Şamaxının millət vəkili Elxan Süleymanov mart ayının 1-də Şamaxı şəhərindəki qərargahında Şamaxı rayonundakı bələdiyyələrin qadın üzvləri ilə görüşüb. Qadınları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən millət vəkili onlara ən səmimi arzularını çatdırıb.
Son dövrdə görülən işlərlə bağlı görüş iştirakçılarına məlumat verən millət vəkili Elxan Süleymanov vurğulayıb ki, onun təşəbbüsü və təşkilatçılığı ilə ən yaxın vaxtlarda rayonun Adnalı, Bağırlı, Çarhan, I Çaylı, Göylər, Şəhriyar, Həmyəli, Kələxana, Mərzəndiyyə, Meysəri, Muğanlı, Nüycü, Qaravəlli, Qızmeydan, Quşçu, Saqiyan yaşayış məntəqələrinə su xəttinin çəkilməsinə başlanacaq.
Şamaxının millət vəkili həmçinin bildirdi ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyindən bir müddət əvvəl yazdığı məktuba cavab alıb. Cavabda bildirilir ki, Şamaxı rayonu ərazisində baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 30 ədəd yeni fərdi yaşayış evinin və şəhərin 20 Yanvar küçəsində qəzalı vəziyyətdə olan 13 saylı yaşayış binasının əvəzinə yeni binanın tikintisi üçün nazirliyin “Azərinşaatlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb. Binaların inşası 2012-ci ilin tikinti planında nəzərdə tutulub. Daha 15 binanın da yaxın gələcəkdə inşa ediləcəyi planlaşdırılır.
Görüş iştirakçıları Elxan Süleymanova göstərdiyi diqqətə qarşı öz təşəkkürlərini çatdırıb və millət vəkili kimi fəliyyətini diqqətlə izlədiklərini və dəstəklədiklərini bildiriblər.
Görüşdə iştirak edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov millət vəkilinə öz minnətdarlığını bildirib.
Görüşün sonunda qadınlara hədiyyələr təqdim olunub.
Modern.az