Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək “Hekayət Dədə Qorqut” adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad tərcümə etmiş, ona maraqlı və çox geniş giriş məqaləsi yazmış, indiyə qədər aparılmış tədqiqatlardan və “Kitabi-Dədə Qorqud”un dünya şöhrətindən söz açmışdır. Bununla belə, deməliyəm ki, “Kitabi-Dədə Qorqud” İraq türkmanları arasında geniş yayılan, sevilən və tədqiqata cəlb edilən əsərdir. Bu heç də əsassız deyildir.
Əsrlərlə başqa xalqlar əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsi “Kitabi-Dədə Qorqud”un dil xüsusiyyətlərini tamamilə əks etdirir. “Kitabi-Dədə Qorqud”da yer alan onlarca sözün indinin özündə belə Kərkük dolaylarında işlək olması, daha doğrusu, həmin sözlərin yalnız həmin mənada işlənməsi tutarlı dəlil-sübutdur. Məsələn: kəpənək (yapınçı), xerxız//xırxız (oğru), əkmək (çörək), ənsə (arxa), qlağuz//qlavuz (bələdçi), qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə), mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı çalmaq (şeypur çalmaq), davul dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə! (baş üstə!), qaum-qardaş (qohum-qardaş), kəlisa (kilsə), eyi (gözəl), kəndi (özü), dam (tələ), yoğurd (qatıq) və s.
Maraqlıdır ki, Dəli Domrul bu gün də Kərkük dolaylarında “dəlli dobur” formasında, “dəlidolu” mənasında işlənir.
Təsadüfi deyildir ki, “Koroğlu”, “Arzu Qənbər” və başqa dastanlarımıza dərin təsir göstərən, qədim ədəbiyyatımızın başlanğıc mənbəyi olan bu təkrarsız əsəri azərbaycanlı tədqiqatçılar Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası, kərküklü tədqiqatçılar isə İraq türkmanlarının “Ana kitabı” adlandırırlar.
Biz tədqiqatımızda “Kitabi-Dədə Qorqud”da, İraq türkman ləhcəsində və ədəbi dilimizdə eyni olan çoxsaylı: pəncərə, dirək, un, çuval, leş, çomaq, ayaqyolu, sapan, öpmək, rast gəlmək, muştuluq, küsmək, kəklik, keşiş, yumruq, yalaq, beşik və s.-dən söz açmağa lüzum görmədik. Doğmalığı, yaxınlığı təmin edən başqa məqamlara daha çox yer ayırdıq.
Azərbaycanlı alim, professor Əkrəm Cəfər Azərbaycan dilini başqa türk dillərindən fərqləndirən xüsusiyyətlərdən danışarkən göstərir ki, “banlamaq” sözü Azərbaycan dilindən başqa heç bir türk dilində işlənmir. Qeyd edək ki, bu söz “bannamaq // baynamaq” formasında İraq türkman ləhcəsində və bir az başqa mənada işlənsə də, “Kitabi-Dədə Qorqud”da da yer alır.
“Kitabi-Dədə Qorqud”da və İraq-türkman ləhcəsində elə sözlər vardır ki, onlara ancaq bu və ya digər dialekt və şivələrimizdə rast gəlirik: məs.: baba (ata), budamaq (vurmaq), varmaq (getmək), quçən (küçük), darılmaq (əsəbiləşmək), ənsə (arxa, dal), yazı (çöl, səhra) və s. belə sözlərdəndir.
“Kitabi-Dədə Qorqud”da və ədəbi dilimizdə yer alan elə sözlər də var ki, İraq türkman ləhcəsində təsadüf edilmir. Məsələn: alqış (dua), qarğış (bəddua), gögçək, daz, mahmızlamaq, hürmək, hürkütmək, tavla (töylə), qaravaş, ulamaq (qurd kimi və s.), gənəşmək, yaxşı//yəxşi, arıq, ayğır, böyürmək, məğmun, çapar (çaparaq xəbər aparan atlı), qaynata, qaynana, ata-ana, meşə (çəm), tümən (pul vahidi), çevik (çox cəld), həmişə (hər zaman), söhbət etmək (qonuşmaq), yoldaş (arkadaş), sıçramaq (atlanmaq), səyirtmək (atı dördnala çapmaq), salaxana//sallaqxana (qanara), otaq (oda), nəvə (torun), lələk (təlnəg), güdmək (göz qoymaq), köhnə, koma (daxma), kişnəmək, yorğa və s.
Dünya alimlərinin qənaəti budur ki, “Dədə Qorqud” dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki, “Kitabi-Dədə Qorqud”da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir qapı Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondar, Qaradərə (Qarabağda yer adı) və s.
Söhbət ondan gedir ki, bu təkrarsız əsər Azərbaycan dilindədir. Dilin fonetik və leksik göstəricilərinə əsasən Azərbaycan dilinin Cənub və Şərq qrupu dialekt və şivələrinin xüsusiyyətləri ilə səsləşdiyinə görə “Kitabi-Dədə Qorqud” tədqiqatçılarından V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq edirlər.
Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin üstünlük təşkil etdiyi göstərilmiş, İraq-türkman ləhcəsi Azərbaycan dilinin Cənub qrupu dialekt və şivələri sırasına daxil edilmişdir.
Bununla yanaşı, görkəmli dilçilərdən P.M.Melioranski, M.Ş.Şirəliyev, N.A.Baskakov, A.M.Şerbak, H.Mirzəzadə, E.N.Nəcib, Ə.Ə.Orucov, Y.Z.Şirvani təxminən XIII əsrin axırlarında, XIV əsrin əvvəllərində yazılmış “İbn Mühənna lüğəti”ndən danışarkən, əsər qədim Azərbaycan dilində olduğuna görə onun ya müasir İraq ərazisində, ya da Azərbaycanda yazıldığını qeyd edirlər. Həmin lüğətdə ağıl (mal-qara üçün yer), ağırlamaq (hörmət etmək, əzizləmək), arşınlamaq, baldız, bacanaq, baxışmaq, bərk, beşik, belbağı, boşamaq, buyurmaq, davar, iraq, ismarlamaq, qanalıcı, qardaş, kərki, kirşan, quduq (qoduq), laçın, mərcimək, pusmaq, süngü və s. kimi indi də Azərbaycan ədəbi dilində və İraq-türkman ləhcəsində müşahidə edilən onlarca sözə rast gəlirik.
Yuxarıda deyilənləri nəzərə alaraq Dr. Necdet Yaşar Bayatlının “Dədə Qorqud” hekayələrində və günümüzdə İraq türkman türkcəsində kullanılan ortaq sözcüklər üzərinə bir incələmə” məqaləsində irəli sürdüyü bir müddəasına münasibətimi bildirmək istərdim. Dr. Necdet Yaşar Bayatlı yazır: “Dədə Qorqud” hekayələrinin yazıldığı dil Azəri türkcəsinin dil özəlliklərini göstərməklə, bu gün danışılan və yazılan Azəri ləhcəsi ilə qarşılaşdırıldığı zaman kitabın daşıdığı bütün özəlliklərin bu ləhcəyə aid olduğunu söyləmək mümkün deyil”.
Məqalədə diqqəti çəkən başqa bir məsələ də ondan ibarətdir ki, Dr. Necdet Yaşar Bayatlı “Kitabi-Dədə Qorqud” və İraq-türkman ləhcəsində üst-üstə düşən 116 sözü incələyib. Maraqlıdır ki, müəllifin söz açdığı 116 sözdən 111-i Azərbaycan ədəbi dilində də “Kitabi-Dədə Qorqud” və İraq-türkman ləhcəsində olduğu kimidir. Yalnız aşağıdakı beş söz fərqlidir: bori (şeypur), xısım (qohum-əqraba), semmiz (kök), tenef//tenaf (çadır ipi), zaxım-yara, zeban (zəif, gücsüz).
Yeri gəlmişkən onu da qeyd edim ki, çadır ipi, zəif və gücsüz sözləri də İraq-türkman ləhcəsində işlək sözlərdir.
Ola bilsin ki, Dr.Necdet bu məqaləsini yazarkən Nəsimi adına Dilçilik İnstitutunun hazırlayaraq çap etdirdiyi “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” əsəri (Bakı, “Elm” nəşr., 1999) əlində olub. O vaxt rəhmətlik Əbdüllətif Bəndəroğlu tez-tez Bakıya gəlir, Nəsimi adına Dilçilik İnstitutunda akademik Ağamusa Axundovun rəhbərliyi ilə Dialektologiya şöbəsində üzərində işlədiyimiz irihəcmli “İraq-türkman ləhcəsi” kitabını redaktə edirdi. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” kitabını İraqa o aparmışdı.
Şübhəm yoxdur ki, bu nöqsanlı lüğətlə tanış olan hər kəs Dr. Necdetin haqlı olduğunu düşünərdi. Heç bir lüğətçilik prinsipinə əsaslanmayan bu lüğət hətta əlifba sırası ilə tərtib edilməyib. Heç sözlər də əlifba sırasına uyğun gəlmir. Odur ki, lüğətdə lazım olan sözü tapmaq özü də müşgül məsələyə çevrilir. İş bununla bitsəydi, dərd yarı olardı.
Lüğətin təəssüf doğuran ən böyük çatışmazlığı ondan ibarətdir ki, “Kitabi-Dədə Qorqud” və ədəbi dilimizdə eyni olan onlarla sözə izah yazmaq xatirinə azərbaycanca olan sözlərin üstündən sükutla keçilib. “Kitabi-Dədə Qorqud”dan sözlər götürülüb və izahı verilib. Söhbət “Kitabi-Dədə Qorqud”da və ədəbi dilimizdə eyni olan: külüng, çomaq, kişnəmək, kəfən, yırtılmaq, yaxşı, yalaq, nəvə, yağ, eşik, düymə, pəncərə, dürtmək, dolamac, dirək, un, çuval, pusmaq, pusqu, pay, dəyənək, dəyirman, dəvə, qucaqlamaq, lap, leş, qonur, qonaq, qonaqlıq, qardaş, buğa, göyərçin, qarğıdalı, qaravul, qamış, qayınata, qayınana, bəzirgan, arşın, and, ayğır və s. sözlərdən gedir.
Ortaya təbii sual çıxır. Lüğət azərbaycanlılar üçün nəzərdə tutulubsa, izaha nə ehtiyac vardı? Əgər başqa xalqların tədqiqatçıları da nəzərə alınırdısa (ayrı cür də ola bilməz), onlar nə biləcək ki, yuxarıda sadaladığımız və sadalamadığımız çoxsaylı sözlər Azərbaycan ədəbi dilində mövcuddur. İzahlarda bəzən məntiqsizlik hökm sürür. Məsələn: leş – ölmüş cəsəd; Çaqmaq – Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib atəş açmaq. Kafərlərin leşindən böyük bir dəpə (təpə) yığdı, çaqmaq çaqub od yağdı (s.44) və s.
Görəsən, ox, nizə, sapan, çomaq, qılıncla döyüşən, qarğıdalı gövdəsindən süngü düzəldən oğuzlar XIV-XV əsrlərdə meydana çıxan tüfəngi haradan əldə etmişdilər? Hələ biz tapançanı demirik ki, sonralar yaradılıb.
Yuxarıdakı göstərdiyimiz başlıca nöqsan olmasaydı, bizim üçün böyük əhəmiyyət kəsb edən bir məsələdə “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” çox faydalı olardı. Lüğəti vərəqləyən və ya onu tədqiqata cəlb edən hər kəs “Kitabi-Dədə Qorqud”un həqiqətən də Azərbaycan dilində yazıldığının bir daha şahidi olardı.
Taleyin hökmü ilə çeşidli ictimai-siyasi səbəblər üzündən soy-kökündən ayrı düşən, təcrid olunaraq ərəb və kürd xalqlarının əhatəsində yaşayan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsində “Kitabi-Dədə Qorqud” dastanlarının dil özəllikləri ilə üst-üstə düşən həm leksik, həm də fonetik xüsusiyyətlər çoxdur. Bu baxımdan professor Tofiq Hacıyevin dediklərində böyük həqiqət var. Görkəmli türkoloq alim haqlı olaraq “mən” əvəzinə “bən”, “bu” əvəzinə “şu”, “indi” əvəzinə “şimdi”, “minmək” əvəzinə “binmək” və s. işlənməsini Kərkük ellərində Osmanlı təsiri olmadığını, hələ qədimdən “Kitabi-Dədə Qorqud” zamanından qaldığını xüsusi vurğulayır.
Eləcə də “Kitabi-Dədə Qorqud”da qabarıq şəkildə özünü göstərən “d” səsinin “t” ilə əvəzlənməsi, məsələn: taş, ton, tamar, tana, tavşan, tayaq, tağ, tağarçıq, tam, tırnaq, toğsan, toğmaq, toğlu, tul, tağarcıq, tağlamaq, tükan, tamğa, toğru, taşqın, turna və s. az-çox İraq-türkman ləhcəsi üçün də səciyyəvidir. Bu xüsusiyyət başqa dialekt və şivələrimizdə də müşahidə edilsə də artıq ədəbi dilimizdə işlək deyil.
Ədəbi dilimizdə tam başqa bir mənzərənin şahidi oluruq. Məlum həqiqətdir ki, vaxt keçdikcə dil cılalanır, həm yerli ləhcələr, həm də alınma sözlər hesabına zənginləşir, bir çox söz arxaikləşir, gündəlik danışıqdan çıxır. Bu baxımdan Azərbaycan ədəbi dili istisna deyil. Maraqlıdır ki, XX əsrin əvvəllərində azərbaycanca yazılmış əsərlərdə, xüsusən də Üzeyir Hacıbəylinin məqalə və felyetonlarında bu gün işlək olmayan, “Kitabi-Dədə Qorqud”da rast gəlinən, İraq-türkman ləhcəsində hələ də dövriyyədə olan sözlərə təsadüf edilir. Məsələn: Üzeyir bəyin musiqi bəstələdiyi şeirdə boru-bori (şeypur) işlənmişdir:
Dağlara səs salır hücum borusu
Haydı marş irəli, Vətən ordusu.
Üzeyir bəyin tək bircə cümləsində “Kitabi-Dədə Qorqud” və İraq-türkman ləhcəsi üçün səciyyəvi olan bir neçə söz işlənmişdir: “Mən nə edim ki, öz elmimi, biliyimi millətin tərəqqisinə sərf etməklə xain, hüşud və bəxil “zənbur”çuların gözlərinə ox olub batıram. Əhali hər kəsi gözəlcə tanıyır”. Dahi Üzeyir Hacıbəylinin tək bircə məqaləsində yuxarıdakı “hüşud”, “bəxil”, “gözəlcə” sözlərindən əlavə, indi ədəbi dilimizdə işlənməyən, “Kitabi-Dədə Qorqud”da özünü göstərən, İraq-türkman ləhcəsində işlək olan darılmaq (əsəbiləşmək, acıqlanmaq), hizmət (xidmət), eyş (yar, yoldaş) və s. sözlərə də təsadüf edilir (Misalları akademik Bəkir Nəbiyevin “Üzeyir Hacıbəylinin izahlı ömürnaməsi” kitabından götürmüşük).
“Kitabi-Dədə Qorqud”da və İraq-türkman ləhcəsində indinin özündə belə “budaq” mənasında işlənən “dal” sözü klassik ədəbiyyatımızda çox işlənirdi. Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın qoşması əsasında yaranmış, indi də məşhur olan “Vətən bağı” mahnısında da bu sözə rast gəlirik:
Bülbül, səni kim uçurtdu?
Kim daldan-dala qaçırtdı?
Kim sənə badə içirtdi?
Kimlər oldu saqi, bülbül?!
Bütün bu deyilənlər görkəmli türkoloqların fikrinə dayaq olur: “Kitabi-Dədə Qorqud” Azərbaycan dilində yazılıb və Azərbaycanın mədəni irsi kimi söhrətlənib. Keçən əsrin 50-ci illərindən başlayaraq Azərbaycanda bu möhtəşəm abidənin araşdırılması vüsətlə irəliləmiş, nəticədə ölkədə Qorqudşünaslıq məktəbi yaranmış, görkəmli qorqudşünaslar nəsli yetişmişdir.
Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında 20 aprel 1997-ci il tarixli fərmanından sonra bu ölməz əsər hərtərəfli tədqiqata cəlb olunmuş, neçə-neçə sanballı monoqrafiyalar yazılmış, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” və ikicildlik “Dədə Qorqud ensiklopediyası” işıq üzü görmüşdür. Professor Tofiq Hacıyevin rəhbərliyi ilə Folklor Elmi-Tədqiqat İnstitutunda “Qorqudşünaslıq” şöbəsi yaradılmış, alimin redaktorluğu ilə “Dədə Qorqud” adlı elmi-ədəbi toplu çap olunmağa başlanmışdır. Qürur hissi ilə deyə bilərəm ki, bu təkrarsız abidəyə ölkəmizdə diqqət heç vaxt azalmamışdır.
Nəhayət, onu da deyim ki, “Kitabi-Dədə Qorqud”un izi ilə irəliləyərək ümummilli lider Heydər Əliyevin bəyan etdiyi böyük bir həqiqətlə üzləşdim: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” kəlamının meydana gəlməsində “Kitabi-Dədə Qorqud”un və dilbirliyimizin tarixi rolunu minnətdarlıq hissi ilə göz önünə gətirdim.