Beynəlxalq Mətbuat İnstitutu Rafiq Tağının qətli ilə bağlı açıqlama yayıb

Tanınmış yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsini dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutu (BMİ) pisləyib. Nüfuzlu qurum hadisə ilə bağlı açıqlama yayıb. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.

Onun sözlərinə görə, açıqlamada BMİ-nin mətbuat azadlığı üzrə meneceri Antoni Milz bu qətli pisləyib. A.Milz R.Tağının yazılarına görə qətlə yetirildiyini düşündüyünü, amma bunun arxasında konkret İranın dayanması ilə bağlı hər hansı bir fakta malik olmadıqlarını deyib: “Biz bu qətli qətiyyətlə pisləyirik. Hələlik bu qətlin arxasında kimin durduğunu bilmirik, əlimizdə bununla bağlı konkret bir fakt yoxdur. Azərbaycan hakimiyyətini tezliklə bu cinayətin iştirakçılarının tapılması üçün bütün mümkün addımları atmağa çağırırıq. BMİ Azərbaycanda jurnalistlərə qarşı törədilən cinayət faktlarının açılmamasından, cinayətkarların cəzalanmamasından çox narahatdır. Çünki cəzasızıq şəraiti jurnalistlərə qarşı təhlükəni daha da artırır. Biz Rafiq Tağının ailəsinə, yaxınlarına və Azərbaycandakı həmkarlarımıza baş sağlığı veririk!”

BMİ-nin baş ofisindən yayılan açıqlamada qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun da fikirləri yer alıb: “Mən Rafiq Tağının ölüm xəbərini eşidəndə dərhal özüm onun müalicə olunduğu xəstəxanaya getdim. Baş verən hadisə ilə yerindəcə maraqlandım. BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri onun dəfnində iştirak etdilər. Mən Rafiqin bu qətlindən çox kədərlənmişəm. Necə də kədərlənməyim, həmkarım-jurnalist vəhşicəsinə qətlə yetirilib. Mən də səsimi qaldırıb onun öldürülməsinə etiraz edirəm. Tezliklə bu qətli törədənlərin tapılmasını, onların ədalət məhkəməsi qarşısında durmasını istəyirəm.”

Açıqlamada R.Tağının İranla bağlı yazdıqları, 2006-cı ildə isə həbs olunması da xatırladılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO