Dekabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq Yazıçısı Əli Vəliyevin anadan olmasının 110 illiyi qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yazıçının həyat və yaradıcılığına həsr edilmiş videomaterial nümayiş etdirilmiş, Əli Vəliyevlə bağlı böyük söz adamlarının unudulmaz fikirləri səsləndirilmişdir.
Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Aqil Abbas, professorlar Nizaməddin Şəmsizadə, Qulu Məhərrəmli, yazıçı-publisist Flora Xəlilzadə, ədəbiyyatşünas Şirindil Alışanov və başqaları çıxış edərək bildirmişlər ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əli Vəliyev özünəməxsus ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi zənginləşdirən unudulmaz nasirlərdən biri kimi tanınaraq sevilir.
Bildirilmişdir ki, tanınmış nasir, publisist Əli Vəliyev keşməkeşli XX əsrin ilk ilində gözünü dünyaya açmış, həyatın hər üzünü görə-görə mənsub olduğu xalqın səksən illik tarixinin fəal iştirakçısına, bu tarixin bədii salnaməçisinə çevrilmişdir. Qələmi nəsrin bütün janrlarında sınaqdan çıxmış ədibin əsərlərindəki xəlqilik onun təkrarsız şəxsiyyətilə bilavasitə bağlıdır. Əli Vəliyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən bəlkə də ən birincisi həyatilik, xəlqilik, bütün kökləri ilə, bütün varlığı ilə xalqa bağlılıqdır. Uydurma, quraşdırma hadisələr, qeyri-adi əhvalatlar, kitablardan, filmlərdən götürülmüş obrazlar sənətkarın yaradıcılığına yaddır. O, ancaq gördüklərini, duyduqlarını, şahidi olduqlarını yazırdı. Bu söhbətlər o qədər şirin, o qədər inandırıcı, o qədər səmimidir ki, oxucunu qətiyyən yormur, onu real hadisələrin, olmuş əhvalatların coşğun axarına alıb aparır.
Vurğulanmışdır ki, Əli Vəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunmuş, sonralar bu ittifaqda təşkilat katibi, repressiya illərində nəsr bölməsinin rəhbəri və digər vəzifələrdə çalışmışdır. II Dünya müharibəsi illərində sovet ordusunun tərkibində Krım cəbhəsində yazıçı-jurnalist kimi fəaliyyət göstərmişdir. Sonralar “Kommunist” qəzetində çalışan Əli Vəliyev bir müddət bu mətbu orqanının redaktoru işləmişdir.
Əli Vəliyev yazıçı kimi Azərbaycan ədəbiyyatına maraqlı mövzular gətirmiş, nəsrimizi sanballı əsərlərlə zənginləşdirmişdir. O, “Nənəmin cəhrəsi”, “Madarın dastanı”, “Qarlı dağlar”, “Qəhrəman”, “Sovqat”, “Gülşən”, “Çiçəkli”, “Ürək dostları”, “Zamanın ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir”, “Durna qatarı”, “Qarabağda qalan izlər”, “Zəngəzur qartalları”, “İşığa doğru” və oxucular tərəfindən sevilən digər kitabların müəllifidir.
Gecədə çıxış edən natiqlər 1983-cü ildə dünyasını dəyişmiş Əli Vəliyevlə bağlı unudulmaz xatirələrini bölüşmüşlər.
Qeyd edilmişdir ki, Ə.Vəliyevin dünyasını vaxtsız dəyişmiş oğlu Məsud istedadlı tənqidçi idi, ədəbi tənqiddə sərt və obyektiv yazı müəllifi kimi ad qazanmışdı. Nəvəsi Afaq Məsud tanınmış yazıçı və dramaturqdur.
Yubiley mərasimində Ə.Vəliyevin əsərlərindən parçalar səsləndirilmiş, tanınmış xanəndələrin ifasında bir-birindən maraqlı musiqi nümunələri ifa olunmuşdur.
Sonda Əli Vəliyevin ailəsi adından çıxış edən ədibin nəticəsi Leyla Ağayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.