Şamaxının millət vəkili, Azərbaycan – Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Belçika Parlamentinin analoji işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti 2012-ci il 6 yanvar tarixində Azərbaycana səfərə gəlib. E.Süleymanovun qərargahından Modern.az-a bildirilib ki,
Azərbaycanla tanışlıq və rəsmi görüşlər məqsədi daşıyan səfər zamanı Filip Blanşar, David Geerts, Stef Qoris, İnge Vervotte və Giovanni Fadeldən ibarət nümayəndə heyəti üçün dolğun və məzmunlu proqram hazırlanıb. Qonaqlar mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edərək əklillər qoyub, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Araz Əzimov, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri və millət vəkili Rövşən Rzayevlə görüşüb, yanvarın 7-də helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər ediblər. Məcburi köçkün qəsəbəsini ziyarət edərkən millət vəkili Qənirə Paşayeva da qonaqlarla birgə olub. Nümayəndə heyətinin üzvləri yanvarın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşərək Azərbaycan – Belçika Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər.
Görüşlər zamanı əldə olmuş razılığa əsasən Azərbaycan – Belçika Dostluq Qrupunun fəaliyyət proqramı müzakirə edilib. Tədbirlər planına uyğun olaraq
Qrupun rəhbərlərinin seçildikləri dairələrə (Azərbaycanda və Belçikada) tanışlıq səfərləri təşkil edilməli, hər ölkədən bir universitet və bir TV kanalı ilə işbirliyi qurulmalıdır, həmin işbirliyinə uyğun olaraq Azərbaycan universitetində tələbələrə Belçikanın təbliği və Azərbaycan telekanalında Belçika ilə bağlı proqramların hazırlanması təmin edilməlidir. Tədbirlər planına uyğun olaraq Belçika parlamentində aşağıdakı hadisələrin ildönümü münasibətilə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib:
Xocalı faciəsinin 20-ci ildönümü (2012-ci ilin fevralında); Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü (2012-ci ilin iyununda). İki ölkənin iş adamlarının forumlarının təşkil edilməsi, Azərbaycan dramaturqlarından birinin dram əsərinin fransız dilinə tərcümə olunaraq Belçika teatrlarının birində tamaşaya qoyulması, bir Belçika jurnalistinin Azərbaycana və bir Azərbaycan jurnalistinin Belçikaya səfərinin təşkil edilməsi.
Elxan Süleymanovun təmsil eydiyi Şamaxı şəhəri ilə Blanşarın meri olduğu Thuin şəhərinin qardaşlaşması və çeşidli tədbirlərə start verilməsi barədə də razılıq əldə edilib. Belə tədbirlər sırasında hər iki şəhər sənətçilərinin qarşılıqlı səfərləri, iş adamlarının təcrübə mübadiləsi, müştərək biznes layihələrinin gerçəkləşdirilməsi yer alıb. Ən maraqlısı isə 2012-ci ilin birinci yarısında Belçikada və 2012-ci ilin oktyabrında Şamaxıda biznes forumlarının keçirilməsi, Thuin şəhərində M. Ə. Sabirin 150 illiyi münasibəti ilə heykəlinin ucaldılması və Sabir gününün qeyd olunmasıdır.
Modern.az