Qiymətlər günbəgün dəyişir. Almanın qiymətindən tutmuş, ta neftin qiymətinədək. Azalmağa doğru yox, daha çox artmağa meyllidir rəqəmlər…
Maraqlı görünən odur ki, bu qədər artım fonunda insan ölümü nədənsə ucuzlaşır. Bu gün görüşdüyün, dərləşdiyin birisi səhər eşidirsən dünyasını dəyişib. Əvvəllər xəstə olardılar. Qohum-əqraba gedib baş çəkərdi. Hamıda sanki psixoloji cəhətdən hazır olardı bu hadisəyə. Dünyasını dəyişəndə isə Allahdan rəhmət diləyər, “yaxşı elə vaxtında getdi, qohum əqrabaya əzab-əziyyət vermədi” deyərdilər. Bəzən, isə əksinə xəstəlik o qədər uzanardı ki, ev sahibləri Allahdan xəstəyə ucuz bir ölüm arzulayardılar. Hərdən belə də olurdu…
Ucuzlaşırıq, ucuzlaşıdıqca da sanki mülahizə qabiliyyətimizi də itiririk, sanki, mənəvi dəyərlərə baxışlarımız da dəyişir…
***
Bu günlərdə yaxın bir qohumum 63 yaşında qəflətən dünyasını dəyişdi.
***
Xəstə olsa da, özünü gümrah hiss edirdi. Yoldaşının qılığına girib, onu doğulduğu, boya-başa çatdığı şəhərə aparmağı da xahiş etmişdi. Sonradan qonşuları deyirdilər ki, maşına minəndə üçüncü mərtəbədəki mənzilinə diqqətlə baxıb, eyvandakı ipdən asılı paltarların küləkdən titrəyişinə də nəzər yetirmişdi. Bəlkə də, bədənsiz paltarların üşüdüyünü də hiss etmişdi…
***
Rayona çatar-çatmaz yolunu qəbristanlığa salıb. Valideynlərinin qəbrlərini ziyarət edib, dodaqaltı nəsə pıçıldayıb, gül dəstəsi qoymağı da unutmayıb.
Məzar daşlarından nigaran baxışlarla boylanan ata-anasının şəkillərinə baxa-baxa qəbirstanlıqdan çıxıb, rayondakı qohum-əqrabanı ziyarətə gedib. Xəstə qardaşı ilə dərdləşib, ona ürək-dirək verəndən sonra köşkünü dədə yurduna salıb.
Onun gəlişini eşidən bütün tanış-biliş başına yığışmışdı. Hamı danışır, gülür, dərdləşirdilər… O isə…
İçində narahatlıq hissi keçirir, başının üstünü alan qeyri-adi QÜVVƏnin varlığını hiss edirdi. Ürəyində ondan bir neçə saatlıq möhlət istəyirdi. Amma qohumların onun gənc yaşında dünyadan köçən oğlunu yada salmaları, həmin QÜVVƏni ona daha da yaxınlaşdırırdı. Hamı cavan dünyadan köçən gəncin illər bundan öncə vaxtsız ölümünə kədərlənir, o isə sanki heç kimi eşitmir, həmin QÜVVƏ ilə danışır, ona çox da əziyyət verməməsini dönə-dönə xahiş edirdi. Qəribə olmuşdu, onu heç kim belə görməmişdi… Yerində otura bilmirdi. Vurnuxurdu, nəyəsə çatmaq istəyirdi. Amma bunu özündən savayı heç kim hiss etmirdi.
Gecədən xeyli keçdiyindən, onu görməyə gələnləri tək qoyub, yatağa uzandı. Yatmaq üçün uzansa da, kiminləsə danışırdı. Artıq hər kəsin üzündə bir təəccüb sezilirdi…
Eyvanda iki əlini başında çarpazlayıb, göz yaşlarını gizlətməyə çalışan həyat yoldaşı Yusif kişinin siması görünür, içəridən isə qadınların ərşə qalxan nalə səsləri ucalırdı…
Onun narahatlığına, son qoyulmuş, məkansız ruhuna, məkan verilmişdi. Hansı ki, bu yeni məkanda bayaq məzarlarını ziyarət etdiyi ana-atası, dünyadan cavan köçən oğlu və neçə-neçə unutduğu qohum-əqrabaları da vardı. O, bu dünyada bizim üçün ölmüşdü. Daha heç kim onu burada görməyəcəkdi. Bir də heç kəsin arzulamadığı, hər kəsin başının üstünü alacağı ÖLÜM onunla bizi görüşdürə bilərdi… Amma onu nə qədər çox sevsələr də, bu görüşü də indi heç kim arzulamırdı. Nə də olsa, can şirin şeydi axı…
***
Bu qəfil ölüm xəbərini eşidib, ilk öncə inanmadıq. Axı, on gün əvvəl onlara qonaq getmişdik. Keçmişdən, gələcəkdən, qohum-əqrabadan danışmışdıq… Amma nə edəsən, ÖLÜM bizim inanıb, inanmamağımıza baxmır axı… O, ölmüşdü. Bəlkə də, yenidən, yeni dünyada doğulmuşdu: Bu dünyada ölənlərin dünyasında…
***
Bu eşitdiyim ikinci hadisəydi. Bundan əvvəl Vəli Məmmədovun ölüm xəbərini eşidən də özümə yer tapa blmədim. Milli Kitabxanada qəzet arxivinə baxarkən dostlardan biri mərhumun yasının harada verildiyni soruşdu. Bir anlıq özümü itirdim. Nətər yanı yas mərasimi? Məgər Vəli müəllim rəhmətə gedib? Üç gün əvvəl görüşüb, xeyli dərdləşmişdim Vəli müəllimlə. Hətta, bu görüşdə özüm də səbəbini bilmədən, səsyazanı işə salıb, söhbətimizi lentin yaddaşına da köçürmüşdüm. “Sovetski”dən xəstə dostunu yoxlamaqdan gəlirdi mənimlə görüşə. Uzun illərin dostuydular. Beləcə, bir saat, on iki dəqiqə maşında on dəfə Ağdama gedib, gəldik. Ağdama getmək arzusuyla yaşayırdı Vəli müəllim: – “Bilirəm, Ağdama getmək mənə qismət olmayacaq…” – demişdi son söhbətimiz zamanı. İndi isə ölüm xəbərni eşidirəm…
***
Hər iki – qəfil ölüm məni dörd il əvvələ – dostum, Məmməd Nazimoğlunun ölümlə çarpışdığı bir vaxtlara qaytardı.
Bir neçə ay idi ki, səhhətində ciddi problemləri yaranmışdı, xəstə yatırdı.
Bu vaxtlarda hər ikimizin ortaq dostu olan Fuad Babayevlə birgə onu qardaşıgildə ziyarətə getmişdik. Məmmədin bizi tanımaması, onun xəstəliyinin ciddi olduğunu anlatdı bizə. Yoxsa, mən Məmmədin gerçəkdən xəstəliyinə inana bilmirdim. O, xəstələnəsi insan deyildi.
Xeyirxah bir insanın köməkliyi ilə Türkiyədə müalicə olunub, yenicə qayıtmışdı. Vəziyyəti yaxşılığa doğru gedirdi. Daha onun sağalıb, yenidən öz işinin başına qayıdacağına ümidimiz artmışdı.
Həkimlər pəhriz saxlayıb, istirahəti məsləhət görsələr də, o, doğma kəndini seçmişdi.
Dörd gün qalası oldu kənddə. Bu dörd gün elə bil ömürünün bütün illərini geri qaytarmışdı ona. Yayın cırhacırında gah alça ağacının altında oturub çay içər, gah da həyətlərindən axar suyun kəndarında, altına adyal salıb uzanardı. Qəfil telefon zəngi onu Bakıya gəlməyə məcbur etdi. Yolda olarkən, zəng edib nahar süfrəsi arxasında mənimlə söhbəti olduğunu dedi. Hətta zarafatyana, mənə mərcdə qonalıq borcunun olduğundan, bu qonalığın haqq-hesabını özü verəcəyni də söylədi. Mən isə tərslikdən, bəlkə də bilərəkdən, görüşdən bir bəhanə ilə imtina elədim. Bəlkə də elə başa düşdüm ki, ona çətin vaxta göstərdiyim qayğıya görə minnətdarlıq etmək üçün görüşmək istəyir. Beləlilkə, mən görüşdən yayınıb, onu növbəti günə keçirməyi xahiş etdim. Razılaşdıq. Axşam isə vəziyyəti pisləşmiş, “reanimasiyaya” düşmüşdü. Bunu səhər eşidəcəkdik biz…
Bilmirəm, nədənsə, onun son günlərini yaşadığını hiss etmişdim. Sonuncu danışıq zamanı Məmmədin səsinin titrəkliyi elə bil əlimi hər şeydən üzmüşdü.
Açığı deyim ki, mən belə məqamlarda mənim üçün əziz olan insanların həyatda olduğu son anlarının şahidi olmaq istəmirəm. Məmməd mənim üçün bir sirdaş, həm də müsbət auralı, güləriz bir insan idi. Hər hadisəyə obyektiv qiymət verən idi. İstənilən çətin məqamda adama köməyini əsirgəməzdi…
Üzərindən dörd ilə yaxın bir vaxt keçsə də fikirləşirəm ki, bəlkə də düz eləmişəm. İndi qəlbimdə Məmməd yaşayır və elə bil bu dəqiqə mənə zəng edib, hansısa maraqlı gülməli bir hadisəni danışacaq…
***
Hər üç hadisədə ortaq bir məqam var. O da insanın öz ölümünü qabaqcadan hiss etməsidi. Və belə bir məqamda nəyin bahasına olursa olsun, öz doğmalarınının arasında olması, doğma yerlərdə son dəfə gəzməyə çalışmasıdı. Bu sanki hər bir insanda kodlaşdırılıb. Lazım gəldikdə, proqram açılır və özümüzdən asılı olmayaraq ona uyğun hərəkət edirik.
Amma torpağın düşmən tapdağında olanda isə nə proqram açılır, nədə doğma yerlərin iyini ala bilirsən. Elə hey çarpışırsan ki, tezliklə özündən çıxıb, ruhuna qovuşasan. Çünki ruhun nə sərhəd, nə də ki, məsafə tanımır, səni yalnız o RUH öz doğma yurduna apara bilər…