Fevralın 18-də ölkəmizdə qonaq olan Rusiya Jurnalistlər Birliyinin Novosibirsk vilayət təşkilatının sədri Andrey Çelnakov, Rusiyanın Yazıçılar İttifaqının katibi, qurumun Novosibirsk yerli təşkilatının rəhbəri Anatoli Şalin Azərbaycan Mətbuat Şurasında olub.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun missiyası barədə məlumat verib. O bildirib ki, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda yaradılan Mətbuat Şurası institutu medianın özünütənzimləməsini həyata keçirən orqandır.
Rusiya Jurnalistlər Birliyinin Novosibirsk vilayət təşkilatının sədri A.Çelnakov Azərbaycan Mətbuat Şurasının medianın özünütənzimləməsi ilə bağlı təcrübəsinin təmsil olunduğu bölgə üçün də əhəmiyyətliliyini vurğulayıb. O, ayrı-ayrı kütləvi informasiya vasitələrində gedən materiallardakı xoşagəlməz məqamlara qarşı ictimai qınağın effektiv vasitə olduğunu bildirib.
Müzakirələrdən sonra Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqının Novosibirsk yerli təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə başlıca olaraq hər iki ölkə jurnalistləri arasında intensiv iş birliyinin yaradılması üçün qarşılıqlı səfərlərin təşkili, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Memorandumda, həmçinin, Novosibirskdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrin nümayəndələrinin Azərbaycanla ətraflı tanışlığının təşkili məsələləri əksini tapıb.