Siz bu kitabı oxumaq üçün qızlarınıza vermisinizmi?

1992-ci il fevralın 26-da ermənilər tərəfindən soyqırıma məruz qalan Xocalı şəhər sakini, 20 yaşlı Zərifə Quliyeva Ermənistan prezidenti Serj Sarkisyana müraciət edib. APA-nın məlumatına görə, Zərifə Quliyeva müraciətində bildirib:

“Ermənistan prezidenti cənab Serj Sarkisyana!

Bu məktubu sizə yazan Azərbaycanın Qarabağ bölgəsindən, indi kabusa çevrilmiş Xocalı şəhərindən olan azərbaycanlı Zərifə Quliyevadır. Xocalı adı, yəqin ki, Sizə tanışdır. Özü də təkcə ona görə yox ki, Siz özünüz tarixən Azərbaycan şəhəri, sovet dövründə Azərbaycan SSR-in tərkibinə Stepanakert adı ilə daxil olmuş Xankəndidə doğulmusunuz. Həm də ona görə yox ki, Xocalı elə özünüzün dediyiniz kimi, “sizin torpaq olmayan” tarixi Ağdam şəhərinin yaxınlığında yerləşir. Yeri gəlmişkən, Sizin dəfələrlə, o cümlədən 2009-cu ildə İrevanda, Azərbaycan və Ermənistan ziyalılarının nümayəndələrilə görüşdə söylədiyiniz bu fikir Ağdamın adının dəyişdirilərək Akne adlandırılmasına mane ola bilməyib.

Əminəm ki, bir fakt da Sizə məlumdur: 1992-ci il fevralın 26-da Ermənistanın işğalçı silahlı dəstələri tərəfindən Azərbaycanın bu yaşayış məntəqəsində törədilmiş dəhşətli cinayət nəticəsində 613 adam öldürülüb, 1275 nəfərdən çox əsir götürülüb, 150 adam itkin düşüb, 487 nəfər şikəst edilib və əlil olub.

Əgər Siz insanlığa qarşı törədilmiş bu cinayəti səciyyələndirən sözlər seçməkdə çətinlik çəkirsinizsə, deyə bilərəm ki, Xocalı Çexiyanın İkinci Dünya Müharibəsi illərində alman faşistləri tərəfindən praktiki olaraq yer üzündən silinmiş Liditse şəhəri ilə qardaşlaşıb.

Sizə onu da xatırlatmaq istərdim ki, “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalıda törədilmiş faciəni “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qırğın” adlandırıb. Bu təşkilat bildirib ki, erməni silahlı dəstələri mülki şəxslərin həlak olmasına görə birbaşa məsuliyyət daşıyır.

Bu dəhşətli cinayətin, dinc Azərbaycan əhalisinə qarşı bu soyqırımın törədildiyi vaxtdan artıq 20 il keçir. Əslən Xocalıdan olan mən Zərifə Quliyevanın yaşı da bu qədərdir.

Xocalıda mənim azyaşlı qardaşım, nənəm, dayılarım, əmilərim öldürülmüş, ümumiyyətlə bizim ailə 22 nəfər üzvünü itirmişdir. Bizi anamız böyüdüb, tərbiyə edib. Həyatda ən böyük keyfiyyəti – Vətənə məhəbbəti və insan həyatının dəyərini anlamaq keyfiyyətini bizə o aşılayıb.

Bizə bu dəyərləri aşılamış qadının bədənində 4 güllə yarası və erməni silahlılarının əməllərinin nəticələrini ona hər gün xatırladan qəlpələr var. Bu qəlpələr Xocalı dəhşətlərini hər an xatırlamağa məcbur edir. Belə qəlpələri biz Xocalı sakinlərinin hər biri qəlbində gəzdirir. O qəlpələr həmin faciəni unutmağa imkan vermir. Bu faciənin təqsirkarları Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı törətmiş erməni silahlılarıdır.

Mən özüm barədə danışdım. Sizin barədə də bilirəm. Məsələn, mənə məlumdur ki, Sizin iki qızınız var: Anuş və Satenik. Onlar gələcəyin analarıdır. İndi isə özünüz cavab verin və qızlarınızdan soruşun: erməni faşistlərin Xocalıda məhv etdiyi 106 qadının və 63 uşağın təqsiri nə idi?!

Bu suala özünüz cavab verin və qızlarınızdan soruşun – onlar özlərinin doğmalarından və yaxınlarından kiməsə belə dəhşətli faciəni arzulayardılarmı?! Mən britaniyalı jurnalist Tomas de Vaalın “Qarabağ – Qara bağ” kitabını oxumuşam. Orada belə bir epizod var: “Sarkisyan baş vermiş hadisələr barədə daha səmimi və daha sərt fikir söylədi: “Lakin mənim fikrimcə, əsas məsələ tamam başqa idi. Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qırmağa nail olduq”.

Siz bu kitabı oxumaq üçün qızlarınıza vermisinizmi, cənab Sarkisyan? Düşünmürəm ki, onlar ermənilər arasında da bütün dinlərdə və dünyanın bütün xalqlarında ehtiram bəslənilən humanizm, insansevərlik, başqasının dərdinə acımaq kimi keyfiyyətlərə malik adamlar olmasına azərbaycanlıların inamını qırmaq üçün atalarının dinc qadınların, uşaqların və qocaların öldürülməsini yaxşı bir fürsət kimi qiymətləndirməsinə sevinsinlər.

Tomas de Vaalın həmin kitabında daha bir məqam var: “Ermənilərin hərbi sərkərdəsi Serj Sarkisyandan Xocalının tutulması barədə danışmasını xahiş edəndə, o ehtiyatla belə cavab verib: “Biz bu barədə ucadan danışmamağı üstün tuturuq”.

Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımın törədildiyi vaxtdan 20 il keçir. Cənab Sarkisyan, mənə belə gəlir ki, bu dəhşətli cinayət haqqında ucadan danışmağın vaxtıdır. Məhz Siz Xocalı soyqırımına ədalətli qiymət versəydiniz, bu cinayətin törədilməsində erməni silahlılarının təqsirini etiraf etsəydiniz, daha düzgün olardı. Mən Sizdən öz xalqınızın törətdiyi cinayətlərə görə dərin peşmançılıq əlaməti kimi 1970-ci il dekabrın 7-də Varşava gettosunda, vaxtilə yəhudilərin Treblinka və Osvensim ölüm düşərgələrinə yola salındığı yerdə nasizm qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında diz çökmüş AFR kansleri Villi Brandtın hərəkətini təkrarlamağınızı xahiş etmirəm.

Mən yalnız onu xahiş edirəm ki, Siz Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı soyqırımın törədilməsində erməni tərəfin təqsirini etiraf edəsiniz. Bu addım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tamamilə yeni bir səhifə ola bilər. Bu addım bizim ölkələr və xalqlar arasında 20 il bundan əvvəl Xocalıda soyqırımı törədənlərin atəş açdığı etimad mühitini bərpa edə bilər.

Mən buna da əminəm ki, dünya ictimaiyyəti Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırıma ədalətli qiymət verəcək. Həmçinin ona da əminəm ki, münaqişələr əbədi olmur və qonşu xalqlar gec-tez sülh və qarşılıqlı etimad şəraitində yaşayacaq. Bunun Sizin iştirakınızla, yaxud Sizsiz baş verməsi isə yalnız Sizdən asılıdır. Tarixdə öz xalqının əvvəlki səhvlərinə görə təqsirini etiraf etməyə cəsarəti çatmış, ədalətin təntənəsinə və xalqlarımız arasında sülhün bərqərar olmasına kömək etmiş bir siyasətçi kimi, yaxud cinayəti cinayət adlandırmağa qorxaraq yalnız şəxsi mənafelərini üstün tutmuş, daha dəqiq desək, bu barədə fikrini ucadan söyləməməyi üstün tutmuş bir siyasətçi kimi qalmaq məsələsini yalnız Siz özünüz həll edə bilərsiniz”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO