Üç ay əvvəl Rafiq Tağı ilə dərdləşmişdim. Yazmışdım ki, çoxdandı dərdləşməyə adam axtarırdım səni tapdım. Dərdlərimizi sıraya düzmüşdüm, birinci yerdə də Vətən dərdi gəlmişdi. Dərdi sağaltmaq üçün Vətəni dəyişmək, hisdən-pasdan təmizləmək, gözəlləşdirmək lazımdır. Rafiq Tağı deyirdi ki, bunu sevərək, ürək yanğısı ilə, təkamüllə etmək olar. «İnqilabçılıq quldurluq formasıdır, yarımçıqlıq təzahürüdür» deyirdi, çoxları bu fikrinə görə onu təkləmək istəyirdi. Belə məqamda yazı yazdım, qahmar çıxdım. Keşkə ona bıçaq vurulanda da yanında olaydım…
İndi hamı qatil axtarır, ictimai rəydə müxtəlif mülahizələr dövr edir. Hərşeyşünasların şapalaq sifətləri qəzetlərin səhifələrini doldurub. Biri siyahı hazırlayır, o birisi rəng qatır. Hələ kişini torpağa tapşırmamış, insanların ürəyinin göynərtisi səngiməmiş hakimiyyət barmağı axtarırlar. Dəridən-qabıqdan çıxırlar, xəstəhal mülahizələrini əsaslandırmaq üçün özlərini oda-közə vururlar, təki bu barmağın ölçüsünü bir azda böyütsünlər. Adına «Cəhri qaşığı» deyilən bir hüquqşünas hüququ yaddan çıxarıb illah eləyir ki, qoymayın ictimai rəyi İranın əleyhinə çevirməyə çalışırlar, məqsəd dostluğumuza kölgə salmaqdı. Ay avantürist, Azərbaycan nə vaxtdan İranla dost olub? 35 milyon soydaşımızın dilini alıb, zindanlarda çürüdən, Ermənistanı balası kimi əlinin içində saxlayan dövlətdən dost olar? Dünyada hansı dövlət terroru dəstəkləyir? Hansı dövlət «Hizbullah»a pul verir?
Özünü vətəndaş cəmiyyətinin elementi kimi gözə dürtən bu yarımçıq adamlar yazıçının ölümünə də hakimiyyətlə haqq-hesab çəkmək vasitəsi kimi baxırlar. Bəs iki ay bundan qabaq yazırdınız ki, hayıf Rafiq Tağı da iqtidaryönlü oldu! İranın müdafiəsinə qalxan yönsüzlər, elə Rafiq Tağını siz öldürmüsünüz!
Rafiq Tağının itkisi Azərbaycan ədəbiyyatının, cəmiyyətinin, hakimiyyətinin ən böyük itkisidir.
Görünür yazıçının ölümünü rəsmi mətbuat çevrəsinin sükutla qarşılaması, daha ağrılısı, görməzdən gəlməsi belə versiyaların qol-budaq açmasına rəvac verib. Başa düşə bilmədim, heç olmasa Mətbuat Şurasının nekroloqunu verəydiniz. Axı bizim hamımız o qurumun üzvüyük, deməli o başsağlığı da hamımızın adından verilir, nədəndir bu biganəlik? «mışdır», «muşdur» yazlarınızın böyründən barmaq boyda yer ayırıb «Rafiq Tağı vəfat etmişdir» yazsaydınız xəncərinizin qaşı düşəcəkdi? «Ədəbiyyat qəzeti»nin axırıncı sayına baxıram, Mirzə İbrahimova həsr olunub. Allah Mirzə müəllimə rəhmət eləsin, dəyərli şəxsiyyət idi, sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarında, ötən əsrin 50-ci illərində Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin əsas təşəbbüskarı olmuşdu. Amma bu, əsas vermir ki, Azərbaycan dilini bütün incəliklərini, dolanbaclarını özünəməxsus şirinliklə açıb göstərən, Azərbaycan insanın dilinə almağa qorxduğu mətləbləri bu dildə səlis ifadə eləyib, onu cəsarətləndirən, ruhuna ruh qatan Rafiq Tağının qara xəbərinə bir sətir belə yer ayırmayasan. Başsağlığı verməyə Rafiq Tağıdan böyük yazıçı, böyük Azərbaycan sevdalısı haradan tapacaqsınız?
«Kaspi» qəzeti bu hadisələri əvvəldən axıra kimi birinci səhifədən verdi, yazıçının yanına ziyarətə də getdik, çox arzulayırdım ki, şənbə günü «Ədəbiyyat əlavəmizi» götürüb yanına aparım…
Bu gün ən qorxulu tendensiya din faktorunun qapqara rəngdə qabardılması, nifrət və çirkinliklərə bürünmüş tonda insanların başına doldurulmasıdır. «İslama nifrət edirik» yazanların, bunu böyük itkinin təsirindən hissə qapılaraq ağızlarından qaçırdıqları laf olduğunu söyləsəm səmimi səslənməz. Sizi əmin edirəm, onlar səmimi deyillər. Məhz indiki psixoloji gərginlik çağında nə yazdıqlarını çox yaxşı bilirlər, çox yaxşı hesablayırlar. Adama deyən lazım, siz nə vaxtsa müsəlman olmsunuzmu? Baxın, İslama nifrət edənlərin şirəsi haradan gəlir! Dünən hicabı müdafiə edirdin, bu gün islamı söyürsən, nə yaxşı cırıldı tolerantlıq tumanın. Dünənin ateistləri, bu günün islama nifrət edənləri, sabahın nə bilim nələri, bir sözlə buqələmunlar dəstəsi – elə Rafiq Tağının hekayələrinin qəhrəmanları siz deyildinizmi?
Rafiq Tağı elə sağlığında sizin cavabınızı verməyibmi: «Sən, qəzetçi olaraq, söz və mətbuat hüquqlarını pırpız saçların üzərinə qaldırıb da, Azərbaycanı yıxmalı deyilsən. Azərbaycan hüquqlardan üstündür».
Bir daha dərdləşmə mövzusuna qayıdıram. O yazımın sonunda arzulamışdım ki, «sözün qurtarmasın, Rafiq Tağı». İş orasındadır ki, yazıçının ölümündən sonra da sözü qurtarmır, onun dediyi sözün çəkisi şəxsiyyətinin bütövlüyü ilə uzlaşaraq tam səmimiyyətə bürünür və daha sanbalı olar. Sanballı söz zamanının kələ-kötüründən, tozanağından çıxıb daha da güclənir, vətənsevər insanların təfəkküründə daşlaşıb ədəbiyyət qazanır. Rafiq Tağının dediyi söz, toxunduğu mövzular, açdığı polemikalar nə qədər Azərbaycan var həmişə yaşayacaq. Hansısa vətənsizlə mübahisə edəndə Azərbaycanı qorumaq, fikrimizi qüvvətləndirmək üçün sitat gətirəcəyimiz kişilərdən biri də Rafiq Tağı olacaq. Rafiq Tağı Azərbaycan insanın istinad edəcəyi şəxsiyyətdir.
Qoqolun 200 yaşı olanda rus qəzetləri yazırdı ki, ölkədə onun qədər müasir yazıçı yoxdur. Bu o demək deyil ki, Qoqolun əsərləri həmişə aktualdır, xeyr, məsələ ondadır ki, o vaxtdan bəri Rusiya dəyişməz qalıb. O şeylərə ki, böyük yazıçı gülürdü, onlar heç yana getməyib.
Əziz, Rafiq Tağı, bu baxımdan heç nigaran qalma, sən həmişə xatırlanacaqsan, özü də tək sən yox, millət yanğısı ilə canını verən hər kəs. Bir fikrimi yenə təkrar edirəm, o dünyada üç mirzəyə salam deyərsən, Axundova, Məmmədquluzadəyə, bir də Sabirə. Deyərsən ki, heç narahat olmayın, millət siz necə qoyub getmişdinizsə elə də qalıb.