Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Layihə haqqında məlumat verən O.Gündüzün sözlərindən məlum olub ki, əsas məqsəd jurnalistika təhsili verən ali təhsil müəssisələrində internet media texnologiyalarının tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltmək, yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunəlindən ibarət yeni tədris modeli hazırlamaqdır. Layihə çərçivəsində hər bir ali təhsil müəssisəsinin jurnalistika fakültələri üçün tələbələrin təcrübə keçmələri və praktiki biliklərinin artırılması məqsədilə tələbə on-line qəzetinin vahid modulu da hazırlanıb, tələbələrin İnternet TV və İnternet Radio sahəsində praktiki vərdişlər əldə etməsinə köməklik üçün jurnalistika təhsili verən ali təhsil müəssisələrindən isə yalnız Bakı Dövlət Universitetində İnternet TV Studiyanın yaradılması nəzərdə tutulur. On-line qəzetdə və Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil olunacaq.
Rektor, akademik Abel Məhərrəmov qaldırılan məsələlərə müsbət yanaşıb, İnternet TV-nin yaradılması təşəbbüsünu dəstəkləyib. Rektor deyib ki, yaradılacaq studiyanın daha müasir standartlara cavab verməsi, maddi-texniki bazasının güclü olması üçün universitet də öz növbəsində maliyyə yardımı etməyə hazırdır. Sonda İnternet TV Studiyasının yaradılmasının tezləşdirilməsi ilə bağlı rektor Abel Məhərrəmov müvafiq göstərişlər verib.
Görüşdə jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə və Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli də iştirak edib.