Qarabağın “Ağ bazarı”

“Qara bazar” ifadəsi dedikdə fikrimizə ilk öncə çətin tapılan malların satışını həyata keçirən ticarət şəbəkəsi yada düşür. Bu söz son dövrlərə qədər ölkəmizdə işlək sözlərdən biri idi. Lakin bu ifadə Sovetlər birliyinin vaxtında daha çox işlənirdi.

Dolların məzənnəsini qara bazar tənzimləyir, bahalı malı qara bazardan, “Beryozka”dan, “Çinar” mağazasından, ya da ki, yuxarıda qeyd etdiyimiz qara bazardan almaq olardı. Bir çox hallarda isə paytaxtda “alverçilər” də qorxu içində alver edərdilər. Çünki nəzarət güclü idi. Hətta bəzi hallarda milis əməkdaşları alverçilərlə əlaqəyə girib mal almaq istəyənləri aldatmaq cəhdləri də olurdu. Təhlükə ilə üz-üzə qalmamaq üçün “Kubinka”dan keçəndə istər-istəməz diqqətli hərəkət edirdik…

İndi isə az-az hallarda bu ifadəyə rast gəlmək olar. Çünki daha qara bazarın fəaliyyəti üçün meydan yoxdur. Ötən əsrdə isə Bakıda “Kubinka”da, Gəncədə “dəllal” bazarları fəaliyyətdə idi. Belə bazarlardan biri də Ağdamda idi. Bu bazarın digər şəhərlərdəki bazarlardan fərqi onları üstələməsindəydi. Və bu bazar sadəcə bazar adlansa da, indiki bazar iqtisadiyyatının elə bil əsası orda qoyulmuşdu. Regiondakı qiymətlər bazardakı alverçilər tərəfindən tənzimlənirdi. Milis orqanları da barışmışdılar. Bazarın görünməyən qüvvələri isə bütövlükdə şəhəri idarə edirdilər. Buranın öz qanunları var idi. Hamıda bu qanuna riayət etməyə çalışırdı. Yazılmamış qanunları pozanlar isə həmin qüvvələr tərəfindən ciddi şəkildə tənbeh edilərdi…

Keçmiş SSRİ – dən ölkəmizə turist qismində gələn vətəndaşların əksəriyyəti Ağdam bazarında alver etməyi özü üçün vəzifə sayırdı. Həqiqətən də bazarda hər nə istəsən almaq mümkün idi. Hələ sovetin vurhavur vaxtında belə fikir formalaşmışdı:“Ağdam bazarında atom bombasından başqa hər nə desən, tapmaq olar ”.

Bu yaxınlarda Şuşa Turist bazasının direktoru işləmiş Valeh Kazımovla bu mövzu ilə əlaqəli söhbətimizdə belə bir məqama toxunması da diqqətimdən yayınmadı. “Turbazaya gələn hər bir turistin bizdən ilk tələbi vardı: Ağdama və şəhərin bazarına səfərin təşkili. İrad eşitməmək üçün biz Ağdama gəzintini iş qrafikimizə salmışdıq”.

1980-ci ilin aprelində tanınmış ziyalı Sadıq Murtuzayevin Ağdam rayon partiya komitəsinin birinci katibi seçilməsi şəhərin simasını xeyli dəyişdirdi. Bazara bitişik ərazilərin yeni ticarət mərkəzlərinin tikintisi məhz S.Murtuzayevin dövründə baş tutmuşdu. Sanki bazara da yeni nəfəs verilmişdi. O illərdə Uzundərədən başlanan yolun hər iki tərəfi qaynar tikinti meydancasına çevrilmişdi. Ətyeməzli kəndinin içərisindən keçən yolun sağ və sol tərəfində müasir uslubda mənzillər (onların bir qisminə indi iqamətgah da demək olardı – V.T) inşa edilmişdi. Artıq Ətyeməzli kəndi də şəhərə birləşmək üzrə idi. O vaxtı kəndin inzibati ərazi vahidi kimi ləğv edilərək şəhərə birləşdirilməsi söhbəti gəzirdi. Muradbəyli kəndi isə rəsmən şəhər ərazisinə qatılmışdı. Bundan xeyli əvvəl Seyidli və Sarhacılı kəndlərinin də şəhərə birləşdirilməsi rəsmiləşdilrilmişdi…

Ağdamın girişi isə 1987-ci ildə istifadəyə verilmiş avtovağzalla başlayırdı. Vağzalla üz-üzə isə 50 nömrəli Texniki Peşə məktəbinin geniş korpusları yerləşirdi. “50 nomrəli”nin yanında asfalt yol bir qədər sağa burulurdu. O illərdə həmin yolun sol tərəfində isə sadə konstruksiyadan olan ticarət mərkəzi istifadəyə verilmişdi. Yolun bu hissəsində Uşaq xəstəxanasının qarşısındakı Bakı bulvarındakı “Mirvari” kafesinə bənzər, bəlkə də bir balaca yığcam tikili də ucaldılmışdı…

Bu yol adamı düz bazarın yanına aparırdı…

Ağdam bazarı öz qədimliyi və zənginliyi ilə daim seçilib. Hər yeni təyin edilən katib ilk növbədə bazarda öz dəyişikliyini etməyə, öz imzasını qoymağa çalışırdı…

Keçmişdə görülən, qazanılan və ya mövcud olan hər faktın mahiyyətini, çəkisini azaltmaq Sovet dönəminin ideoloji xüsusiyyətlərindən biri idi. Məqsəd isə Sovet hökumətinin gördüyü işin həcmini kənardan baxanda böyük, hətta əzəmətli görsənməsinə nail olmaq idi. Qeyd edək ki, Ağdam bazarı da indiyə qədər bu cür təqdim edilib. Yəni bazarın formalaşması, inkişafı və çiçəklənməsi o dovrün təfəkkürünə görə, yalnız Sovet dövründə olmalı idi.

Beləliklə, bazarın formalaşması Sovet dövründən də xeyli əvvələ gedir. Yəni Ağdam 1828-ci il də yaşayış məntəqəsi kimi status almışdısa, demək, yaşayış mətəqəsi kimi onun bazarı da mövcud olmuşdu. Ağdam bazarının XIX əsrin ortalarında salındığını təxmin etmək olar. Əvvəllər həftə bazarı kimi fəaliyyət göstərsə də, sonralar gündəlik bazar statusu alımışdı.

Axtarışlarım zamanı “Lenin yolu”nun arxivində belə bir məqama rast gəldim. Əvəz Namazovun 1947-ci il Oktyabr inqilabının 30 illiyi ərəfəsində yazdığı məqalədə qeyd edirilir ki, “inqilabdan əvvəl bazar ətrafında Xan qızı Natəvanın həyat yoldaşı Knyaz Xasay xan Usmiyevin ikimərtəbəli evi və kərpic hasarlı bir neçə dükanı var idi. Bu dükanlardan kənar yerdən gəlmiş alverçilər istifadə edirdilər. Bazara isə Knyazın darğaları və pristav Kərimbəy Qalabəyov nəzarət edirdi. (Bu soyun nümayəndələri öncə Xıdırlı-Otuziki soyadını daşıyırdılar. Soyun ulu babası Hacı Lazım bəy Xıdırlı İbrahimxəlil xan Cavanşirin saray adamlarından sayılırdı. Divan gənəşiyində onun sözü keçərliydi. Məhəmmədxan bəy Hacılı-Cavanşirdən sonra Şuşa qalasının komendantı olmuşdu. Qala komendantı Qarabağ xanlığında Qalabəyi adlanırdı. Hacı Lazım bəy Xıdırlı-Otuzikinin törəməsi rus üsul-idarəsi dövründə Qalabəyov soyadını qəbul etmişdi – V.T)”.

Qeyd edək ki, Xasay xan Usmiyevin mənzili qırmızı bişmiş kərpicdən olan, təxminən 10 otaqlı idi. Sovet dönəmində burada “Qorpo” dedyimiz şəhər istehlak cəmiyyətinin idarə heyəti yerləşirdi. Artıq o dövrdə bina baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüşdü.

E. Əzizovun “Qarabağ Birlik Məclisi”: təşkilati strukturu və proqramı” yazısında belə bir qeyd var: “Gizli agent S.Səfərəlibəyovun 7 mart 1908-ci il tarixli məruzəsindən məlum olur ki, Ağdam komitəsi “qondarma” və “quru bəylərdən” təşkil olunmuşdur. Onların “əsl bəylərə” barışmaz nifrət hissi vardı”.
Bu, bütün məsələlərdə həqiqi bəylərə bərabər olmaq arzusu və paxıllıq hissi ilə izah edilirdi. Bu “quru bəylərin” öz malikanələri və torpaqları yox idi, lakin onlar Ağdam bazarına nəzarət edirdi və buna görə də xalq arasında müəyyən nüfuza malik idilər”.
Göründüyü kimi, sitatda qeyd edilən darğaların və ya nəzrətçilərin çoxluğu ondan xəbər verirdi ki, yuxarıda deyildiyi kimi, bazar heç də bir neçə dükandan ibarət deyidi. Araşdırmalarımız göstərir ki, bazar XIX əsrin sonu XX əsrin əvvələrində ciddi ticarət mərkəzi kimi formalaşmışdı.

Ədəbiyyatlarda bu mövzu ilə əlaqəli hər hansısa geniş məlumata rast gəlməsək də, yaşlı adamların sözlərinə görə, ərazinin əsaslı inkişafı İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 40-50-ci illərdə əsasən abadlığa fikir verilmiş, əraziyə diqqət göstərilmişdir. “Lenin yolu” qəzetinin 11 mart 1955-ci il sayında Xudaverdi Əliyevin imzası ilə verilən məlumatda deyilir ki; “Kolxoz bazarı getdikcə abadlaşır. Son zamanlar 6100 kvadratmetr sahəyə asfalt döşənmiş kənd təsərrüfatı məhsulları saxlamaq üçün 18 metr uzunluğunda iki gözdən ibarət anbar tikilib istifadəyə verilmişdir”. Müəlif daha sonra yazır ki, yaxın günlərdə qəzet və jurnal köşküdə zəhmətkeşlərin istifadəsinə veriləcəkdir. Hazırda 6 gözdən ibarət dükan və kitab mağazası tiklir. Bundan başqa bazarın ərazisində hovuzun və yeni binaların tikilməsi də nəzərdə tutulur…

Digər araşdırmalarım zamanı o da məlum oldu ki, Kamal Fərhadov İkinici Dünya müharibəsindən əvvəl, “Lenin” ordenli Cavad kişi, Lətif Həşimov, Səyyaf Abbasov, Abbas Tağıyev, Rza Tağıyev (1969), Zülfüqar Mustafayev (Xidirlı kənd sakini), Camal İsmayılov, Oruc Qurbanov, Məmməd Məmmədov (Sosialist Əməyi Qəhrəmanı), Keştasif Bəylərov və sonuncu Vahid Quliyev müharibədən sonrakı illərdə bazara rəhbərlik etmişdilər…

Beləliklə, 80-illərdə Ağdam bazarının ayrı təm-tərağı və oturuşmuş qanunları var idi…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO