Media qurumlarında Azərbaycana Qarabağ müharibəsindən dəyən maddi və mənəvi zərərin hesablanması ilə bağlı müxtəlif səpkili münasibətlər söylənilir. Ziyalılarımız, ayrı-ayrı rəsmi şəxslər, millət vəkilləri bu istiqamətdə öz fikirlərini səsləndirir, xalqımıza və dövlətimizə dəyən zərərin hesablanma mexanizimi barədə təkliflərini irəli sürürlər.
Qarabağa görə ölkəmizə dəyən mənəvi zərərin təbii ki, miqyası heç nə ilə müqayisə edilə bilməz. Bir azərbaycanlı kimi maraq dairəmizdə olan bu problem bizi də narahat edir. Ona görə də həm bir yazar, həm də Söz Azadlığını Müdafiə Fondunun (SAMF) əməkdaşı olaraq, bu məsələyə öz münasibətimi bildirmək istərdim.. Çünki bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti Yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə SAMF “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsini həyata keçirmiş və bu istiqamətdə bir sıra təhlillər aparmışdır.
Fikrimizcə, Qarabağa görə itkilərimizin hesablanma prosesi bir qədər geciksədə, bu məsələnin indi gündəmə gətirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmək lazımdı.
Düşünürük ki, hesablama prosesində beynəlxalq hesablanma palatalarının təcrübələrindən yaralanmaqla, hər bir məqamın dəqiqliyi ilə hesablanmalı və bütün vasitələrdən istifadə etməklə, dünya ictimaiyyətinə çatdırılmalıdı.
Maraqlıdır, bəs biz bu hesablamalarda nələri hesablaya bilər, nələri bilmərik?!
Zənnimizcə, əgər, bu hesablama prossesinə bütün maraqlı tərflərlə yanaşı, vətəndaş cəmiyyəti də cəlb olunarsa, bütün daşınan və daşınmaz əmlakın hesablanması yəqin ki, elə də çətin olmayacaqdır. Məsələn SAMF-ın layihə çərçivəsində apardığı hesablamaların təxmini cəminə nəzər salsaq, təkcə, Şuşa və Ağdamın turizminin potensialına görə dəyən zərər 2 milyard manat həcmində təşkil edib. Xatırladaq ki, burada söhbət təkcə turizm potensialından gedir. Digər sahələrin, obyektlərin, yaşayış evlərinin və s. o vaxtkı mövcud durumda hesablanması və onun inkişaf tempini də bura əlavə etsək, hansı miqyasda zərərlə üzləşdiyimizin mənzərəsi qismən də olsa bizim üçün aydınlaşar. Bu, öz yerində.
Amma bizim üçün mənəvi zərərin hesablanması daha çox çətinlik yaradır. Elə SAMF-ın araşdırması nəticəsində də məlum olmuşdur ki, beynəlxalq təcrübədə müharibə nəticəsində dəyən mənəvi zərərin hesablanması çox çətindi. Bəs, nə edə bilərik ki, bizə dəyən maddi ziyanla yanaşı, mənəvi zərəri də hesablaya bilək?!
Bu məsələdə, öz milli düşüncəmizdən istifadə edib, arxivləri qaldırıb, 1988-1992-ci illərdə Qarabağda yaşayan ailələrin siyahısına baxmaq, araşdırmaq, müharibədən sonra bir çox nəsli erməni silahlı qüvvələri tərəfindən məhv edilən ailələri müəyyən etməliyik. Bundan əlavə, nəzərə alaq ki, Qarabağda şəhid olan hər bir Azərbaycan oğul və qızından ən azı üç oğul dünyaya gələ bilərdi. Bunun da təbii ki, hazırkı əhali sayında və çağdaş dünya nizamında öz yeri, öz spesifik dəsti-xətti ilə seçiləcək düşüncəmizdə xüsusi rolu ola bilərdi.
Belə bir deyim var: “Bir ziyalı on sıravi insana bərabərdi”. Qarabağ müharibəsi ərəfəsində neçə-neçə ziyalımız bu dərdə dözməyib, dünyasını dəyişdi. Bu gün Qarabağ müharibəsində bizə dəyən maddi dəyərlərin sayı nə qədər olursa-olsun, məncə, həmin ərəfələrdə itirdiyimiz oğul və qızlarımızın, ziyalılarımızın dəyəri hesaba gəlməzdi. Xudu Məmmədovun, Xəlil Rza Ulutürkün, Salatın Əsgərovanın, Çingiz Mustafayevin, Fərman Kərimzadənin, Alı Mustafayevin və digər adlarını çəkmədiklərimizin dəyərini necə hesablaya bilərik?!
Onların dəyərini – əgər, yaşasaydılar Azərbaycana verəcəkləri faydaları hesablaya bilərikmi?! Ümumiyyətlə, bu hesablamaları Qarabağ müharibəsi ərəfəsini əhatə etməklə yox, müharibənin gətirdiyi acı nəticələrin fonunda yaşadığımız indiki günlər də daxil olmaqla hesablamaq gərəkdi. Qarabağ torpaqları işğalda qalmaqla, hər il Azərbaycana dəyən ziyanın faizi də artır. Təsəvvür edək ki, təkcə bir milyon məcburi köçkünün burada yerləşdirilməsi, onların yaşayış mənzilləri ilə təmin olunması dövlətimizə nə qədər ziyan vurmuşdu.
Bu üzdən də hesablamaya kompleks şəkildə yanaşılmalıdır. Unutmamalıyıq ki, 20 ildə itkilərimizin sırasında yuxarıda sadaladığımız can itkiləri də xüsusi yer tutur. Bu hesablanmalar zamanı yaxşı olar ki, Qarabağ uğrunda şəhidlərin, qazilərin, başsız qalan ailələrin siyahısı da tərtib olunsun, hesablanması mümkün olmayan dəyər kimi ümumi itkilərin sırasına əlavə olunaraq, dünya ictimaiyyətinə təqdim edilsin.
Bütün bu prosesslər yuxarıda da qeyd etdiyimiz kimi beynəlxalq təcrübəyə əsaslanmalı, müəyyən standartlar əsasında, obyektiv şəkildə aparılmalıdır ki, sabah hər bir şeyi saxta adlandıran Ermənistanın bu hesablamanın da yanlış olduğu barədə öz təbliğatını aparmasına səbəb qalmasın.
Bu hesablamaların indidən başlamasının və dəqiq, qərəzsiz şəkildə aparılmasının başqa bir tərəfi də var. Bu gün Azərbaycan dünyaya öz torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu bəyan etməklə yanaşı, ona dəyən maddi və mənəvi zərəri də rəqəmlərin dili ilə əyani şəkildə göstərməlidir. Bununla ermənilərin işğalçı olmaqla yanaşı, həm də talançılıq və terror siyasəti yürütdükləri də bir daha bəlli olacaq.