Bu gün Azərbaycan Mətbuat Şurasının səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar Şuranın bu məsələni araşdıran qrupunun üzvləri ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri və yayım firmalarının nümayəndələri arasında görüş keçirilib. Görüşün məqsədi ölkədə ümumən mətbu nəşr satışı sahəsindəki vəziyyəti öyrənməkdən, qəzet yayıcısı olan qurumların bu sahədə qarşılaşdıqları çətinliklərin konkret tərəflərini müəyyənləşdirməkdən ibarət olub.
Toplantıda MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Yeni Müsavat» qəzetinin baş redaktor müavini Azər Ayxan, «Qaya» Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev, «Qasid» firmasının təmsilçisi Akif Qurbanov, «Azərmətbuatyayımı» ASC-nin nümayəndəsi İlham Ələsgərov, «525-ci qəzet»in baş direktoru İlqar Tağıyev və digər şəxslər iştirak ediblər.
Görüşdə bildirilib ki, ölkədə qəzet yayımın 25 faizi səyyar satışın payına düşür. Son aylarda mövcud istiqamətdəki çətinliklər bəzi nəşrlərin satış faizini aşağı salıb. Bu da onların maddi-texniki vəziyyətinə mənfi təsir göstərib. Görüş iştirakçıları eyni zamanda bildiriblər ki, ümumən qəzet satışı sahəsindəki problem fərdi səciyyə daşımır. Buna görə də səyyar satışla yanaşı, ümumən qəzet satışındakı çətinliklərin araşdırılması vacib əhəmiyyət kəsb edir. Toplantıda eyni zamanda təklif edilib ki, mövzu ətrafında KİV, mətbuat yayımı firmaları rəhbərlərinin müvafiq qurumların təmsilçiləri ilə görüşünün təşkili daha effektiv olardı. Görüşdə qəzet satışı ilə əlaqədar problemlərin həllinə yönələn bir sıra səmərəli təkliflər səslənib. Qrup üzvləri təklifləri ümumiləşdirəcək və mövcud istiqamətdə qarşıda duran konkret fəaliyyətin tərkib hissəsi kimi dəyərləndirəcəklər.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasına səyyar qəzet satışı sahəsindəki poblemlərlə bağlı bəzi redaksiyalardan və ayrı-ayrı qəzet satıcılarından müraciətlər daxil olub. Şura bu müraciətləri nəzərə alaraq bu il yanvarın əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə mövcud istiqamətdəki vəziyyətin qanuni mexanizminin formalaşdırılmasına kömək göstərmək xahiş olunub. Onu da qeyd edək ki, MŞ-nin qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaratdığı qrup fəaliyyətini bərpa edib. Qrupun tərkibinə MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə daxildir.