Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) və onun Azərbaycanda tərəfdaşı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda qadın jurnalistləri bərabər hüquqlar uğrunda kampaniya keçirməyə həvəsləndirmək, təlimatlandırma, şəbəkələşdirmə, kommunikasiya kampaniyaları, lobbiçilik vasitəsilə həmkarlar hərəkatına cəlb etmək və onları qərarverici orqanlara öz namizədliklərini irəli sürmək üçün ruhlandırmaq məqsədi ilə “Azərbaycan mediasında gender məsələsi” adlı vəsait hazırlayıb.
“Hazırladığımız vəsait Azərbaycan mediasında gender məsələlərinə həsr edilən ilk kitabdır. Bunu hazırlamaq üçün biz 90 KİV redaksiyasının işçiləri arasında gender yönümlü sorğu keçirmişik. Hesab edirik ki, tərəfimizdən hazırlanan bu vəsait Azərbaycan mediasında gender məsələləri barədə bilgi əldə etmək istəyənlər üçün əhəmiyyətli bir mənbə olacaq və gender bərabərliyi uğrunda hərəkatı stimullaşdıracaq” deyə Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan layihəsinin koordinatoru Müşfiq Ələsgərli bildirib.
Vəsait aşağıdakı istiqamətləri diqqət mərkəzinə gətirir:
1. Jurnalist İttifaqlarının rəhbər vəzifələrində qadınların təmsil olunma dərəcəsinin artırılması, kvota sisteminin tətbiqinin nəzərə alınması
2. Həmkarlar ittifaqlarının təlimlər vasitəsilə qadınlar üçün iş imkanlarının inkişaf etdirilməsi
3. Kişi həmkarların gender bərabərliyi ilə bağlı proseslərə cəlb edilməsi
4. Həmkarlar ittifaqlarının qadınların hüquqlarını qoruyan siyasətini gücləndirmək
5. Münaqişə bölgələrində qadın jurnalistlərin və həmkarlar ittifaqı fəallarının təhlükəsizliyini təmin etmək
6. Qadın jurnalistlərin işdə zorakılıq və təqibdən qorunması
7. Kollketiv sövdələşmə müqavilələrinə gender bərabərliyi müddəalarının daxil edilməsi
8. İttifqda öz rolunu gücləndirmək üçün qadın həmrəyliyini stimullaşdırmaq
Vəsaitdə Azərbaycan mediasında qadın jurnalistlərin cari vəziyyəti ilə bağlı bölüm var. Sorğunun nəticələrinə görə:
– ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizini;
– regional telekanalların əməkdaşlarının təqribən 25-30 faizini;
– ümumrespublika yayımlı qəzetlərin əməkdaşlarının təqribən 30-35 faizini;
– regional qəzetlərin əməkdaşlarının təqribən 20-25 faizini qadınlar təşkil edirlər.
Buna baxmayaraq, qadınların media qurumlarının qərarverici orqanlarında təmsilçiliyi kifayət qədər aşağı rəqəmlərlə ifadə olunur. Məsələn, Sorğuya cəlb edilmiş 90 KİV redaksiyasından yalnız 10-nun rəhbəri qadındır. Yaxud, Azərbaycanın ən populyar 15 jurnalist təşkilatından yalnız birinin rəhbəri qadındır.
Bu vəsaitin bir bölümündə Azərbaycan Respublikasında gender qanunvericiliyi və Azərbaycan Respublikasının gender bərabərliyinə dair ratifikasiya etdiyi beynəlxalq konvensiyalar barəsində geniş bilgi əks edilib. Digər xüsusi bir bölümündə isə Azərbaycanın populyar media qurumlarına rəhbərlik edən qadın jurnalistlərlə (Vüsalə Mahirqızı: APA İnformasiya Agentliyinin və APA Holdinqin rəhbəri; Sevil Yusifova: Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri; Aynur Elgünəş: Var.az xəbər portalının baş redaktoru, Bakı Jurnalistika Məktəbinin mətbuat xidmətinin rəhbəri; Sevinc Seyidova: “Həftə İçi” qəzetinin baş redaktoru; Qənirə Paşayeva: 1998-2005-ci illərdə ANS TV-də Şef redaktor yardımçısı olub, 2005-ci ildə parlamentə deputat seçilib) müsahibələr dərc edilib.
Nəhayət, IFJ tərəfindən nəşr edilmiş “Balansa nail olmaq: Jurnalistikada gender bərabərliyi” vəsaitindən götürülmüş məlumat və tövsiyyələrdən seçmələr də bu vəsaitdə yerləşdirilib.
“Biz EJİ-Az layihəsi çərçivəsində Azərbaycan mediasında gender məsələlərinə həsr edilmiş araşdırma aparan zaman çox ciddi faktlarla rastlaşdıq və həmin faktlarin əksəriyyətini hazırladığımız vəsaitdə yerləşdirdik. Hesab edirik ki, hazrladığımız vəsait Azərbaycan mediasında gender mövzusunun araşdırılması üçün əlavə stimul olacaq” – deyə EJİ-Az layihəsi tərkibində Gender Proqramı üzrə yaradılmış İşçi Qrupun koordinatoru Sevda Məmmədli bildirib.
“Azərbaycan mediasında gender məsələsi” vəsaiti 43 səhifədən ibarətdir və Beynəlxalq Jurnalistlər Federasiyasının “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” ilə birgə başlatdığı Etik Jurnalistika Təşəbbüsləri -Azərbaycan layihəsi çərçivəsində hazırlanıb. Koalisiya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalistlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Ruh Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsi daxildir. Etik Jurnalistika Təşəbbüsləri – Azərbaycan layihəsi Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin, həmçinin, İsveçin LO-TCO təşkilatının dəstəyi ilə həyata keçirilən iki illik layihədir.
Modern.az