Son zamanlar internetdəki sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin sayı sürətlə artmaqdadır. İndiki dövrdə internetin insanların həyatında nə qədər böyük rol oynadığını hamımız bilirik. Ondan hərə öz məqsədinə uyğun istifadə edir. Twitter, Facebook, Odnoklasniki.ru kimi sosial şəbəkələrin qeydiyyatdan keçən azərbaycanlı istifadəçiləri bir-birlərilə ünsiyyət qurur, informasiya mübadiləsi ilə məşğul olur, köhnə tanışlarını tapır, yeni dostluq münasibətləri yaradırlar. Bəzi məlumatlara görə, hazırda ölkəmizdə 1 milyon nəfərə yaxın sosial şəbəkə istifadəçisi var və bu göstərici gündən-günə artmaqda davam edir.
Bu istifadəçilər arasında jurnalistlər də az deyil. Maraqlıdır, Azərbaycan jurnalistləri sosial şəbəkələrdən necə faydalanırlar? Sosial şəbəkə onların həyatında hansı rolu oynayır? Buna gün ərzində nə qədər vaxtları gedir? Sosial şəbəkədə dostlarla hansı mövzu ətrafında söhbət aparırlar? Modern.az saytı bu suallarla bir neçə jurnalistə müraciət edib.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyir ki, sosial şəbəkələr onun həyatında heç bir rolu yoxdur. O, həmçinin qeyd edib ki, Facebook-dakı insanları psixoloji və təhsil cəhətdən izləyir.
“Yazılarında olan bayağılığı seyr edirəm. Facebook-da heç kimlə danışmıram. Əsasən kitab və məqalə göndərirlər ona baxıram.”
ANS TV-nin “Kök altı” verilişinin aparıcısı Aytən Səfərova sosial şəbəkədə əsasən gündəmdə olan problemlər haqqında fikir mübadiləsi aparadığını deyir:
“Real həyatda olanlardan Facebook-dakı dostlarıma sual verirəm. İnsanlar necə düşünürlər və mən özüm üçün nəticə çıxarıram. Həmin nəticələrdən efirdə və biliklərimin artırılmasında istifadə edirəm. Sosial şəbəkələr bəziləri üçün tanışlıq və əyləncə saytı ola bilər. Amma mən gün ərzində bir saat və uzağı bir saat yarım orada oluram. Səhər, günorta, axşamüstü və bir az yatmazdan əvvəl girirəm statusları oxuyuram, yazıram və fikirləri öyrənirəm. Yalnız fikir mübadiləsi üçün və başqalarının fikirlərini öyrənmək üçün istifadə edirəm”.
Həmçinin A.Səfərova Facebook-da insanlarla sosial problemlər haqqında fikir mübadiləsi apardığını bildirib:
“Xoşlamıram oturum orda deyim “ay nə gözəl hava var” və ya “siz hava haqqında nə düşünürsüz?”. Orda söhbət edirəm ki, qarın təmizlənməməsinə necədi münasibət? Sizcə nə üçün süpürgə puluna camaatdan üç manat yığırlar? Bu ölkənin vətəndaşı kimi mənim üçün də maraqlıdı, insanlar pensiya və maaşların qəpik-quruşlarla, amma bazarda qiymətlərin manatlarla qalxmasına necə münasibət bəsləyirlər? Baxıram bu mövzularda mənim həmfikirlərim varmı, insanlar nə düşünürlər, camaatın düşüncəsi nədir. Həyatı əhəmiyyət kəsb edən və hamımızın həyatında lazım olan məsələlərə dair fikir mübadiləsi aparıram”.
“Xəzər” TV-nin aparıcısı Billurə Tacəddinqızı bildirib ki, istəsək də, istəməsək də sosial şəbəkə artıq müasir dünyamızın ayrılmaz hissəsidir və həyatımıza nüfuz edir. Onun sözlərinə görə, sosial şəbəkələr jurnalistlər üçün bir başqa maraq kəsb edir: “Bu şəbəkələr insanlar üçün yaradıldığından, hər kəsin marağına səbəb olur. Bu gün sosial şəbəkə ən intensiv ünsiyyət vasitəsidir. Amma hesab etmirəm ki, bu çox vacibdir və hər kəsin orda ünvanı olmaldır və bundan yararlanmalıdır. Hətta hesab edirəm ki, Facebook-da profili olmayan şəxs xoşbəxt insandı. Mənim üçün olsa da, olmasa da elə bir ciddi fərqi yoxdu.
Etiraf edim ki, elə dostlarım var, biz ancaq Facebook-da görüşürük və nəyisə müzakirə edirik. Bunun üçün kompüter qarşısında oturanda xəstəlik kimi qalxa bilmirəm. Ona görə çalışıram ki, axşam saatlarında bir saat, maksimum iki saat əyləşim. Hər oturanda bir saat, iki saat vaxtım gedir. Hesab edirəm ki, ona ayırdığım vaxtı başqa dəyərli işlərə sərf edə bilərdim”.
“Şərq” qəzetinin redaktoru Yusif Nəzərli bildirib ki, o əsasən Facebook sosial şəbəkəsindən istifadə edir. Nə məqsədlə istifadə etdiyinə gəldikdə isə deyib ki, daha çox informasiyalarla tanış olur:
“Gün ərzində səhifəm açıq olur. Təbii ki vaxtım olanda məşğul oluram. Digər redaktor və jurnalistlərlə əlaqə yaratmaq üçün istifadə edirəm. Tədbirlərin vaxtını öyrənməkdə və digər informasiyaların dəqiqləşdirilməsində çox kömək edir. Hesab edirəm ki, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə etmək lazımdı. Gün ərzində ancaq bir saat məşğul ola bilirəm. Dostlarla dünyada baş verən proseslər və sosial mövzularda söhbətdərimiz olur. Almaniyada, Rusiyada jurnalist və qrup yoldaşı olan dostlarım var və ayda, iki ayda bir dəfə əlaqə saxlayıram. Bir sözlə, Facebook-dan sırf işimlə bağlı xəbərləşmək, informasiyaları dəqiqləşdirmək, bölüşmək üçün istifadə edirəm”.
“Media forum” saytının redaktoru İsmayıl İsmayılov bir neçə sosial şəbəkədən istifadə etdiyini deyib. Amma əsasən Facebook-a daxil olur.
“Facebook çox operativdi. Hansısa saytı açmaqdansa, harasa getməkdənsə, elə Facebook-da xəbərlərə baxıram. Orada olan xəbər axınını izliyirəm. Kifayət qədər dostum var və lazım olan adamları Facebook vasitəsilə tapa bilirəm. Yalnız işlə bağlı danışıqlar aparıram. Kiməsə sual vermək lazım gəldikdə, material almaq və şəkil yollamaq tələb olunanda Facebook köməyə gəlir. Bu şəbəkə jurnalist fəalyyətimdə mənə lazım olur. Çox nadir hallarda hansısa mövzu mənə maraqlı olursa, o halda mən hansısa bir yazışmalara qoşuluram və komentlər yazıram. Bəzi hallarda kommersiya ilə bağlı suallarım olanda, yaxud başqa bir quruma nə isə lazım olanda orada yazıram”.
Digər sosial şəbəkələrdə isə İ.İsmayılov onunla bir vaxta təhsil alan insanlarla ünsiyyət qurduğunu bildirib. Həmçinin orada heç bir professional marağının olmadığını deyib.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay bildirib ki, Facebook ona bir çox işdə yardım edir:
“İstədiyim adamları oradan arayıb-axtarmaq asanlaşır. Onların fikirlərini öyrənə bilirəm. Həmin anda müdaxilə edirəm və polemikaya girə bilirəm”.
İ.Tuncay Facebook-a gün ərzində 3-4 saat vaxt sərf etdiyini deyib. Həmçinin onun zəhlətökən məqamlarının da olduğunu bildirib:
“Elə olur lazımsız adamlar vaxtımı alır. Amma buna baxmayaraq hər şeyin iki tərəfi var. Normal qəbul etmək lazımdır. Dostlarla əsasən yaşam, cəmiyyət, arzularımız, problemlərimiz haqqında söhbət edirik”.
Müstəqil jurnalist Çingiz Sultansoy bildirib ki, əsasən Facebook sosial şəbəkəsindən istifadə edir. Bundan başqa Twitter-də səhifəsinin və internetdə özünün bloqunun da olduğunu deyib.
“Sosial şəbəkələrdə qısa fasilələrlə 10-15 dəqiqədən – 1-2 saata qədər oluram. Ovqatımdan asılı olaraq, ən müxtəlif mövzulara baş vururam. Siyasi məsələlərdən tutmuş gözəllik necə olur mövzusuna qədər”.
Ç.Sultansoy sosial şəbəkələri 21-ci əsrin ilk onilliyinin fenomeni adlandırıb:
“Məhz onlara görə informasiya, cəmiyyət və siyasətdə belə dəyişikliklər mümkün oldu. Unutmaq olmaz ki, ABŞ prezidenti Barak Obama internetə görə seçilə bildi. Ərəb inqilabları da sosial şəbəkələrin sayəsində mümkün oldu. Jurnalistlər və yazarlar üçün isə sosial şəbəkə müstəsna imkanlar açır və bundan istifadə etmək lazımdır”.
“Milaz.info” hərbi informasiya agentliyinin redaktoru Cəsur Sümərinli bildirib ki, ən çox Facebook-dan istifadə edir. Onun sözlərinə görə, məlum şəbəkə hazırki fəaliyyətində mühüm rol oynayır.
“Gün ərzində 4-5 saat istifadə edirəm. İş saatlarıma paralel olaraq həm də Facebook sosial şəbəkəsində vaxtım keçir. Mən bu sosial şəbəkədən həm informasiya əldə etmək, eyni zamanda informasiya vermək üçün istifadə edirəm. Eyni zamanda yüzlərlə dostla təmasda olmaq baxımından Facebook-dan yaxşısı yoxdur. Əsasən siyasi, hərbi mövzularda və eyni zamanda mətbuatın problemləri barədə danışırıq”.
“Gün.az” saytının redaktoru Emil Quliyev sosial şəbəkələrdən əvvəllər 1-2 saat sırf olaraq ünsiyyət, görə bilmədiyi dostlarla əlaqə üçün istifadə etdiyini deyib. Sonra işlə bağlı olduğu üçün hər gün istifadə etdiyini bildirib:
“Artıq işlə bağlı da sosial şəbəkələr lazım olduğundan bütün iş günüm ərzində sosial şəbəkə, daha dəqiq, Facebook açıq olur. Çünki bu artıq təkcə dostlarla ünsiyyət deyil, birbaşa işimizə lazımdır. Amma evə gələndə çox nadir hallarda, nə isə lazım oduqda ora daxil olurab. Orada jurnalist və digər sahə ilə məşğul olan dostlarım var. O baxımdan müxtəlif məsələlər üçün, hara isə getmək, görüş yeri təyin etmək üçün lazım olur”.
“Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı Facebook və Twitter-dən istifadə etdiyini bildirib. Amma Twitter-də elə fəal olmadığını deyib:
“İndiyə qədər 10-a yaxın tvit yazmışa. O da əsasən yazılarımın anonsu olub. Orada əsasən xaricdəki jurnalistlərin tvit-lərini oxuyuram”. Həmkarımız Facebook-a isə hər gün daxil olduğunu qeyd edib:
“Nisbətən bekar olanda daha çox vaxt keçirirəm. İnternetə daxil olanda face-i də açıram və açıq qalır. Amma işlərim çox olanda girmirəm, çünki çox vaxt alır. Özümə lazım olan şəxsi tapmaq istəyəndə Facebook-u açıram. Xüsusilə araşdırma aparanda, çox insana müraciət etmək imkanı yaradır. Bu baxımdan işimə görə çox kömək olur. Xaricdə yaşayan soydaşlarımız, həmkarlarımızla bağlantı qurmağa və yaxud dövlət qurumları, özəl şirkətlərin xəbərlərindən dərhal agah olmağa kömək göstərir. Ən çox həmkarlarımla söhbətləşirəm müxtəlif mövzularda.
Bu söhbətlərimdə şəxsi məsələlərə üstünlük vermirəm. Facebook vasitəsilə neçə illərdir üzünü görmədiyim dostlarımı tapmışam”.
Modern.az saytının redaktoru Əfqan Qafarlı sosial şəbəkələrdən az-az istifadə edən jurnalistlərdəndir. Odnoklassniki.ru-da və Facebook-da səhifələri olsa da, əsasən ikincidən istifadə edir.
“Gün ərzində bir neçə dəqiqəliyə daxil olub bu şəbəkədə yerləşdirilən informasiyalara göz gəzdirirəm. Boş vaxtım olmur ki, kiminləsə yazışıb, söhbətləşim. Heç buna həvəsim də yoxdur. Özüm əsasən saytımızın xəbərlərini paylaşıram. Bir də bəzi hallarda kimisə axtaranda Facebook-a daxil oluram ki, görüm ordadır, orda deyil. Ümumiyyətlə, jurnalist olaraq Facebook-un bəzi hallarda köməyi çox olur. Kiminsə şəkli, ya da onun barəsində infomasiya lazım olanda orada tapa bilirsən”.
“525-ci qəzet”in redaktoru Yusif Rzayevin də Facebook-da səhifəsi var:
“Mənə o qədər də maraqlı deyil və orada elə də fəal deyiləm. İşdə olanda səhifəm açıq olur. Amma əsasən 3-4 jurnalist dostumla yazışıram. Gündəlik məsələlərdən, nə yeni xəbərlər var o barədə söhbətləşirik”.