Azərtac-da Molla Nəsrəddin lətifəsi

Azərtac-da Molla Nəsrəddin lətifəsi“Cidanı çuvalda gizlətmək olmaz və yaxud Ermənistan Yeni ilə nə ilə qədəm qoymuşdur”

Adətən hər bir ölkə ilin sonunda əldə edilən nəticələr və Yeni ilə hansı uğurlarla qədəm qoyduqları haqqında məlumat yayır. Bəs görəsən Ermənistan keçən ili necə başa vurmuşdur? Yeni ilə necə qədəm qoymuşdur? Ermənistan rəsmilərinin köhnə ilə yekun vurarkən ölkə iqtisadiyyatında “mühüm irəliləyiş” və “artım müşahidə edildiyi” barədə dünya ictimaiyyətinin gözünə kül üfursələr də, Dövlət Statistika İdarəsi tamamilə bunun əksi barədə məlumat yaymışdır. Statistik məlumata görə, 2008 və 2009-cu illərlə müqayisədə Ermənistanda yoxsulların sayı xeyli artmışdır. Əgər 2008-ci ildə yoxsullar ümumi əhalinin 27,6 faizini təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 35,8 faizə çatmışdır. Bu, dövlətin mənafeyinə xidmət edən Statistika İdarəsinin rəsmi məlumatıdır. Digər bir məlumatda 2008-ci ildə yoxsulların sayının 270 min nəfərdən artaraq 2010-cu ildə 1 milyon 200 min nəfərə çatdığı göstərilmişdir. İşləyən insanların aylıq orta əməkhaqqı 33 min 500 dram olmuşdur. Bu isə haradasa 90 dollara yaxındır. İşsizliyin baş alıb getdiyi belə bir ölkədə 3 nəfərlik ailədə bir nəfərin işlədiyini nəzərə alsaq, onda hər ay adambaşına 30 dollar düşür. Bu isə özlüyundə heç bir həftəlik yemək xərclərini belə ödəmir. Ölkədə yaranmış acınacaqlı və böhranlı vəziyyət, iqtisadiyyatın tənəzzülə uğraması, həyat səviyyəsinin aşağı düşməsi dünya ictimaiyyətindən gizlədilmişdir. Həqiqətdə isə əhalinin əksəriyyəti yoxsulluğun son həddində yaşamaqdadır. Bu təbəqə Yeni ilin də onlar üçün xoş keçməyəcəyini dərk edir, hökumətin gələcək barədə verdikləri vədlərin boş və mənasız olduğunu bildiklərindən indidən məyusluq hissi keçirir.
Dövlət rəsmiləri ölkə iqtisadiyyatında 6,9 faiz artım olduğu haqqında car çəkir, Ermənistanda əhalinin “cənnətdə yaşamaları” kimi gülünc ifadələr işlətməkdən belə çəkinmirlər. Əgər doğrudan da ölkə iqtisadiyyatında artım varsa, bəs onda 2010-cu ildə ölkədə yoxsulluğun son həddində yaşayanların sayının artaraq 1 milyon 200 minə çatmasını, ailəsini dolandırmaq naminə hər il yüz minlərlə erməninin Ermənistanı tərk etməsini, kəndlərin getdikcə boşalmasını nə ilə izah etmək olar?

Bu yerdə Molla Nəsrəddinin bir lətifəsini xatırlamamaq olmur. Küftəbozbaş yemək həvəsinə düşən Molla bazardan bir kilo ət alaraq evə aparır və arvadına axşama küftəbozbaş bişirməyi tapşırır. Nəfsini saxlamayan arvad əti bişirib özü yeyir. Axşam evə qayıdan Molla küftəbozbaşdan bir əlamət görməyərək arvadını sorğu-suala tutur. Arvadı vəziyyətdən çıxmaq üçün əti pişiyin yediyini bəhanə gətirir. Molla tənbəllik etməyərək pişiyi tutub tərəzidə çəkir. Pişiyin çəkisinin bir kilo olduğunu görən Molla arvadından soruşur: Bu bir kilo pişikdirsə, bəs ət hanı? Yox ətdirsə, bəs onda pişik hanı?
Doğrudan da Ermənistanda rəsmilərin qeyd etdiyi kimi iqtisadiyyatda 6,9 faiz artım olmuşsa, bəs onda 1 milyon 200 min insanın yoxsulluğun son həddində yaşaması haradandır? Bu qədər insan yoxsulluğun son həddində yaşayırsa, 6,9 faiz artım necə əldə edilmişdir?

Dünya Bankının yüksək vəzifəli iqtisadçısı M.Ersado Ermənistan əhalisinin iki nəfərindən birinin yoxsulluğun son həddində yaşadığını bildirmişdir. O, ölkədə PİB-in səviyyəsinin dünyada həddindən artıq aşağı düşdüyünü bəyan etmişdir. İqtisadçı qeyri-stabil həyatın hökm sürdüyü ölkədə yoxsulluğun son həddində yaşamağa bir dəfəlik son qoymağın yeganə yolunu Ermənistan rəsmilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmaqlarında gördüyünü bildirmişdir.
M. Ersado Ermənistanda yaşayış səviyyəsinin xarici ölkələrdə, o cümlədən Rusiyada çalışan ermənilərin öz ailələrinə göndərdikləri puldan tamamilə asılı olduğunu diqqətə çəkmişdir.

Ölkədə yaranmış ağır və dözülməz vəziyyət uşaq artımına və onların yaşayış tərzinə ciddi təsir etməkdədir. Dövlət Statistika İdarəsi ölkədəki uşaqların 40 faizinin yoxsulluğun son həddində yaşadığını, onların səhiyyə, təhsil və digər ictimai xidmətlərdən məhrum olduqlarını bildirmişdir.

Ölkədə uşaq artımı kəskin şəkildə azalmışdır. Buna səbəb korrupsiyanın tüğyan etdiyi ölkədə işsizliyin baş alıb getməsidir. İqtisadiyyatın iflic vəziyyətinə düşməsi nəticəsində ölkədə zavod və fabriklərin çoxu bağlanmış, minlərlə insan iş yerini itirmişdir.

Ermənistanın dövlət və hökumət başçıları ölkədəki “gözəl həyat” barədə nə qədər səs-küy salsalar da, ölkə Yeni ilə “bu uğurlarla“ qədəm qoymuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO