Kitabın düşməni olan ƏDV: onu ləğv etmək olarsa, nə baş verəcək?

Bəziləri deyir ki, bizdə kitab oxuyan gənc yoxdur. Gənclər isə kitabın baha olmasından şikayətlənir və kitab almağa pulun olmamasını bildirirlər. Bu mövzuya toxunmağımız təsadüfi deyil. Çünki bir neçə gündür ki, bir qrup gənc Facebook sosial şəbəkəsində “ƏDV-yə yox deyək” adlı kitaba dəstək kampaniyası başlayıblar. Qeyd edək ki, bir müddət öncə Azərbaycan Yazıçılar Birliyi (AYB) ölkəmizdə kitab satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) aradan qaldırılması üçün həm Prezidentə həm də Milli Məclisə müraciət edib. Modern.az saytının əməkdaşı “ƏDV ləğv ediləcəkmi, ləğv edilsə oxucu sayı çoxalacaqmı” sualına cavab tapmağa çalışıb.

“ƏDV-yə yox deyək” kampaniyasını başladan gənclərdən biri Miryusif Mirzəbəyli bu kampaniyanı başlatmaqla əlavə dəyər vergisinin ləğvinə nail olacaqlarına inanır. Miryusif bildirir ki, ƏDV ləğv edilə bilər. Amma bunu elətdirməyin yolu tapılmalıdır.

“ƏDV-nin ləğvi oxucunun sayına təsir edəcək. Bu gün mağazada kitabın orta qiyməti 5 manatdır. İndikii zamanda 5 manat az deyil. ƏDV olmasa, tiraj yuxarı olar, xammalın dəyəri aşağı olar. Beləliklə 5 manatlıq kitabın qiymətii 2-3 manat olacaq. Bu qiymətə kitabı alan çox olar.

Onsuz da ayda kitaba xeyli pul verirəm. İndi təsəvvür edin, 15 manata 2-3 kitab yox, 5-6 kitab alacam. Bundan böyük xoşbəxtlik ola bilər?”-deyə o vurğulayıb.

Gənc yazar Aqşin Yenisey:

– Bu kampaniyanın başladılması çox yaxşıdır, bu çoxdan olmalıydı. Çünki oxucularımızın kitabların bahaçılığı ilə bağlı daha bir bəhanəsi kəsiləcək. Həm də bizim ölkədə kitab oxuyan gənclik, əsasən, ən kasıb zümrədir. Bu məsələ onların da xeyrinə olar. Bilirsiniz ki, bizim naşirlər kitabları, adətən, yazıçıların öz hesabına çap edirlər, yəqin, bu analoqu olmayan naşir-yazıçı münasibətləri də bir balaca dünyəvi standartlara uyğunlaşar. Bir sözlə, mən o gənclərin tərəfindəyəm. ƏDV-nin ləğvinə gəlincə isə əgər dövlətin bunda marağı olsa ləğv edəcəklər.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

– 18% əlavə dəyər vergisi o qədər də ciddi bir şey deyil. Azərbaycanda kitab mağazası var ki, 18% də işləyə. Əvvəl gərək ki, kitab mağazaları ola ki, bu şəbəkə də genişlənə, kitab alışı ola ki, o da əhəmiyyətli ola. O çox cüzi bir şeydir.

“Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay:

– Mən kitab oxumamağı ancaq maddiyyatla bağlamıram, insanların təfəkküründən asılıdır. Amma ƏDV ləğv edilsə, yaxşı olar, ən azında nəşriyyatlar işlərini başqa cür qura bilərlər, vergiyə verilən pullarla reklam kampaniyası aparmaq olar, kitab dükanlarının sayını artırmaq olar.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:

– ƏDV-nin kitab üzərindən götürülməsi ilə bağlı cəmiyyətin müəyyən təbəqələrindən həm parlament qarşısında, həm də prezident qarşısında təkliflər irəli sürülür. Demək olarki, hər kəs deyir ki, ƏDV kitab üzərindən götürülsün. ƏDV ləğv edilərsə, kitabın qiyməti aşağı düşər, kitabın yayım çevrəsi genişlənə bilər, sayı artar, ən ucqarlarda yaşayan insanlarımız da kitab əldə edə bilər. ƏDV-nin kitab üzərindən götürülməsi Azərbaycan cəmiyyətinin bir istəyidir, arzusudur. Yəni bu mənada mən hesab edirəm ki, gənclərin belə təkliflər irəli sürməsi çox təqdirəlayiq bir haldır. Bizim bütün bu təkliflərin yeri gələndə bir nəticəsi olacaq. Mən inanıram ki, Azərbaycan kitabı inkişaf etmiş ölkələrədə olduğu kimi ƏDV-dən azad olacaq, bütün vergilər üzərindən götürüləcək və hər hansı bir vergi yükü olmadan dirçələ biləcək.

Mən hesab etmirəm ki, Azərbaycanda oxucu yoxdur, Azərbaycanda oxucu var, təəsüf ki, kitab yoxdur. Kitabın çeşid bolluğuna, çoxluğuna mane olan da ƏDV-dir. Əgər ƏDV götürülərsə, kitabların sayı da artar, qiymətləri ucuz olar. İnsanlar da kitabı daha rahat əldə edə bilər.

“Əli və Nino” kitab mağazasının təsisçisi Nigar Köçərli:

– Əgər ƏDV ləğv olunsa, hər kəs qazanar, kitabların qiymətləri aşağı düşəcək, tirajlar artacaq, müəlliflər qonarar alacaq, bir sözlə kitab yenidən həyatımıza qayıdacaq. Bütün aparıcı ölkələrdə kitabın üstünə vergi yüklənmir, yalnız bizdə 18% vergi var. Oxucu üçün bu çox böyük zərbədir. İnanıram ki, bu məsələ həllini tapacaq. Kampaniyanı başladan gəncləri isə dəstəkləyirəm. Nə yaxşı ki, bizdə kitabı düşünən gənclər var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO