxdığı serial “Kurtlar Vadisi”dir.
“Ekspress” qəzetinin müxbiri Vasif Cəfərov əksər həmkarları kimi ancaq Türkiyə istehsalı olan “Möhtəşəm Yüzıl”, “Kuzey Güney”, “Koyu Kırmızı” seriallarını izləyir: “Bu serialları müntəzəm izləyirəm. Arada bir “Öylə bir keçər zaman ki” serialına da baxıram. Yerli istehsala gəlincə isə heç birini izləmirəm. Çünki insan bizim seriallara baxanda arıqlayır, mənəvi və fiziki işgəncə çəkir. Bununda bir səbəbi var, çünki bizim film sənayesində serial bazarı yoxdur. Əgər bir şeyin iqtisadi dəyərini müəyyənləşdirən bazar yoxdursa, deməli o ölü doğulmuş uşaq kimidir. Dotasiya ilə yaxşı serial çəkmək olmaz. Türkiyədə də vaxtilə xala-xətrin qalmasın prinsipi ilə serial çəkilib. Belə seriallara çəkilənlərdən başqa heç kim baxmayıb. Amma indi pul qazanırlar deyə, serial çəkiminə can qoyurlar. Çünki pul qədər insanı stimullaşdıran ikinci heç bir səbəb yoxdur”.
“Student Times” qəzetinin baş redaktoru Məmməd Ağayev də serial seçimində xarici istehsala üstünlük verir. Sorğumuzda iştirak edən jurnalistlər kimi o da “Möhtəşem Yüzyıl” a baxır. O bunu tarixə olan marağından irəli gəldiyini deyir.
“Xalq Cəbhəsi”nin əməkdaşı Oqtay Hacımusalı ümumiyyətlə televizora baxmır və televizora baxmadığına görə də teleserialları izləmir: “Cahillik dövründə arada – sırada teleseriallara, ələxsus Azərbaycan dilində dublyaj olunmuş seriallara baxırdım. Telekanallarımıza, onların əməkdaşlarına dublyajda əməyi keçənlərə öz təşəkkürümü bildirərəm ki, mənim bir dəfəlik teleseriallara nifrət etməyimə şərait yaratdılar”.