BDU-da Jurnalistika fakültəsinə yeni dekan seçiləcək…

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yaxın aylarda dekan seçkisi olacaq. Azərbaycan Respublikası Təhsil Nazirinin 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından dörd il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.

1999-cu ildən bu günədək, üç dəfə ardıcıl olaraq professor Yalçın Əlizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı seçilib. İndi Yalçın Əlizadənin dekan vəzifəsindəki səlahiyyət müddəti bitir. Yaxın aylarda yenidən seçki keçiriləcək. Maraqlıdır, Yalçın Əlizadə yenidən öz namizədliyini irəli sürəcəkmi?

Bununla bağlı Yalçın Əlizadənin fikirlərini öyrənmək üçün onunla əlaqə saxladıq.Seçkidə yenidən iştirakı ilə bağlı suala Y.Əlizadə əsəbiləşərək “sənin nə işinə qalıb, mən qatılacam, ya qatılmayacam… Niyə müdaxilə edirsiniz”– deyə kəskin tonda cavab verdi.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bu məsələ ilə bağlı məlumatsız olduğunu, dekan seçkisinin nə vaxt keçiriləcəyi haqda məlumatın olmadığını qeyd etdi.

Modern.az saytının əməkdaşı bununla bağlı Jurnalistika fakültəsinin tələbələri arasında sorğu aparıb.

III kurs tələbəsi Səadət Abbaslı “istərdim ki, dekan yeniliyi sevən bir şəxs olsun. Məsələn, Zeynal Məmmədli. O insan yeniliyə can atır, yeni nə isə olmasını istəyir”-deyə qeyd edib.

III kurs tələbəsi Pərvanə Abdiyeva: “Sadəcə istəməzdim Yalçın müəllim seçilsin, tələbələrlə ünsiyyət qura bilmir, daha səmimi olsa, tələbələri dinləməyi bacarsa, bəlkə də yaxşı olar. Zeynal Məmmədlini dekan görmək istəyirəm, yəqin ki, o da olmaz”.

I kurs magistr tələbəsi Səadət Ağayeva isə “Yalçın müəllim yaxşıdır, onun sayəsində fakültədə nizam-intizam yerindədir. Amma arada dəyişiklik yaxşıdır. Mən dekanların bir dəfə seçilməsinin tərəfdarıyam” deyib.

2008-ci ilin Jurnalistika fakültəsinin məzunu Vüsalə Əlibəyli: “Hələ universitetdə oxuyanda seçkilər oldu və bilmirəm neçənci dəfə idi, amma yenə Yalçın Əlizadə seçildi. Hələ neçə-neçə qruplar olub ki, seçkilərin eyni nəticəsini görüb. Burada məsələ konkret şəxsdə deyil, Yalçın Əlizadə olmasın, kim olur-olsun, əsas odur ki, dəyişiklik olmalıdır. Doğrudur, mənə təxmini bəlli olan namizədlər belə seçilərsə, inanmıram ki, nəsə dəyişə. Amma dəyişiklik etməyi adət etmək lazımdır. Yalçın Əlizadədən sonra gələn, pis idarə edər, başqası seçilər. Belecə insanlar öz seçimlərində zaman keçdikcə düzəlişrlər edər. Sadəcə buna şərait yaradılmalıdır”.

ATV-nin aparıcısı Elvira İsmayılova isə deyib ki, Yalçın Əlizadənin yenidən seçilməsini istəmir: “Zeynal Məmmədlinin dekan olmasının tərəfdarıyam”

BDU-nun Jurnalistika fakültəsinin müəllimi və media eksperti Zeynal Məmmədli bu məsələ ilə bağlı fərqli fikir bildirib: “Məni dekanın kim olması deyil, mediadakı keyfiyyət dəyişikliyi maraqlandırır. Adamlar heç nəyi həll eləmir, ən yaxşı adam olsa belə, heç nə dəyişməyəcək. Gərək düşüncə dəyişsin ki, sistem dəyişə bilsin”.

Tələbələrin Zeynal Məmmədlini dekan kimi görmək istəməsinə isə o buna “qətiyyən yox, təşəkkürlər bütün tələbələrə” deyə münasibət bildirib.

Qeyd edək ki, indiyədək Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəmov kimi məşhur jurnalist və publisistlər BDU-nun Jurnalistika fakültəsinin dekanı olublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO