Azərbaycanda jurnalistlər üçün evlərin tikilməsi məqsədilə aparılan sənədləşmə işləri artıq başa çatıb. SİA-nın xəbərinə görə, bunu Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib. O həmçinin xatırladıb ki, evlərin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb və evin inşası üçün Bibiheybətdə yer müəyyənləşib.
“Artıq bütün sənədləşdirmə işləri başa çatıb. Fövqəladə Hallar Nazirliyi evin tikintisi üçün müsbət rey verilib və sənədlər KİVDF-yə təqdim edilib.Qəzetlərdə satınalmaların keçirilməsi ilə əlaqədar elan vermişik. Bunula da evi tikəcək şirkət müəyyənləşdiriləcək. Mən bu münasibətlə jurnalistləri təbrik edirəm”, – V.Səfərli deyib.
KİVDF-nin icraçı direktoru həmçinin vurğulayıb ki, fond Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə jurnalistlər üçün yazı müsabiqəsi elan edəcək. Onun sözlərinə görə, müsabiqə gələn həftə elan olunacaq və burada Nərimanov rayonu ilə bağlı yazılar qəbul ediləcək.